Ekspert : "Ötən ayın ikinci yarısından qiymət artımları müşahidə edilir"

25.02.2019 13:10
337
Ekspert : "Ötən ayın ikinci yarısından qiymət artımları müşahidə edilir"

Ötən ayın ikinci yarısından müşahidə edilən qiymət artımları son günlər daha da intensivləşib. Apardığımız monitorinqlər göstərir ki, həm ərzaq, həm da bir sıra qeyri-ərzaq məhsullarının qiymətlərində artım müşahidə edilir. Qiymət artımları idxal edilən məhsullar ilə yanaşı yerli mallarda da qeydə alınmaqdadır.


Ekspress.az xəbər verir ki, bu açıqlamanı İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov öz facebook səhifəsində paylaşıb.


Onun fikrincə, qiymət artımlarının səbəbi bir neçədir. Bayramov hesab edir ki, Vergi Məcəlləsinə dəyişiklik bunun əsas səbəblərindən biridir:


"Təhlillərimiz göstərir ki, Vergi Məcəlləsinə edilən dəyişiklik nəticəsində ticarət fəaliyyətinin sadələşdirilmiş vergi sistemindən çıxarılması və uçotunun aparılması ticarət obyektlərinin xərcinin artmasına səbəb olub. Belə ki, əvvəllər dövriyyədən cəmi 6 faiz vergi ödəyən ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri bu il yanvarın 1-dən etibarən bu imkandan yararlana bilmirlər. Bu isə onların xərcinin yüksəlməsinə və qiymət artımlarına səbəb olub".


Ekspertin fikrincə ikinci səbəb ölkəyə idxal edilən bir sıra məhsullara o cümlədən tütün məhsullarına, alkoqollu içkilərə və avtomobillərə daha yüksək aksiz vergisinin tətbiq edilməsidir:


"Öncədə qeyd etdiyimiz kimi, idxal edilən məhsullara tətbiq edilən aksiz vergilərinin mütəmadı yüksəldilməsi arzuolunan deyil və bu qiymət artımlarına səbəb olur. Digər tərəfdən, son minimum əmək haqqı və pensiya artımları ilə bağlı qərarlardan da, çox təəssüf ki, bəzi sahibkarlar psixoloji faktor kimi istifadə edərək qiymət artımlarına gediblər".


Bayramov deyir ki, İqtisadi Nazirliyi tərəfindən istehlak bazarında monitorinqlərin aparılması daha məqsədəuyğun olardı:


"Həmçinin, artıq sadələşdirilmiş vergi subyekti olmayan ticarət

fəaliyyəti həyata keçirilən sahibkarlıq subyektləri üçün də yeni güzəştlərin tətbiq edilməsin ehtiyac var. Əks halda uçot sistemi onların xərclərinin artmasına səbəb olur ki, bu da qiymət artımları deməkdir. Gələn ay Novruz bayramını qeyd edəcəyimizi nəzərə aldıqda ərzaq məhsullarının qiymətinin azaldılması üçün hökumət tərəfindən bazar iqtisadiyyatı qaydaları çərçivəsində qiymətlərinə optimallaşdırılmasına çalışması çox vacibdir. Hökumət ticarət ilə məşğul olanların xərclərinin azaldılmasına çalışmaqla qiymət artımlarının qarşısını almağa çalışmalıdır".


Ekspress.az

Açar sözlər: