Azərbaycanda yeni alma sortu yaradılıb

09.04.2019 20:33
122
Azərbaycanda yeni alma sortu yaradılıb


Aqrar Elm və İnnovasiya Mərkəzinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yeni elmi nəticə əldə olunub. Alimlər tərəfindən qışlıq “Qırmızı Cibir x Əyyubi” sortlarının tozlandırılmasından yeni sort alınıb.


Yeni sort “Sədəf” adlandırılıb. “Sədəf” qışlıq sortdur. Ağacı orta boylu, çətiri tərs piramida formasındadır. Hündürboylu calaqaltı üzərində 4-5 yaşında, vegetativ yolla artırılan calaqaltılar üzərində isə 2-3 yaşında məhsul verməyə başlayır. Sortun orta məhsuldarlığı hektardan 280-350 sentner təşkil edir.


Meyvəsinin orta kütləsi 155-170 qram olub, əsas rəngi sarımtıl-qırmızı, örtücü rəngi al qırmızı, ləti sarımtıl və şirəli, tamı turş-şirindir. Süfrə və sənaye əhəmiyyətlidir. Dequstasiya qiyməti 5 bal olan “Sədəf” qışlıq sortunu adi otaq şəraitində mart ayına kimi saxlamaq mümkündür. Tərkibində 9,5 faiz quru maddə, 8,3 faiz şəkər, 0,51 faiz turşuluq, 5,41 mq/% “C” vitamini var. Xəstəlik və zərərvericilərə qarşı davamlıdır. Tozlayıcı sortları “Qolden Delişes” və “Starkrimson” sortlarıdır.


İntensiv və superintensiv tipli meyvə bağlarının əkilməsi üçün yararlı sortlardan biri hesab olunur.



Ekspress.az

  • SON XƏBƏR
  • TREND