Ötən il Neft Fondunun aktivlərdən gəliri minimuma düşüb

04.03.2019 12:07
140
Ötən il Neft Fondunun aktivlərdən gəliri minimuma düşüb

Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin 54,3 faizi ABŞ dollarında saxlanılır. Ekspress.az Fonda istinadən xəbər verir ki, Neft Fondunun 2019-cu ilin yanvarın 1-də 38,5 milyard dollar dəyərində aktivi olub. Aktivlərin 34,4 faizi avro, 4,6 faizi ingilis funt sterlinqi, 1,5 faizi yapon yeni, 1,3 faizi çin yuanı ilə saxlanılır. Vəsaitlərin 3,9 faizi digər valyutalarda sərmayə edilib.

 

Ümumilikdə istiqraz və pul baratları şəklində aktivlərin 76,5 faizi sərmayə olunub. Aktivlərin 12,8 faizi səhmlər, 5,3 faizi daşınmaz əmlak, 5,4 faizi qızıl şəklindədir.


Ötən ilin sonuna olan məlumata əsasən, Fondun 2,08 milyard dollar dəyərində qızılı, bundan bir qədər az dəyərdə daşınmaz əmlakı var.

 

ARDNF-nin istiqrazlar və pul bazarı alətləri portfelinin yerləşdirilmə müddəti üzrə təsnifati müxtəlifdir. İstiqrazlar və pul bazarı alətləri portfelinin 28,5 faizi bir ilə qədər olan müddətə 45 faizi 1 ildən 3 ilə qədər olan müddətə, 12,2 faizi 3-5 ilə qədər olan müddətə yerləşdirilib. Beş ildən artıq müddətə yerləşdirilənlər istiqrazların 14,3 faizini təşkil edir.


Neft Fondu aktivlərinin 37,05 faizini Avropada saxlayır. Vəsaitin 28,71 faizini Asiya Sakit Okean regionunda,  23,1 faizi Şimali Amerikada, 2,64 faizi Avstraliyada, 0,79 faizi Yaxın Şərqdə, 0,06 faizi Cənubi Amerikada investisiya olunub.


Fondun aktivləri üzrə gəlirlilik 0,35 faiz təşkil edib. O cümlədən istiqrazlar və pul baratları üzrə gəlirlilik 0,68 faiz, səhmlər üzrə 0,54 faiz, olub. Daşınmaz əmlak üzrə isə ötən il Fond 0,87 faiz zərər edib.


2018-ci ildə qeydə alınan gəlirlilik göstəricisi 2009-cu ildən bəri ən aşağı gəlirlilikdir. Fond aktivlərdən ən yüksək gəlirliliyi 2009-cu ildə əldə edib. Həmin ildə Fondun aktivlərin idarəedilməsindən gəliri 3,29 faiz olub.  

 

Vasif

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND