“Xoruz piri” deyilən yer: orada xoruz şəklini öpürdülər - Hacı Surxay

18.10.2019 09:22
69
 “Xoruz piri” deyilən yer: orada xoruz şəklini öpürdülər - Hacı Surxay

Son dövrlər sosial şəbəkələrdə pirlər və qəbirstanlıqda ölü üstündə mübahisə edən mollalarla bağlı videolar yayılmaqdadır. Təbii ki, bu cür hallar din xadimlərinə qarşı inamı və etibarı azladır. 


Bununla bağlı İçərişəhər Cümə məscidinin axundu, ilahiyyat elmlər doktoru, professor Hacı Surxay Məmmədli bildirib ki, bu gün bəzi problemlər inancın düzgün formalaşmamasından qaynaqlanır: “Mən bir dəfə insanların “Xoruz piri” adlandırdığı yerdə oldum. Orada bir neçə xoruz şəkili və daşlar qoyulmuşdu. İnsanlar orada xoruzları öpürdülər. İnsanların dediyinə görə orada bir seyid yaşayıb. O, xoruzu tutub və başına sığal çəkib. Mən onlara başa salmağa çalışdım ki, kişi 10 il öncə ölüb, xoruzu da kəsib yeyiblər. Sadəcə bəzi işbazlar insanların inancından istifadə edib pul qazanmağa çalışırlar. Allah “Qurani Kərim”də buyurur ki, mənə vasitələrlə yaxınlaşın. Bu gün Azərbaycanda “Bibiheybət”, “Rəhimə xanım”, “Həkimə xanım”, “Mir Mövsüm ağa”, “İmamzadə” kimi sınanmış mötəbər pirlərimiz var. Onlar həqiqətən imamlarımızın balalarıdır. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra dağılmış “Bibiheybət”məscidini bərpa etdirdi. Ulu Öndər anlayırdı ki, o, 5-ci imamın qızı, İmam Rzanın bacısıdır. O, mühacirdir, Azərbaycana gəlib. Sual oluna bilinər ki, o yerlərin möcüzəsi nədən ibarətdir? Zamanında Xurşidbanu Nətəvan, Quba şahı “Bibiheybət”dən övlad alıb gediblər. Mən də sadaladığım müqəddəs pirlərə gedərək deyirəm ki, “İlahi, sənə and verirəm Mir Mövsüm ağanın cəddinə, Həkimə xanımın babasının xətrinə mənim bir xəstəliyim var onu müalicə et”. İstədiyimi də alıram. Çünki o yerlər sınanıb. Şəkili qucaqlayib, öpmək insanı xurafata, cahilliyə aparıb çıxarır. Burada İslamdan söhbət gedə bilməz. Adi bir şəkili qucaqlamaq absurddur. Kəbbədə qara daşı ( Həcərül Əsvəd) biz öpürük. Çünki o daşı Allah göndərib”. 


Hacı Surxay Məmmədli bildirib ki, Xoruz, Qaloş kimi saxta pirlər sadəcə işbazların qazanc yerləridir: “Bir nəfərin qaloşu insanların başına sürtülməsi biabırçılıqdır. Ən önəmlisi naməhrəm kişinin qadının saçına əl vurması haramdır.Çünki “Qurani Kərim”də buyrulur ki, qadınların naməhrəm kişilərlə görüşməsi günahdır. Naməhrəm kişinin qadının saçına əl vurması onun izzətini aradan qaldırar. Bəlkədə orada bir seyidin qəbri var. O seyidin ruhu o insanlar nifrin edəcək. Çünki onlar “Qurani Kərim”də buyrulanlara zidd hərəkət edirlər. Bu yolverilməzdir”.


Hacı Surxay Məmmədli vurğulayıb ki, qəbirstanlıqda ölü üstündə dava edənlər molla deyil:

“Molla dolğun, savadlı deməkdir. Təəssüf ki, bu gün elə insanlar var ki, zamanında başqa vəzifələrdə işləyib. Onlar işdən çıxandan sonra saqqal saxlayıb, başlarına papaq qoyub ölü götürməyə başlayırlar. Qafqaz Müsəlmanlar İdarəsi bu insanlara qarşıdır. 15 ilə yaxındır ki, Qafqaz Müsəlmanlar İdarəsində Elmi Attestasiya Komissiyası fəaliyyət göstərir. İcmalar Dini İşlər üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçir. İcmadan birini din xadimi təyin edirlər. Qafqaz Müsəlmanlar İdarəsində Elmi Attestasiya Komissiyası onları imtahan edir. Din xadimi olmaq istəyən şəxslər “Qurani Kərimi” düzgün oxunmalı, ərəb dilini bilməli və ümumi əxlaq elimindən xəbərdar olmalıdırlar. Kamil şəkildə biliyi olan şəxslərə axund və ya imam kimi dini rütbələr verillir.


Qəbirstanlıqlarda olan saxta mollalarla biz mübarizə aparırıq. Hesab edirəm ki, yaxın gələcəkdə saxta mollalar barəsində bir qərar qəbul ediləcək”. (big)


Ekspress.az