Azərbaycandan Rusiya XİN-ə cavab

30.11.2018 18:00
45
Azərbaycandan Rusiya XİN-ə cavab

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya XİN-nin qondarma Dağlıq Qarabağ rejiminin lideri Bako Saakyanın Moskvaya səfəri ilə bağlı verdiyi açıqlamaya reaksiya verib. 


Cavabda deyilir:


"Rusiyanın Xarici İşlər Nazirliyinin şərhinin məntiqi ilə, Bako Saakyan sanki Azərbaycanın işğal olunmuş ərazilərində gücdən istifadə və etnik təmizləmənin aparılması nəticəsində yaradılan qeyri-qanuni qurumun sözdə “rəhbəri” qismində görüşlər keçirdiyi Moskvaya deyil, Baykal gölünə istirahətə gedib. Şərhdə bildirilir ki, bu səfər "Rusiya qanunvericiliyinə, yaxud mövcud beynəlxalq müqavilələrə və ya Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik missiyasına zidd deyil".


Yenə də xatırlatmaq istərdik ki, 1997-ci ildə imzalanmış Azərbaycan ilə Rusiya arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilənin 5-ci maddəsində açıq şəkildə qeyd edilir: "Tərəflər separatçı hərəkatları dəstəkləməməyi öhdələrinə götürür və digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş ayrı-ayrı şəxslərin fəaliyyətini qadağan edir və qarşısını alır".


Bu baxımdan Rusiya Konstitusiyasının 15-ci maddəsinin 4-cü bəndini qeyd etmək məqsədəuyğun olardı: "Beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri və normaları və Rusiya Federasiyasının bağladığı beynəlxalq müqavilələr onun hüquqi sisteminin ayrılmaz hissəsidir. Əgər Rusiyanın bağladığı beynəlxalq müqavilələr qanunla nəzərdə tutulmuş qaydalardan fərqli müddəaları müəyyənləşdirirsə, o zaman beynəlxalq müqavilənin qaydaları tətbiq edilir".


Rusiyanın vasitəçilik missiyasına gəldikdə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatını müəyyən edən sənəddə aydın şəkildə deyilir: "Həmsədrlər öz fəaliyyətində ATƏT-in prinsipləri və normaları, BMT Nizamnaməsi, ATƏT forumlarının qərarları, o cümlədən 1992-ci il martın 24-də Nazirlər Şurasının qərarı, xüsusilə Budapeşt Sammitinin qərarı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutacaqdır".


Həmçinin, sual əmələ gəlir – əgər bu həqiqətən Azərbaycan ərazisindən olan bir şəxsin Rusiyaya "şəxsi" səfəridirsə, ona Rusiyanın dövlət sərhədindən keçmək üçün müvafiq, ilk növbədə mənşə ölkəsinin – Azərbaycanın qanunvericiliyinə uyğun verilmiş etibarlı sənədin təqdim edilməsi ilə bağlı tələblər tətbiq olunubmu?"


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND