Kanada azərbaycanlılarının diaspor fəaliyyəti

05.09.2018 10:55
804
Kanada azərbaycanlılarının diaspor fəaliyyəti


 

Azərbaycanlıların Kanadaya kütləvi mühacirəti 1940-cı illərdən sonra baş verib. Bu baxımdan da soydaşlarımız əsasən Kanadanın Ontario, Ottava, Monreal, Kvebek və digər şəhərlərində məskunlaşıblar.


Azərbaycan müstəqillik əldə etdikdən sonra Kanada azərbaycanlılarının fəaliyyətində canlanma baş verdi ki, bunun nəticəsində də 1989-90-cı illərdə Şimali Azərbaycandan Kanadaya mühacirət prosesinin güclənməsi diasporumuzun daha da formalaşmasına şərait yaratdı. Azərbaycan diasporunun məlumatına görə, hazırda Kanadada 275 min azərbaycanlı yaşayır. Onlardan 100 mini İran azərbaycanlıları, 50 mini Kanadada anadan olmuş azərbaycanlılar, təqribən 125 mini isə başqa ölkələrdən gəlmiş azərbaycanlılardır.


Ekspertlər bildirirlər ki, Kanadada yaşayan azərbaycanlıların əksəriyyətini cənublular və türkiyəli azərbaycanlılar təşkil edir. Ümumiyyətlə isə azərbaycanlılar Kanadada 1992-ci ildən etibarən təbliğat işinə diqqət yetirməyə başlayıblar.


Kanadada fəaliyyət göstərən diaspor təşkilatlarından biri Alberta Azərbaycan Mədəniyyət Mərkəzidir. 2006-cı ildə təsis edilən mərkəz Kanada Azərbaycan Təşkilatları Assambleyasının üzvüdür. Mədəniyyət Mərkəzinin məlumatına görə, əsas məqsəd Kanada və Azərbaycan icmaları arasında körpü rolunu oynamaq, bu ölkədə Azərbaycan mədəniyyəti, tarixi və ənənələrini yaşadaraq təbliğ etmək, eyni zamanda, Kanada mədəniyyəti, ənənələr və həyat tərzini öyrənməkdir. Artıq Alberta Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən müxtəlif araşdırmalar aparılır və müvafiq layihələr həyata keçirilir. Mərkəz müxtəlif yerli təşkilatlarla, insan haqları, ekoloji təşkilatlarla sıx əməkdaşlıq edir.


Digər bir diaspor təşkilatı Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyasıdır. Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyası 2007-ci ilin yanvarında bir sıra diaspor təşkilatları tərəfindən təsis edilib. Assosiasiyada Kanadanın müxtəlif yerlərində fəaliyyət göstərən 10 diaspor təşkilatı təmsil olunur. Assosiasiya fəaliyyətini Kanadada Azərbaycan həqiqətlərinin yayılması, ölkəmiz barədə dolğun təsəvvürün formalaşdırılması istiqamətində qurub. Assosiasiya, eyni zamanda Azərbaycan cəmiyyətlərinin fəaliyyətlərini koordinasiya edir, bundan başqa, Kanadada təhsil alan azərbaycanlı tələbələrə də xüsusi diqqət ayırır. Burada isə məqsəd soydaşlarımıza kömək etmək, istedadlı gəncləri üzə çıxarmaq, həmin gənclərin ictimai işlərdə yaxından iştirakını təmin etməkdən ibarətdir. Kanadada Azərbaycan həqiqətlərinin yayılması məqsədilə Assosiasiya tərəfindən bu ölkənin universitetlərində konfranslar keçirilir, tələbə cəmiyyətlərinin təşkilatcılığı ilə aksiyalar təşkil olunur.


Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri İlham Axundov bildirir ki, Azərbaycanın tarixində müəyyən əlamətdar hadisələrlə bağlı tədbirlər yalnız təşkilat deyil, məhz müxtəlif cəmiyyətləri birləşdirən assambleya tərəfindən keçirilir: “Kanadada fəaliyyət göstərən 10-a yaxın təşkilat Kanada Azərbaycan Təşkilatları Assosiasiyasına daxildir. Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası da müxtəlif tipli tədbirləri olur və ayrı-ayrı təşkilatlar olaraq həmin tədbirlərdə yaxından iştirak edirik. Azərbaycanın tarixində olan əlamətdar günlərin hamısı Kanada-Azərbaycan Əməkdaşlıq Assambleyasının təşkilatçılığı ilə qeyd olunur. Eləcə də 20 Yanvar hadisələri, Xocalı faciəsi, 31 Mart azərbaycanlıların soyqırım günü ilə aləqadar hər il Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası tərəfindən tədbirlər keçirilir. Bundan başqa, təşkilatlar arasında əldə edilmiş razılaşma əsasında etiraz əlaməti olaraq yürüşlər, aksiyalar təşkil edilir. Bütün bu tədbirlərin keçirilməsi Kanada-Azərbaycan Əməkdaşlıq Assambleyasının illik iş planında öz əksini tapır. Ümumiyyətlə ayrı-ayrılıqda fəaliyyət göstərən hər bir təşkilatın özünün ayrıca iş planı var ki, həmin iş planına uyğun olaraq da müxtəlif tədbirlər keçirilir. Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyası daha çox xeyriyyə aksiyaları və elm, təhsil sahəsində əməkdaşlığa üstünlük verir. Elm-təhsillə bağlı assosiasiyanın çox geniş planları var. Qarşılıqlı şəkildə həyata keçirdiyimiz səfərlərin nəticəsi olaraq Azərbaycandan onlarla tələbə Vatterbo Universitetinə gəlib. Bu işi davam etdirmək istəyirik. Qarşıdakı illərdə bu göstəricinin daha da artırılmasını planlaşdırırıq. Ölkənin xarici siyasəti ilə diaspora işinə gəlincə, əlbəttə ki, bir-biri ilə təcrid oluna bilməz. Onlar vahid mövqedən çıxış etməlidirlər. Yəni Xarici İşlər Nazirliyi də diaspora ilə məşğul olan təşkilatlarla sıx əməkdaşlıq etməlidir. Kanadada bu məsələ öz müsbət həllini tapıb. Bu ölkədəki diaspor təşkilatları ilə Azərbaycan səfirliyi yaxından əməkdaşlıq edir”.

Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri qeyd edir ki, diaspor lobbiçilik fəaliyyətinə keçmək üçün bir sıra vacib məqamlara diqqət yetirməlidir: “İlk növbədə istənilən ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları həmin ölkələrin kütləvi informasiya vasitələri ilə sıx əlaqə yaratmalıdır. Qarşımıza qoyduğumuz məqsədi həyata keçirmək üçün kütləvi-informasiya vasitələrinin imkanlarından yararlanmaq lazımdır. Ancaq çox təəssüf ki, bunu etmək çox vaxt bizə nəsib olmur. Ancaq Azərbaycanla bağlı materialları dərc etmək arzusunda olan mətbu orqanlar da var. Biz hər vasitə ilə kütləvi-informasiya vasitələri ilə əlaqələr yaradıb həmin mətbu orqanlarda Azərbaycanla bağlı materialları dərc etmək istəyirik”.


İ.Axundov Kanadadakı erməni diasporu və onların Azərbaycan diasporuna təzyiq etmə imkanlarından da söhbət açaraq bildirib ki, Kanadada erməni diasporunun çox böyük rolu və təsiri var: “Hər hansı bir kütləvi informasiya vasitəsində Azərbaycanla bağlı material dərc edilərkən erməni diasporu tərəfindən həmin mətbu orqanın təsisçisi, redaktorlarına güclü təzyiqlər edilir. Nəticə etibarilə həmin mətbu orqanlarda müəyyən tərəddüdlər yaranır. Bu cür hallarla dəfələrlə rastlaşmışıq. Ona görə də biz lobbiçiliyi gücləndirməliyik. Yəni, biz Kanadada işimizi, fəaliyyətimizi elə qurmalıyıq ki, ətrafımıza bizi yaxından tanıyan, Azərbaycana rəğbət bəsləyən, bizə köməklik göstərən adamlar cəlb edə bilək. Əgər köməklik olmasa, bu işləri həyata keçirmək çox çətindir. Təbii ki, bu istiqamətdə çətinliklərlə üzləşirik. Bununla yanaşı biz başqa vasitələrdən də istifadə edirik. Mütəmadi olaraq millət vəkillərinə, digər rəsmi dairələrə məktublar ünvanlayır, Azərbaycan barədə, Dağlıq Qarabağ problemi, Ermənistanın ölkəmizə qarşı təcavüzü haqqında onlara ətraflı məlumat çatdırırıq. Artıq Kanadanın siyasi dairələri Azərbaycan həqiqətləri, ölkədə baş verən proseslər, Dağlıq Qarabağ problemi barədə məlumatlıdırlar” (“olaylar.az”).


Kanadada fəaliyyət göstərən digər bir diaspor təşkilatı Kanada Azərbaycan Təşkilatları Federasiyasıdır. 2005-ci il aprel ayının 16-da Kanadanın Toronto şəhərində Kanada-Azərbaycan əməkdaşlıq Assosiasiyası, Azərbaycan Təhsil və Mədəniyyət Mərkəzi, Kanada Azərbaycan Qadınları Assosiasiyası, Azərbaycan-Kanada Dostluq Cəmiyyəti, Kvebek Azərbaycanlıları Assosiasiyası, Ontario Azərbaycanlıları Cəmiyyəti, Kanada Azərbaycan Alyansının iştirakı ilə Azərbaycan təşkilatları Federasiyasının keçirilən ilk təsis konfransında Kanada Azərbaycan Təşkilatları Federasiyasının yaradılmasının əhəmiyyətindən, məqsədlərindən danışılıb və Azərbaycan diaspor quruculuğu problemlərinin həlli istiqamətində atılacaq addımların səmərəliliyini təmin etmək üçün Kanadadakı cəmiyyətlərin vahid bir mərkəzdən fəaliyyət göstərməsinin vacibliyi vurğulanıb. Konfrans iştirakçıları yeni yaranan Federasiyanın Kanadadakı Azərbaycan diasporunun getdikcə güclənməsində, təşkilatlanmasında və beləliklə də cəmiyyətlərin fəaliyyətinin pərakəndəliyinə son qoyulmasında, Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə düzgün çatdırılmasında mühüm rol oynayacağını bildiriblər (anl.az).

Kanadada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndəsi, Kanada Türk Dərnəkləri və Cəmiyyətləri Federasiyasının İdarə Heyətinin üzvü Haqan Turan qeyd edir ki, əvvəlki illərlə müqayisədə Kanadadakı Azərbaycan diaspor təşkilatları daha yaxşı fəaliyyət göstərir, türk diaspor təşkilatları ilə sıx əməkdaşlıq çərçivəsində işləyirlər: “İdarə heyətinin üzvü olduğum Federasiyada bütün dünya türkləri birləşib və həmin təşkilatda Azərbaycan da təmsil olunur. Kanadada olan bütün türk cəmiyyətləri Azərbaycanın, Türkiyənin və Federasiyada təmsil olunan digər dövlətlərin taleyüklü məsələlərində bir mövqedən çıxış edə, güclü mövqe ortaya qoya bilirlər. Azərbaycan həqiqətlərinin Kanada cəmiyyətinə çatdırılması istiqamətində əlimizdən gələni edirik, müxtəlif tədbirlər keçiririk. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Kanadada da ciddi tədbirlər həyata keçirilir. Misal üçün, aprel döyüşləri zamanı Azərbaycan Ordusuna dəstək adı altında Torontonun mərkəzində möhtəşəm bir mitinq keçirdik. Təbii ki, Xocalı soyqırımının ildönümündə müxtəlif tədbirlər keçiririk”.


Onun sözlərinə görə, bütün bu məsələlərdə Kanadada olan bütün türk diaspor təşkilatları Azərbaycanla bir yerdə olur (“Trend”). “Kanadada Xocalı soyqırımının tanınması ilə bağlı parlamentə də müraciətlər olunub. Sadəcə koordinasiya məsələsində müəyyən problemlər var. Kanadada olan azərbaycanlılar kompakt şəkildə yaşamır. Tutaq ki, Torontoda və onun ətrafında 50 azərbaycanlı var, lakin onlar kompakt şəkildə bir ərazidə yaşamır, Torontonun müxtəlif bölgələrində yaşayırlar. Ona görə də bu amil siyasi mübarizəmizə mane olur. Çalışırıq ki, koordinasiya işini daha yaxşı təşkil edək ki, bu cür problemlər aradan qalxsın. Əlbəttə ki, gələcək fəaliyyətimiz bugünkündən daha yaxşı olmalıdır. Düzü, hazırda diasporumuzun fəaliyyəti biz istəyən səviyyədə deyil, ancaq 10 il bundan öncə ilə müqayisədə çox ciddi addımlar atılıb, çox müsbət işlər görülüb”.


H.Turan onu da deyib ki, bundan sonra da bir sıra addımlar atılmalıdır. “10 il bundan əvvəl ermənilər azərbaycanlıların və türklərin Kanadada yaşamaq hüququ almasına qarşı Kanadanın miqrasiya idarələrinin qarşısında piketlər, aksiyalar keçirirdilər. Ancaq vəziyyət getdikcə dəyişir. Artıq türk milləti Kanadada güclənir”.


Son olaraq qeyd edək ki, Kanada Azərbaycan Dərnəkləri Federasiyasının (KADF) təşəbbüsü ilə bu ölkədə “AzCan TV” adlı Azərbaycan televiziyası açılıb (AZƏRTAC). KADF və “Rogers TV” arasında bağlanmış müqaviləyə əsasən, “AzCan TV” sentyabrın 1-dən başlayaraq ilkin mərhələdə həftədə 1 saat olaraq bu yerli televiziyanın nəzdində fəaliyyət göstərəcək. KADF-in prezidenti Əkbər Məcidov bildirib ki, “AzCan TV” Kanada və Azərbaycan arasında körpü rolunu oynamaqla yanaşı, həm buradakı həmvətənlərimizin səsi, həm də mədəniyyətimizin və milli varlığımızın Kanadada yaşadılması üçün bir vasitə olacaqdır: “İnanırıq ki, “AzCan TV” xalqımızın və ölkəmizin daha çox tanıdılmasına böyük töhfələr verəcək”.


Rəşid RƏŞAD

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 

  • SON XƏBƏR
  • TREND