Bakıda çökən yol nə vaxt açılacaq?

04.01.2019 13:22
304
Bakıda çökən yol nə vaxt açılacaq?

Bakının Nobel prospektində yolun çökməsi ilə bağlı təmir və araşdırma işləri davam etdirilir.


Ekspress.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hazırda ərazidə “Azərsu”yun sukanal idarəsinin əməkdaşları qrunt sularının kollektora axmasının qarşısını almaq üçün işlər həyata keçirirlər. Eyni zamanda, işə özəl şirkət də cəlb olunub. Həmin şirkətin mütəxəssisləri georadar işlərini həyata keçirirlər. Mütəxəssislər yerin 28-30 metr dərinliyində qrunt sularının səviyyəsi, axıntı gücü və digər halları öyrənmək üçün tədqiqat aparırlar.


“Azərsu”yun mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, təxminən yanvarın 6-da Bakı Sukanal İdarəsinin işçiləri təmir işlərini başa çatdıracaqlar: “Ondan sonra georadar sistemi ilə həyata keçirilən tədqiqatların nəticələrini gözləyəcəyik. Nəticələr bəlli olduqdan sonra ona uyğun addımlar atılacaq. Buna görə də yolun həmin hissəsinin nə zaman istifadəyə veriləcəyi ilə bağlı indidən bir tarix demək mümkün deyil”.


“Azərsu”yun kollektorları yolun 4-cü zolağında yerləşir, çuxur isə 3-cü zolaqda əmələ gəlmişdi. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi artıq həmin çuxuru dolduraraq yolu asfaltlayıb.