"Dünyada ən az mütailəsi olan toplumlardan biriyik" - Fazil Mustafa

11.02.2019 12:31
97
"Dünyada ən az mütailəsi olan toplumlardan biriyik" - Fazil Mustafa

"Türkiyədə kitab və jurnalların üzərindən əlavə dəyər vergisinin götürülməsinin bircə hədəfi var: toplumu oxumağa, kitab və tərcümə nəşrlərini genişləndirməyə həvəsləndirmək. Azərbaycanda da tərəddüdsüz bu addım atılmalıdır".


Ekspress.az xəbər verir ki, bu barədə saytımıza açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib.


"Bu məsələni bir neçə dəfə Milli Məclisdə qaldırmışam, indi də faydalı nümunə yarandığına görə təkrar mövzunu gündəmə gətirəcəyəm. Fikrimcə, dövlət siqaretdən, spirtli içkidən istədiyi qədər gəlir götürə bilər, çünki hər ikisi zərərli, faydasız və xəstəlik mənbəyidir. Canının dəyərini bilməyənlər bəlkə pulunun dəyərini anlayıb bu məhsullara boğazlarından kəsib vəsait xərcləməsinlər. Ancaq dünyada ən az mütailəsi olan toplumlardan biri olduğumuza görə kitab və jurnallara əlavə dəyər vergisi şamil olunmamalıdır. Nəşriyyatlarımızı gücləndirmək, tərcümə sektorunda sağlam rəqabət yaratmaq lazımdır ki, dünyadakı tərəqqini anında izləməmiz mümkün olsun", - deyə deputat bildirib.


Fazil Mustafa qeyd edib ki, son vaxtlar Bakıda yaxşı dizayn olunmuş kitab mağazalarının açılması bizləri sevindirməyə bilməz: "Ancaq Azərbaycanın Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Quba digər böyük şəhərlərində hələ də beynəlxalq standartlara uyğun kitab mağazaları yoxdur. Kitabxanalarımızın da durumu ürəkaçan deyil. Kitabı vergidən azad etmək, Azərbaycanda kitaba dönüş, mütailəyə vərdiş hərəkatını başlada bilər. Bu qərar Türkiyənin gələcəyi üçün olduqca müsbət nəticələr vəd edir, bizdə nədən olmasın? Bizi gələcək düşündürmürmü?"

  • SON XƏBƏR
  • TREND