Gürcüstanda azərbaycanlı əsgəri döyənlər tutuldu

15.03.2019 21:47
240
Gürcüstanda azərbaycanlı əsgəri döyənlər tutuldu

Gürcüstan hərbi hissələrin birində azərbaycanlı əsgərin döyülməsinə görə Gürcüstan Müdafiə Nazirliyi Müdafiə Qüvvələrinin Hərbi Polisi iki nəfəri saxlayıb.


Ekspress.az "ONA"ya istinadla xəbər verir ki, onlar əsgər Kazım Qəhramanova qarşı fiziki zorakılıq və qəsbkarlıq faktı ilə bağlı saxlanılıblar.

 

Məlumata görə, həbs Tbilisi Şəhər Məhkəməsinin qərarı əsasında verilib. Yaxın saatlarda onlara qarşı ittiham irəli sürüləcəyi gözlənilir. Bu haqda məlumatı Müdafiə Nazirliyi yayıb. Yayılan məlumatda o da bildirilir ki, hərbi polis tərəfindən saxlanılan şəxslər vəzifəli şəxslər deyil, onlar da sıravi əsgərlərdir. Baş verən insident sıravi əsgərlər arasında baş verib.

 

Xatırladaq ki, “Krtsanisi” Təlim Mərkəzində məcburi hərbi xidmətdə olan 5 aylıq sıravi əsgər Kazım Qəhrəmanov martın 9-da Krtsanisi hərbi hissəsində döyülüb. Hərbi Polis azərbaycanlı əsgərin döyülməsi ilə bağlı 2 nəfəri saxlayıb. Saxlanılan şəxslərin K.Qurbanovla yanaşı, digər əsgərlərə də fiziki təzyiq göstərərək pul tələb etdikləri müəyyən olunub.