Futbolçu Mahir Mədətov atasının soyadından imtina etdi - SƏBƏB

30.04.2019 16:57
755
Futbolçu Mahir Mədətov atasının soyadından imtina etdi - SƏBƏB

Şou-biznesin məşhur cütlüyü prodüser Anar və Elnurə Mədətovlar ayrılıb. 


Ekspress.az xəbər verir ki, bir müddətdir ayrı yaşayan cütlük boşanma ərizəsini məhkəməyə təqdim edib. Maraqlı məqam isə odur ki, Anar hələ rəsmi boşanma olmamışdan əvvəl evlənməyə hazırlaşır. 


A.Mədətov uzun müddətdir Samirə adlı xanımla sevgilidir. Prodüser vizajist sevgilisi ilə evlənməyə hazırlaşır. Hətta ötən gün onların xına mərasimi də baş tutub. 


Valideynlərinin ayrılması onların övladlarını da sarsıdıb. Keçmiş cütlüyün futbolçu oğlu Mahir Mədətov buna görə atası ilə danışmır. O, hətta boşanma məsələsindən sonra atasının soyadından imtina edib, anasının soyadına keçmək istəyir.

 

Prodüser Anar Mədətov məsələ ilə bağlı "qafqazinfo"ya açıqlama verib. O deyib ki, şəxsi həyatının gündəmə gətirilməsini istəmir:


"Həyatdır, hər şey ola bilər. Heç kəs insanın şəxsi həyatına qarışa bilməz. Düzdür? Sayt məlumatı yayıb, mən də vəkilə müraciət edəcəm. Ailə məsələsidir. Kiminsə övladını ac qoymuşam, kiminsə arvadına sataşmışam, pislik etmişəm? Bu mənim həyatımdır, özüm bilərəm”. 


Prodüserin futbolçu oğlu Mahir isə instaqram səhifəsində soyadını dəyişdirərək "Əmrəli” qoyub. O, hətta hesabında ailəsindəki son vəziyyətlə bağlı aforizm paylaşıb:


"Bir atanın uşaqlarına edəcəyi ən böyük yaxşılıq onların analarını sevməyidir”. 


Bundan əlavə, futbolçu atası ilə fotolarını da instaqram səhifəsindən silib.

 

Qeyd edək ki, Elnurə Mədətova da əvvəl prodüser kimi fəaliyyət göstərirdi. Hazırda isə o, məşhur mağazalardan birinin rəhbəridir.


Ekspress.az