Lombardlar manatla bir il müddətinə qədər kredit verə biləcək

22.06.2019 18:46
152
Lombardlar manatla bir il müddətinə qədər kredit verə biləcək

Azərbaycanda lombardlar milli valyuta ilə bir ildən artıq olmayan müddətə kredit verə biləcək.


Bu barədə yeni hazırlanan "Lombardlar haqqında" qanun layihəsinin 10-cu maddəsində (kredit müqaviləsi) bildirilib.


Sənəddə qeyd edilib ki, kredit müqaviləsi bu Qanuna və Mülki Məcəlləyə uyğun olaraq, lombardın girov qoyana girov bileti verməsi ilə rəsmiləşdirilir. Kredit müqaviləsi üzrə öhdəliklərini tam icra edən müştərinin sonradan əşyanı yenidən girov qoyması yeni girov bileti rəsmiləşdirilməklə həyata keçirilir (APA).


Lombard tərəfindən kreditlər Azərbaycan Respublikasının milli valyutasında on iki aydan artıq olmayan müddətə verilir.


Layihədə həmçinin qeyd edilib ki, lombard tərəfindən təminatsız kredit verilə bilməz. 


Yeni Qanun layihəsi birinci oxunuşda Milli Məclisin növbədənkənar xüsusi sessiyasının iyunun 27- i və 28-i keçiriləcək plenar iclaslarında müzakirə ediləcək.


Ekspress.az