ADB-nin maliyyə və risklər üzrə vitse-prezidenti ilk dəfə Bakıya gələcək


15.05.2019 19:22
160
ADB-nin maliyyə və risklər üzrə vitse-prezidenti ilk dəfə Bakıya gələcək

Mayın 21-də Bakıda keçiriləcək Asiya İnkişaf Bankının (ADB) Dövlət Borclarının İdarəedilməsinə dair Regional Forumunda iştirak etmək üçün ADB-nin maliyyə və risk menecmenti üzrə vitse-prezidenti İnqrid van Vees Azərbaycana gələcək.


Ekspress.az -ın məlumatına görə, ADB rəsmisinin mayın 20-dən 22-dək davam edəcək Azərbaycana ilk səfəri çərçivəsində dövlət və özəl qurumlarda, o cümlədən maliyyə təşkilatları və hüquqi şirkətlərdə bir sıra görüşlər keçiriləcək.


Qeyd edək ki, Asiya – Sakit okean regionunun 40 ölkəsinin nümayəndələrinin iştirak edəcəkləri Forumda dövlət borclarının idarəedilməsinə dair mövcud təcrübələr ətrafında müzakirələr aparılacaq.


Son illər neft qiymətlərinin dəyişkənliyi və bununla bağlı dövlət gəlirlərinin azalması xarici valyutada borclanma məsələsində yeni yanaşmanı labüd edir. Bununla bağlı 2018-ci ilin avqust ayında hökumətin təsdiq etdiyi “Azərbaycan Respuublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiya” qarşıdakı dövr ərzində yalnız bəzi öncül layihələr üçün dövlət zəmanətli kreditlərin cəlb ediləcəyini nəzərdə tutur.


Sənədə görə ölkənin xarici borcu 2017-ci ildəki ÜDM-in 22,8 faizinə qarşı 2026-cı ilədək 12 faiz təşkil edəcək. 2019-cu ilin 1 yanvar tarixinə olan vəziyyətə görə Azərbaycanın birbaşa zəmanətli xarici borcunun həcmi 8927,1 milyon dollar, yəni ÜDM-in 19 faizi qədərdir. Bu məbləğin 4997,7 milyon dolları (56 faizi) hökumətin cəlb etdiyi kreditlərin, 3157,9 milyon dolları (35,4 faizi) xarici valyutada dövlət qiymətli kağızlarının, 771,5 milyon dolları (8,6 faizi) xarici dövlət borcu qismindəki şərti öhdəliklərin payına düşür.

Asiya İnkişaf Bankı Azərbaycana 2003-cü ildə 30-dan artıq layihəni həyata keçirmək üçün məcmu dəyəri 4 milyard dollardan çox kreditlər ayırıb. Bankın ayırdığı texniki yardımların isə həcmi 30 milyon dollara yaxındır (report).


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND