Nəqliyyatda sürücü problemi

04.12.2018 10:58
75
Nəqliyyatda sürücü problemi

Sürücülər daşıyıcılar tərəfindən əmək qanunvericiliyinə uyğun idarə olunmur

 

Bakıda ictimai nəqliyyatda ən böyük problemlərdən biri sürücülərlə bağlıdır. Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistləri Birliyinin BNA-ya təşkil etdiyi media tur zamanı deyib.


Onun sözlərinə görə, hazırda çox ciddi sürücü problemi var: “Orta hesabla 1 sürücü 8 saat işləməlidir. Bu, hər avtobus üçün 2.5, 2.7 əmsalında dəyişir. Ancaq daşıyıcılar bu qaydaya əməl etmirlər. Sürücü çatışmazlığı var”.


Kərimli bildirib ki, sürücülər daşıyıcılar tərəfindən əmək qanunvericiliyinə uyğun idarə olunmur: “Onlar səhər saat 6-dan axşama qədər sükan arxasında olurlar. Sürücülər fiziki olaraq yorulurlar”.

Yol hərəkəti qaydaları və təhlükəsizliyi üzrə ekspert Azər Allahverənovun “Ekspress”ə dediyinə görə, bu gün Bakı şəhərində 40-dan çox avtobus şirkətləri var ki, onlar avtobusda sərnişindaşınma xidmətlərini həyata keçirirlər. “Amma o şirkətlərin yalnız 10-da onların istehsalat bazaları var. İstehsalat bazaları - qarajlarının olması, təmir sahələrinin mövcudluğu, kifayət qədər kadr potensialıdır, tibbi nəzarət məntəqəsidir. Müxtəlif məsələlər burada öz əksini tapır. Amma bunlarla yanaşı, yaxşı olardı ki, hər bir şirkətin özünün tədris mərkəzi olsun.

Şirkətlərin əksəriyyətinin tədris mərkəzi yoxdur. Deməli, sürücü hazırlamaq imkanları da məhduddur. Sürücü qıtlığının aradan qaldırılmasının vacib şərti bu kimi tədris mərkəzlərinin yaradılmasıdır”.


Allahverənov qeyd edib ki, avtobus sürücülərinə gün ərzində 6 saat işləmək tövsiyə olunur: “Amma onlar səhərdən-axşama qədər işləyirlər. Bunun da müxtəlif səbəbləri var. Növbəli iş rejiminin olmaması şirkətlərin məsrəflərə qənaət etmək istəyi ilə də bağlı ola bilər. Bir marşrut üçün üçnövbəli iş tətbiq olunursa, bunun üçün üç sürücü cəlb olunmalıdır və onların maaşı verilməlidir. Bir sürücünün iş saatını uzadaraq yalnız ikinövbəli iş tətbiq edirlərsə, sürücülərə veriləcək məvacibləri və bununla bağlı digər ödənişlərin həcmini azaltmış olurlar”.


Həmsöhbətimizin sözlərinə görə, bir sürücü 4, maksimum 5 saat işləməlidir: “Çünki beynəlxalq təcrübədə avtobuslarda sürücülərin iş saatı 4 saatdan artıq deyil. Bizdə 6 saat göstərilirsə, bəzi hallarda 8 saat, hətta daha uzunmüddətli iş rejimi tətbiq olunur. Şirkətlər bunu həm də onunla əsaslandırırlar ki, sürücü qıtlığı var. Ona görə belə etmək məcburiyyətindəyik. Sürücülərin uzun müddət növbəsini dəyişməməsinin digər səbəbi avtobusun saylarının az olmasıdır. Daha çox sürücünün olmasına lüzum yoxdur. Çünki istismara, xəttə verilən avtobusların sayı onsuz da azdır. Əlavə avtobuslar gətirməklə əlavə sürücüləri bu prosesə cəlb edə bilərik”.


Təhlükəsiz Yol Alyansının koordinatoru Şahin Camalov “Ekspress”ə bildirib ki, Azərbaycanda ictimai nəqliyyatda sürücü qıtlığının yaranması birinci növbədə sürücülərin iş rejimləri və onların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qaydaların mövcud olmaması və yaxud bu qaydalara riayət edilməməsi ilə bağlıdır: “İkinci növbədə bir-iki şirkət sürücülərə aylıq maaş versə də, digər şirkətlər əmək haqqı vermir, sürücülərə qazandıqları məbləğdən müəyyən faiz verir, sürücülərin şirkətə təqdim etməli olduğu gündəlik normaları - “planı” olur, o “plan” verilməlidir ki, gəlirlərini ala bilsinlər. Sürücülərin normal iş şəraitinin olmaması kadrların bu sahəyə marağının azalmasına səbəb olur. İş rejimi də çox ağırdır. Avtobus sürücüləri ən azı günün 7-8 saatını, bəlkə də daha çox sükan arxasında əyləşirlər. Bu qədər uzun müddət avtobusu idarə etmək çətindir və daha az adam avtobus sürücüsü işləmək istəyir”.


Ş.Camalov qeyd edib ki, sürücülərin iş rejiminin tənzimlənməsinə ehtiyac var: “Sürücüləri normadan çox işlətmək həm onların səhhəti ilə bağlı problemlərə, əsəblərinin pozulmasına gətirib çıxarır, həm də sərnişinlərin həyatı risk altında qalır”.


Camalovun sözlərinə görə, bu günə qədər, təəssüf ki, ictimai nəqliyyatda sürücü işləmək üçün hər hansı bir iş elanlarının verildiyinə rast gəlməyib: “Sürücü qıtlığıdırsa, iş elanlarının olmaması maraq doğurur. Bu sahədə də şəffaflığın təmin olunması vacibdir. Kimlərsə bu sahədə tanışlardan, qohumlardan istifadə etməklə idarə etməyə çalışırlar. Əslində belə olmamalıdır. Əsəbləri yerində olan, müəyyən parametrlərə cavab verən, vəsiqəsi həmin kateqoriya nəqliyyat vasitələrini idarə etməyə imkan verən şəxlərin sürücülük sahəsində olan vakansiyalara əlçatımlığı olmalıdır ki, şirkətlərə müraciət edib işə düzələ bilsinlər. Sürücülərin səhərdən axşama qədər işləməsinin kökündə sürücü qıtlığı və avtobus şirkətlərinin daha çox qazanc əldə etmək arzuları dayanır”.

  • SON XƏBƏR
  • TREND