Hirkan qoruğu yandırılıb? - Rəsmi açıqlama


21.08.2019 14:00
116
Hirkan qoruğu yandırılıb? - Rəsmi açıqlama

Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub.


Ekspress.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.


FHN-in Aviasiya dəstəsinin iki helikopteri də yanğının söndürülməsində iştirak edir.


Xatırladaq ki, avqustun 20-də saat 14:00-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hirkan Milli Parkının Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Mürəkkəb relyefli dağlıq ərazidə quru ot, kol-kos və seyrək ağaclıq yanır.


Yanğının söndürülməsinə FHN-in Aviasiya Dəstəsinin təyyarə və helikopterləri ilə yanaşı, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.


Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.


***


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yanğının ətrafa yayılmasının qarşısı alınıb, lakin mürəkkəb relyefli dağlıq ərazinin bəzi yüksək hissələrində tüstülənmə müşahidə olunur.


Hazırda tüstülənən sahələrin tam söndürülməsi istiqamətində işlər aparılır. ETSN yanğının söndürülməsində yaxından iştirak edən hər kəsə təşəkkür edib.


***

Hazırda Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları, FHN-nin aviasiya dəstəsinin iki helikopteri və bir təyyarəsi havadan suçiləmə vasitəsilə yanğının söndürülməsində iştirak edirlər. Yanğının söndürülməsində mümkün olan bütün vasitələrdən istifadə olunur. Biz artıq yanğını çərçivəyə almışıq və ümid edirik ki, yaxın zamanlarda yanğının söndürülməsinə nail olacağıq.


Bunu jurnalistlərə açıqlamasında Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib.


Qaraşov yanğının ümumilikdə 10 hektar sahənin daxilində talalar şəklində 5 hektar əraziyə yayıldığını bildirib:


“Təəssüf ki, insanlar təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmir və yarana biləcək fəsadları hesablamırlar. Fikirləşmirlər ki, belə məsuliyyətsiz addımların nəticəsində hektarlarla meşə örtüyü məhv olur.


Başvermə səbəbinə gəldikdə isə yenə də insan faktorunun üzərində dayanırıq və əhaliyə bir daha müraciət edirik ki, təbiət qoynunda olarkən odla ehtiyatlı davransınlar, meşə sahələrinə, qoruqlara, milli parkların ərazilərinə daxil olarkən yanğın hadisələrinin törədilməsinə yol verməsinlər, yanğına səbəb olacaq hərəkətlərdən çəkinsinlər.


Milli parklar, qoruqlar və meşə sahələri ilə sərhəddə yerləşən kənd sakinlərindən xahiş edirik ki, belə hallara rast gəldikdə dərhal meşə mühafizə işçilərinə xəbər versinlər və onlar özləri də bu yanğınların tez bir zamanda söndürülməsində iştirak etsinlər”. (axar)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND