Sabah “Qarabağ”ın rəqibləri müəyyənləşəcək

17.06.2019 12:39
138
Sabah “Qarabağ”ın rəqibləri müəyyənləşəcək

Sabah Çempionlar Liqasında 2019/20 mövsümünün ilk iki təsnifat mərhələsinin püşkü atılacaq.


Püşkatma İsveçrənin Nyon şəhərində keçiriləcək.


UEFA-nın mənzil qərargahındakı tədbirdə 43 komanda iştirak edəcək. Azərbaycan çempionu “Qarabağ”ın da rəqibləri bəlli olacaq.


Qurban Qurbanovun yetirmələri öncə I təsnifat mərhələsindəki rəqibini tanıyacaq. Ardınca isə təmsilçimizin yer aldığı cütün qalibi növbəti raundda qarşılaşa biləcəyi iki komandanın kimliyini biləcək.


Tədbir I təsnifat mərhələsinin püşkü ilə başlayacaq. 31 klub və ilkin mərhələnin qalibi 16 cütlük təşkil edəcək. İlkin mərhələdə mübarizə aparacaq 4 komanda iştirakçılardan biri üçün potensial rəqibə çevriləcək.


Bu mərhələdə səpələnmişlər sırasında olan “Qarabağ”ın nisbətən zəif rəqiblə duel gözləyir. Ağdam klubu ümumilikdə 19 komanda ilə üz-üzə gələ bilər. Bunlar səpələnməmiş 15 komanda, həmçinin ilkin mərhələnin iştirakçılarıdır. Ermənistan “Pünik”i isə çempionumuza rəqib ola bilməz. I təsnifat mərhələsinin oyunları iyulun 9-10-da və 16-17-də keçiriləcək. 


Ardınca II təsnifat mərhələsinin püşkü atılacaq. Püşkatma iki hissədən ibarət olacaq. Qeyri-çempionlar yolunda mübarizəyə başlayacaq 4 komanda iki cütlük təşkil edəcək.


Çempionlar yolunda da 4 klub bu raunddan mübarizəyə start verəcək. Püşkə bu “dördlük” və əvvəlki raundun 16 cütlüyü qatılacaqlar. “Qarabağ”ın yer aldığı cütlük səpələnmişlərdən olacaq. Bu mərhələnin matçları iyulun 23-24 və 30-31-də keçiriləcək.


Çempionlar Liqası


I təsnifat mərhələsi


Səpələnmişlər: 


"Seltik" (Şotlandiya), BATE (Belarus), "Astana" (Qazaxıstan), "Lüdoqorets" (Bolqarıstan), "Qarabağ" (Azərbaycan), "Maribor" (Sloveniya), "Srvena Zvezda" (Serbiya), "Şerif" (Moldova), "Rusenborq" (Norveç), HİK (Finlandiya), "Dundalk" (İrlandiya), "Düdelanj" (Lüksemburq), "Şkendiya" (Makedoniya), TNS (Uels), "Slovan" (Slovakiya), AIK (İsveç)


Səpələnməmişlər:


"Suduva" (Litva), "Valletta" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Pyast" (Polşa), "Pünik" (Ermənistan), ÇFR (Kluj, Rumıniya), "Ferensvaroş" (Macarstan), "Nomme Kalyu" (Estoniya), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya), "Valyur" (İslandiya), "Linfild" (Şimali İrlandiya), "HB Torshavn" (Farer adaları), "Riqa" (Latviya), "Saburtalo" (Gürcüstan), ilkin mərhələnin qalibi

 

II təsnifat mərhələsi Çempionlar yolu


Səpələnmişlər: 


"Kopenhagen" (Danimarka), "Dinamo" (Xorvatiya), APOEL (Kipr), I təsnifat mərhələsinin 7 qalibi

Səpələnməmişlər: "Makkabi" (Təl-Əviv, İsrail), I təsnifat mərhələsinin 9 qalibi

 

II təsnifat mərhələsi


Qeyri-çempionlar yolu


Səpələnmişlər: 


"Bazel" (İsveçrə), "Olimpiakos" (Yunanıstan)

Səpələnməmişlər: PSV (Hollandiya), "Viktoriya" (Çexiya)

 

Qeyd edək ki, ilkin mərhələnin iyunun 25-dəki yarımfinalında “Feronikeli” (Kosovo) - “Linkoln” (Cəbəllütariq) və "Tre Penne" (San-Marino) - “Santa Koloma” (Andorra) cütləri görüşəcək. Kosovonun Priştina şəhərindəki turnirin finalı isə ayın 28-də baş tutacaq.


Ekspress.az