Paralimpiyaçılarımız Dünya Kubokunda ikinci qızıl medalı qazanıblar - RƏY


28.04.2019 14:13
252
Paralimpiyaçılarımız Dünya Kubokunda ikinci qızıl medalı qazanıblar - RƏY

Azərbaycanın Pauerliftinq idman növü üzrə Paralimpiya Milli Komandasının üzvü Elşən Hüseynov Macarıstanın Eger şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.


Ekspress.az xəbər verir ki, 107 kiloqrama qədər çəki dərəcəsində yarışan idmançımız 225 kiloqram çəkini qaldıraraq fəxri kürsünün birinci pilləsinə yiyələnib.


Eyni çəki dərəcəsində ikinci yeri 198 kiloqramlıq çəki ilə Birləşmiş Ərəb Əmirliklərindən olan idmançı Albaloşi Ahmed Xamis qazanıb. Üçüncü yerə isə 185 kiloqram çəki ilə gürcüstanlı idmançı Laqo Qorqodze layiq görülüb.


Xatırladaq ki, bir neçə gün öncə eyni yarışda 49 kiloqram çəki dərəcəsində yarışan idmançımız Pərvin Məmmədov qızıl medala layiq görülmüşdü.


Bu gün isə 97 kiloqrama qədər çəki dərəcəsində yarışan idmançımız Nurlan Babacanov 195 kiloqram çəkini qaldıraraq fəxri kürsünün üçüncü pilləsinə yiyələnib.


Bu qələbə ilə Elşən Hüseynov, Pərvin Məmmədov və Nurlan Babacanov "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını artırıblar

Yarışlar davam edir. Bu gün digər idmançı Şamo Aslanov da yarışlarda debüt edəcək.


***

Üzgüçülük üzrə Azərbaycanın Paralimpiya Milli Komandasının üzvü Roman Saleh Birləşmiş Krallığın Qlazqo şəhərində keçirilən dünya seriyasında qızıl medal qazanıb.

"Report" xəbər verir ki, idmançımız 100 metr məsafəni 1.00.61 dəqiqə ərzində qət edərək bütün rəqiblərini geridə qoyub.


Beləliklə, Dünya Seriyasının fəxri kürsüsündə ən yüksək yeri tutub.


Beynəlxalq Paralimpiya Komitəsinin üzgüçülük üzrə Dünya Seriyası aprelin 29-a qədər davam edəcək. Yarışlarda ölkəmizi Könül Süleymanova, Raman Saleh, Vəli İsrafilov və Şamil Şahov təmsil edir. Bu yarış sentyabrda Londonda keçiriləcək dünya çempionatına minimal təsnifat xalı qazandırır.


Ekspress.az