• 14 °C Bakı
  • 12 °C Quba
  • 18 °C Gəncə
  • 15 °C Yevlax
  • 11 °C Naxçıvan

Məzlum Məsum

06.02.2019 02:56
275
Məzlum Məsum

Məsumu yenə "yuxarılar"a çağırmışdılar. Əhvalı pərişan idi. Öz-özünə "Görən indi nə deyəcəklər?” – deyə düşünürdü...


Hava isti idi, günəş yuxarıdan adamın başını deşirdi. Tər Məsumun kürəyindən üzü aşağı axırdı. Bu istidə avtobus dayanacağına gedənə kimi hələ çox tər axacaqdı ondan, hələ bir də "yuxarılar"da "tərlətsə”lər halı lap dözülməz olacaq.


Qəribə adamdı Məsum, anadan olandan, adı qoyulandan bu günə kimi işləri də qəribə gedib. Ancaq bir şey vardı ki, işlərinin qəribə getməsində çox vaxt özü deyil, başqaları səbəbkar olub. Məsələn, Məsum anadan olanda atası onun adını Məsud qoymaq istəmişdi, ancaq məmurun səhvi ucbatından adını Məsum yazmışdılar. Beləcə ilk dəfə onda məmurlar onu Məsud olmağa qoymamışdılar. Həyatda üzü çox az gülmüşdü Məsumun. Bir dəfə isə Məsum hədsiz dərəcədə çox sevinmişdi, yaxın bir dostu ona bir restoran bağışlamışdı və Məsum bundan çox məsud olmuşdu. Elə buna görə də restoranının adını "Məsud Məsum” qoymuşdu. Ancaq onun taleyinə əzəldən məsud olmaq yazılmayıbmış. Başlanğıcda işləri əla gedirdi. Yaxınlıqda bir neçə restoran var idi, çoxdan işləyirdilər. İşləri də pis getmirdi. Ancaq Məsum əla kababçı idi deyə kabab həvəskarları yavaş-yavaş yığışdılar onu restoranına. Bu isə yaxınlıqdakı restoran sahiblərinə xoş gəlmədi, onların sahibləri də, deyilənlərə görə, "yuxarılarda” idi.


Bir gün Məsumu çağırdılar "yuxarılar"a ki, lüləni duzlu edirsən, bir lülə bişirdiyini görməyək. Bir gün çağırdılar tikən də çox duzsuz olur, onu da bişirmə. Sonradan davam etdilər ki, balıqla camaatı zəhərləyərsən, o biri elə, bu biri belə. Məsum nə qədər dedi ki, a kişilər, balıq köhnə olanda adamı zəhərləyər. Təzə balığın isə adama xeyri var, zehni açır. Bəs bunları bişirməsəm mənim restoranıma kim gələr? Niyə gəlsinlər? Dedilər ki, satmayacaqsan, vəssalam. Qaldı zehin açmağa, sənəmi qalıb millətin zehnini açmaq? Bir sözlə, Məsum qaldı ancaq göy qutabının, kartof püresinin və digər belə şeylərin ümidinə ki, ətrafda demək olar ki, hamı göy qutabı, püre satırdı, balaca kafelər belə. Bu minvalla kababçı Məsumun məsudluğu yenə əlindən alındı, müştəriləri azaldı. Günlərlə oturub sadəcə gününü yola verir, ancaq evinəçörək pulu qazana bilirdi...


... Avtobus gəlib dayanacaqda dayandı, hamı kimi Məsum da birtəhər özünü dürtdü içəri. Tərin iyindən içəridə durmaq mümkün deyildi. Məsumu itələyib sıxdılar bir tərəfə. Məsum oturacqda oturmuş iki gəncin başı üstündə dayanmalı oldu. Gənclərin söhbəti diqqətini çəkdi:


- Gördün də, qərar verdilər ki, filan (qəzetlərin adlarını sayır) qəzetlərə yardımları saxladılar. Bəhanə da odur ki, tiraj azdır, satış az olur və.s.

- Ə bunlara nə deyəsən. Qəzetlərə "onu yazma,” "bunu yazma” deyirlər, hamı eyni şeyi yazır. Bir qəzetə baxsan hamısına baxmış kimisən, daha başqa qəzeti niyə alasan? Sonra da deyirlər ki, qəzetlər maraqsızdır, oxuyan yoxdur və.s. Neyləsin bəs bu qəzet çıxardanlar. Gündə eyni yeməyi yesən bezməsən?..


Məsum daha söhbətin davamını eşitmədi, dinləyəcək halı qalmamışdı. Necə də onun restoaranının hekayətinə oxşayırdı bu qəzet söhbəti. İnsanlar əlbətdə ki, eyni şeyi yeməkdən bezərlər. İnsanlara nə qədər kartof əzməsi, göy qutabı yedizdirmək olar? Qəzetlər də onun kimi, "onu yazma,” "bunu yazma” deyilirsə, bütün qəzetlər eyni mövzuda yazırlarsa kim oxuacaq o qəzetləri? Sonra da deyirlər ki, qəzeti bağla, tirajın azdır... Birdən də öz-özünə "Sənə nə e bu qəzet məsələsindən? Hələ gör səni niyə çağırıblar” – dedi. Sonra isə düşündü ki, yaxşı, bəs bu qəzetlər çıxmasa qutabların altına nə sərəcək? Qutabı boş ver, unu nəyin üstünə ələyəcək? Zibili nəyin üstünə yığıb atacaq? Manqalın altını nəylə qalayacaq? Eh, nə manqal? Manqal qalamağa imkan verdilər ki, manqaı da qalayaq?


Məsum elə bunları fikirləşirdi ki, mənzil başına çatdığını gördü. Birtəhər özündən qabadakılara "düşmürsənsə yol ver də” deyə-deyə avtobusdan düşdü. Xülasə, gəlib çıxdı "yuxarıların” binasına, daxil oldu "yuxarıdakı” adamın kabinetinə. "Yuxarıdakı” adam

Məsumu görən kimi:


- A Məsum, necəsən? Qutablar necə gedir? Bilirəm, yenə deyəcəksən ki, ətrafda hamı qutab satır da, qutab alan yoxdur. Uzatmayacam, Məsum, restoranı işlədə bilmirsən.

Müştərin yoxdur.


Məsum ağzını açıb: "Necə müştərim olsun e. Onu satma, bunu satma deyirsiniz” – demək istəyirdi ki, "yuxarıdakı” adam buna imkan vermədi:


- Gəlsən o restoranıbağla, sat bizə. Pulverimsənə, get olməsudvəbaşqaişləməşğulol, yaşa da özkefində. Bu işlərsənlikdeyil…


Söhbətləri çox da uzun çəkmədi. Ağıllı adam idi Məsum. Anladı ki, kimə, hara şikayət edəcəksə xeyri olmayacaq. Restoranını satmaqdan başqa edə biləcəyi bir şey yoxdur. Vaxtilə müştəri ilə dolub-daşan restoranında indi ancaq milçək vızıltısı eşidilir. Odur ki, restoranı satmağa razılaşıb binadan çıxdı. Öz-özünə "Eh, Məsum, səni bir türlü məsud olmağa qoymadılar. Anadan olandan sənə məsud olmaq qismət deyilmiş, adını belə düz yazmayıblar. Bir restoranın vardı ki, adını Məsud qoymuşdun, özün də məsud idin, onu da əlindən aldılar” – dedi və "Məsum-Məsud,” "Məsud Məsum” deyə-deyə yoluna davam etdi və bunları o qədər tez-tez təkrar etdi ki, az qala yanıltmaca bənəzdi və sözlər qatışdı bir-birinə "Məsud Məsum,” "Məsum məsud,” "Məşum Məsum,” "Məzlum Məsum”...