MİDA-dan alınan sosial evlər kirayə bazarına çıxarılıb - FOTO


17.05.2019 14:42
101
MİDA-dan alınan sosial evlər kirayə bazarına çıxarılıb - FOTO

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində güzəştli şərtlərlə satılan sosial evlər kirayə bazarına çıxarılıb.


Ekspress.az -ın məlumatına görə, elan saytlarının birində bununla bağlı elan yer alıb.

Həmin mənzilin kirayələnməsində vasitəçi olan Maqsud adlı şəxs “Report”un əməkdaşı ilə söhbətində mənzilə, elan saytına yerləşdirildiyi gün (mayın 13-ü) müştəri tapıldığını bildirib.


Onun sözlərinə görə, Yasamal rayonunda “ASAN xidmət”in arxasında MİDA-dan alınan 10 mərtəbəli binanın 6-cı mərtəbəsində ümumi sahəsi 80 kv.m. olan 3 otaqlı mənzil kirayənişinə aylıq 400 manata verilib:


“Həmin ev kirayəyə verilib. Amma məndə belə evlər olur. Mən sadəcə olaraq bu evlərin kirayəsini həyata keçirirəm. Bununla bağlı gələcəkdə problem yaranıb-yaranmayacağını bilmirəm. Əgər MİDA-dan alınan evin kirayəyə verilməsi qanunsuzdursa, buna görə məsuliyyəti mən yox, ev sahibi daşımalıdır. Əgər, məndə belə evlərdən yenə olarsa, təqdim edəcəm”.


“Report”un əməkdaşı məsələ ilə əlaqədar MİDA-ya da müraciət edib. Agentlikdən bildirilib ki, yalnız sorğu göndərildikdən sonra cavab verə bilərlər.


Qeyd edək ki, MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində güzəştli şərtlərlə satılacaq 1 654 mənzildən 430-nu artıq vətəndaşlar əldə edib. 


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND