Qanımız tökülmədən, qurban verilmədən ötüşmək olmazdımı?

20.01.2019 13:31
256
Qanımız tökülmədən, qurban verilmədən ötüşmək olmazdımı?

Ekspress.az xalq şairi Sabir Rüstəmxanlının 29 il öncə 20 Yanvar faciəsindən sonra qələmə aldığı yazını təqdim edir:



AND YERİMİZ


Hamımızı sarsıdan, bir aydan artıq gözümüzün yaşını qurumağa qoymayan 20 yanvar fəlakətindən sonra dilimdən qopan ilk söz budur!


İlk müraciətim də, verə biləcəyim ilk təsəlli və təskinlik də, içmək istədiyim ilk and da müqəddəs və böyük xalqın adınadır!


Zamanın ağır sınaq günündə, tayı-bərabəri olmayan bir xəyanətlə üz-üzə dayandığımız bir vaxtda hər şey və hamı yaddan çıxıb: ortada aldadılan, şəhid gedən, gözünün yaşından və nifrətindən başqa silahı olmayan, əli bağlı, lakin faciələrin içində də mənəvi gözəllik və mərdliyini itirməyən, qocaman, əzabkeş, kövrək, dözümlü və məğrur bir xalq qalıb! Başı olan, başçısı olmayan, sərvəti olan, sahibi olmayan, haqqı olan, müdafiəçisi olmayan, bir yarası sağalmamış yeni yaralar alan xalq!

Bir söz deyə biliriksə, ona çatır. Ayrı gümanımız yoxdur! Ayrı ünvan axtarmıram!..


Sanki müharibədən çıxmış Bakının hələ şəhidlərin qanı qurumamış küçə və meydanlarında dəli kimi dolaşdığım o faciəli sübh çağı dilimdə donub qalan bu həqiqət idi: Xalqımın qanı tökülmüşdür! Göz yaşı yağışı altında, gül-çiçək ümmanında ömrün son sahilinə üzən tabutların taleyə, dərdə, düşmən niyyətinə xətt çəkən al-qırmızı bəzəyini, uşaqdan-böyüyə iki milyon adamın üzündəki ifadəni görəndə bir daha inandım: Uduzduğumuzu uduzmuşuq, bundan belə bizi əymək olmaz. Sabahın yolları bu xalqın yollarıdır!..


Bu milləti millət eləyən, min illərin fəlakətlərindən keçirib qoruyan böyük, ilahi gücün alovu yenidən üzümə vurdu. Ölümsüzlüyümüzün səbəbini, sirrini, sehrini təzədən gördüm!


Gördüm ki, cavan ömrünü xalqına, yurdunun azadlığına bağışlayanlar bir ata-ananın övladları deyil. Onları millətin taleyi doğub.


Azərbaycanın bu başından o başına hüzünlü-hüzünlü asılan qara bayraqları, məhəllə-məhəllə qurulan çadırları, verilən ehsanları, gecikmiş qəzetlərdə hələ faciənin yüzdə birini göstərə bilməyən şəkillərə baxan kimi ürəyi gedən gül üzlü analarımızı-bacılarımızı görəndə başa düşdüm: Şəhid ölümü son deyil, başlanğıcdır!


Elə bil torpağımız qısırlaşmışdır. Tökülən qanlarımız onun bərəkətini qaytardı.


Şəhid dahilərimizdən biri – Şeyx Məhəmməd Xiyabaninin sözləri yadıma düşdü: «Qurbanlar milləti təmizləyir!» Bilirsiniz nə qədər ehtiyacımız var bu təmizliyə?! Təmizlik olsun, ancaq qurbanlar olmasın!


Güney Azərbaycanın milli azadlıq hərəkatının başqa bir qəhrəmanının sözü də təsəlliyə döndü: «Azadlıq ağacı cavanların qanı ilə suvarılmadıqca bar verməz!..»


Azadlıq ağacımız quruyurdu yavaş-yavaş…Yanvar ayında qırmızı çiçəklər açdı!..


Biz ömrümüzü xalqımızın ürəyinin, ruhunun, dünyasının axtarışına vermişik. 1990-cı ilin əvvəlində ən böyük xəzinəmizi, ən tükənməz sərvətimizi kəşf etdik.


Varlığında dünyanın ən böyüktəzadlarını yaşadan xalqım! Dahilərlə yanaşı alçaqlara da süd vermisən. Milyonlarla övladının qanı və canı bahasına qazandıqlarını asanlıqla hərraca qoyanların da var.


Qurbanlarının sümükləri üstündə tikilən azadlıq binasını sonra öz övladlarının əli ilə dağıtdırıblar.


Satqın bir rəhbər, başsız bir başçı, ipi özgələrinin əlində olan bir «lider» sənin illər uzunu qurduğun bir körpünü asanlıqla göyə sovurub. Qalmısan yenə əli qoynunda: o tayına, azadlığına, ümidlərinə uzaqdan həsrətlə baxa-baxa!


Ancaq, alçaqların xalqa nə dəxli! Xalq – şəhid olan, qurban gedən və dərd çəkəndir!


Boş əllə tankların yolunu kəsən, ürəyinə, gözünə, açıq alnına sıxılan güllələrdən çəkinməyən oğul və qızlardır – xalq!

Bakının o ağır, qanlı günlərini görəndən sonra özümüzü sanki yenidən dərk etdim.


Xətailərin, Nəsimilərin, Sabirlərin, Mirzə Cəlillərin, Şeyx Məhəmməd Xiyabanilərin, Məmməd Əmin Rəsulzadələrin, Üzeyir bəylərin, Cavidlərin hamısının mənəvi gücdən yarandığı indi mənə aydın oldu.


Bugünkü «zəifliyini» özünə sığışdırmayan və əlacsızlığını dünyadan gizlətmək üçün tökülən qızıl qanlarını qızıl qərənfillərlə örtərək, şəhid övladlarının ayağı dəyən yerləri güllə bəzəyən bir xalqın ruhundakı nəciblik, ucalıq adamı sarsıdır.


Bakı kəndlərindən mərkəzə gələn yollar, Azadlıq meydanının, Dağüstü parkın bütün səki və xiyabanları yanvarın 22-də gül-çiçək xalısı ilə örtülmüşdü, qışın çılpaq ağacları qərənfil «açmışdı». Sanki Azərbaycan torpağının özü köksündən yaralanmışdır və fışqıran qanı qərənfil yağışı kimi iki milyonluq şəhərin başına yağırdı…


Bir aydan çoxdur beləcə davam edir. Ən böyük dərdin içində də gözəllik duyğusunu unutmayan, Şəhidlər Xiyabanına güldən hasar çəkən, şəhərə sığmayan insan axınını gül cığırları ilə nizamlayan xalqımın ürəyindəki gözəllik duyğusuna heyranam. Öz halal zəhmətinin məhsulu ilə gecə-gündüz şəhidlərin yarasına çiçək məlhəmi qoymağa çalışan Bakı kəndlərinin əli qabarlı, namuslu övladlarının fədakarlığı qarşısında baş əyirəm.


Faciəmiz böyükdür. Ancaq bu boyda itkilərin arxasında qara geyimli anaların məğrurluğunu, göz yaşlarından göyərən intiqam hissini görəndə təsəlli tapırıq. Xırdalanlı bir ana deyirdi: «Mənim bir oğlum var, təsadüfən sağ qalıb. Sevinmirəm. Oğul böyüdürük torpaq üçün! Övladı yurdun şəhidləri arasında yatan ana xoşbəxtdir».


Anaları bu cür düşünən xalq da xoşbəxtdir!


…Dəfn günü Şəhidlər Xiyabanında özünə yer tapa bilənlərin çoxu qadınlar idi. Hörmətlə irəli buraxılmışdılar. Ana və bacılarımızın mələk üzləri qara örtüyə bürünmüşdü. Birdən operator kameranı onlara doğru çevirdi. Kimsə əlini qaldırdı, gül dəstəsini çətir kimi başına tutdu. Bir an sonra xiyabandakıların qara geyimi görünməz oldu, sanki bir dirijor çubuğunun işarəsiylə üstlərinə qırmızı gül «örpəyi» çəkmişdilər! Bu boyda kütləni vahid bir orqanizmə çevirən böyük duyğudur – xalq dediyimiz!..


Qurban gedənlərimizin bir hissəsi Bakının ən uca yerində torpağa tapşırıldı. 1918-ci ilin mart şəhidlərilə 1990-ci ilin yanvar şəhidlərinin cismi və ruhu bir-birinə qarışdı. Çoxumuz unutmuşuq indi əyləncə yerinə döndərilmiş bu parkın 1918-ci il şəhidlər qəbiristanı olduğunu. Tale yeni bir «qulaqburması» verdi ki, indiki qurbanlarımızın hesabına bütün şəhidlərimizin xatirəsi əbədiləşdirilsin. Xalqın and yeri, ziyarət yeri olsun!..


* * *


Qanımız tökülmədən, qurban verilmədən ötüşmək olmazdımı?


İndi bu sual milyonlarla adamı düşündürür.


Sumqayıt hadisələrinin kimlərin ssenarisi üzrə qurulduğunu, Bakının iki ildən bəri sakitliyinin təəccüb doğurduğu, ona qarşı ciddi təxribat hazırlandığını, Mərkəzin demokratiya oyununun kiminsə başında çatlayacağını, rəhbərlərimizin qətiyyətsizliyinin fəlakətə apardığını bilə-bilə necə oldu ki, belə bir tələyə düşdük, düşməni sevindirdik?..


Bu sualların hamısının cavabı veriləcək.


Gələcək üçün yeni «ağ ləkələr» qoyub getməyə haqqımız yoxdur. Mərkəzi mətbuat bütövlüklə, respublika mətbuatı qismən həqiqəti nə qədər cidd-cəhdlə ört-basdır etməyə çalışsa da, tarix özü sözünü deyəcək…


Əvvəlcədən onu deyim ki, bəzi çıxışlardan keçən «bu işdə hamımız günahkarıq, vaxtında birləşə bilməmişik, kütlənin qabağına düşməmişik, silahsız cavanlarımızı ordunun qabağından çıxara bilməmişik» fikri ilə mən də razıyam. Yəni, Azərbaycan Xalq Hərəkatı, əslində, xalqın bütün intellekt, güc, zəka, siyasi mübarizə potensialını tam dolğunluğu ilə əks etdirə bilmir. Bunun bir səbəbi Xalq Hərəkatını idarə edənlər arasında uzun müddət mövcud olan qısqanclıq, «hegemonluq» iddiası («ziyalılar satqındır», «məndən düz adam yoxdur» və s.), digər səbəbi isə həmin real qüvvələrin, ziyalıların, mütəxəssislərin, vəzifə sahiblərinin tərəddüdü, ətaləti, cəsarətsizliyidir…Üçüncü bir səbəb də var: bu da müxtəlif rəsmi idarələrin «saman altından su yeritməsi», Xalq Hərəkatında pozğunçuluq işi aparması, onun sıralarına «öz adamları»nı doldurub təfriqə salmasıdır. Təəssüf ki, bu kənar qüvvələr Xalq Hərəkatının bəzi liderlərinə də təsir göstərə bilib və müəyyən parçalanmalara nail olub.


Xalq Hərəkatında resept vermək, hamını öz iradənə tabe etmək olmaz. Demokratikləşmənin gözəlliyi rəngarəngliyindədir. Lakin Azərbaycan xalqının tarixi durumu bütün şəxsi iddiaların üstündən xətt çəkən vahid bir platformada birləşməyi tələb edir. Təəssüf ki, hətta ümumxalq taleyi də bəzi adamların vəzifə ehtirasına, tayfa davasına, qazanmaq və ya siyasi liderlik azarına üstün gələ bilmir. Buna görə də əsl can yanğısı ilə yaradılan demokratik əsaslı təşkilatlarla «kooperativ cəbhələr», yüyəni özgələrinin əlində olan təşkilatlar bir-birinə qarışır, pərakəndəlik camaatı çaşdırır. Qarşılıqlı münaqişələrdə ümumi dərd unudulur, ən yaxşı adamlarımıza belə ləkə yaxmaqdan çəkinməyən yalan və böhtan dolu yazılar baş alıb gedir.

Ağır yas günlərimizdə ümumi işimizə mane olan belə dərdlərin təfərrüatına varmaq istəmirəm. Lakin gec-tez bu iş görülməlidir. 1988-ci ilin noyabr-dekabr hadisələri, sonrakı hərəkat, nəhayət, faciəli yanvar günləri saf-çürük edilib qiymətləndirilməsə, kimin kimliyi bilinməsə, sabah yenə kim daha bərk söysə, daha sürətlə uçuruma aparsa, milli qəhrəmana dönəcək, real vəziyyəti görənlərə «qorxaq» və ya «xain» damğası vurulacaq, bu qədər qurbanlardan sonra hər şeyi yenə də sıfırdan başlamalı olacağıq…


Yanvar faciələrinin günahını Azərbaycan Xalq Cəbhəsinin boynuna yıxmaq istəyənlər də çoxdur. Ölkə başçısının çıxışlarında, mərkəzi mətbuat səhifələrində hər yerdə AXC müxtəlif, bir-birinə zidd mövqelərdən atəşə tutulur. Həbs olunmuş səbatsız Cəbhə üzvləri təzyiq altında televiziya kamerası qarşısında oturdulur və məlum ssenari üzrə müsahibə verirlər. Azərbaycanda demokratik hərəkatın başında dayanan Xalq Cəbhəsi ətrafında məharətlə tor hörülür. Hətta Mərkəzdən gələnlərin çıxışlarında açıq-aşkar bildirilir ki, AXC hakimiyyəti ələ almaq istəyirdi və o dağıdılmalıdır.


Ola bilsin ki, bu fəlakətin qarşısını almaq və ya itkini azaltmaq üçün daha nə isə də etmək olardı. Ancaq kimin ağlına gələrdi ki, fövqəladə vəziyyət elan edilmədən ordu şəhərə girəcək, dinc, silahsız əhalinin üstünə düşmən ehtirası ilə tank sürüləcək, ölkənin bütün ordu növləri iki milyonluq şəhərə basqın edəcək. Kimin ağlına gələrdi ki, siyasi mübarizə aparan xalq – dövlət çevrilişinə hazırlaşan silahlı banda kimi qələmə veriləcək, sırf simvolik xarakter daşıyan piket və «barrikadalar» - silahlanmış düşmən cəhbəsi kimi «qəhrəmanlıqla» ləğv ediləcək, uşağa-böyüyə, qadına-kişiyə aman verilməyəcək? Kimin ağlına gələrdi ki, ziyalılarla, qadınlarla görüşlərində dönə-dönə «arxayın olun, ordu Bakıya girməyəcək!» - deyənlər bir gün sonra «öz vəzifələrini yerinə yetirib», yəni, respublikanın rəhbərliyini kənarlaşdırıb, Bakını ağlar qoyacaqlar? Kimin ağlına gələrdi ki, ölkəni xarici düşmənlərdən qorumalı olan ordu öz vətəndaşlarına qarşı bu qədər amansız ola bilər?



Kimin ağlına gələrdi…Lakin Xalq Cəbhəsinin İdarə Heyətində nə isə bir fəlakətin yaxınlaşdığını başa düşürdük və buna öz münasibətimizi bildirmişdik. Xalq Cəbhəsi bütün milli və ictimai münaqişələrin siyasi danışıqlar yolu ilə, demokratik əsaslar üzərində aradan qaldırılmasına çalışıb. Azərbaycan SSR Ali Sovetinin son sessiyaları buna misaldır. Lakin bu yolda məğlubiyyətdən yaxa qurtara bilməyəcəklərini bilən bəzi rəhbərlər AXC-yə quyu qazmağa başladılar. «Başqasına quyu qazan…»Buna görə də Cəbhənin bəzi radikal ovqatlı nümayəndələri ilə «danışıqlar» başlandı. AXC İdarə Heyətinin xəbəri olmadan Müdafiə Şurası və onun rayon şöbələri yaradıldı. Müdafiə Şurası fövqəladə vəziyyətdə özünü müstəqil elan etdi və əslində AXC-nin iradəsinə, narazılığına etinasızlıq göstərdi.


Yarım milyonluq bir mitinqdə milli səfərbərlik elan edildi, silah söhbəti ortaya atıldı…Hamısı respublika rəhbərliyinin razılığı ilə. Bu nə oyun idi, kimin planı üzrə hazırlanmışdı və nə məqsəd güdürdü?!


Respublika rəhbəri nə ağılla zavoddakı görüşündə müdafiə dəstələrinin yaradılmasından söhbət açırdı və bu söhbət televiziya ilə bütün xalqa çatdırılırdı?! Nəyə görə bəzilərinə inandırılırdı ki, fövqəladə vəziyyətdə Müdafiə Şurası əsas mərkəzə çevriləcək, bütün nazirliklər ona tabe olacaq və s.?..


Bir-birini tora salmaq üçün ikitərəfli oyun gedirdi. Ancaq sən saydığını say, gör Moskva nə sayır. Sanki dünyadan bixəbər idilər. Bütün bu havayı söz-söhbətin, əslində, ordunun Bakıya çağırılması üçün bəhanə olduğu unudulmuşdu…


Biz Müdafiə Şurasının hökumətin əliylə qurulmuş növbəti bir saxtakarlıq, tələ olduğunu birinci gündən demişik. Yoxsa, öz respublikasını, ərazisini, xalqının taleyini müdafiə etmək istəyən rəhbərlik AXC idarə Heyətinin bir-iki üzvünü irəli itələyib arxada niyə gizlənməliydi? Bununla doğrudanmı respublikanı müdafiə etmək istəyirdi, yoxsa məqsəd Xalq Cəbhəsini ləkələməkdi?..


20 yanvar faciəsini bir həftə ondan əvvəl baş vermiş hadisələrlə, Bakıdakı erməni evlərinə hücumlarla əlaqələndirməyə çalışırlar. Biz xalqımızın humanist, nəcib sifətini qorumaq üçün hər cür vəhşiliyi, zorakılığı rədd edir və lənətləyirdik. Onu da bildirdik ki, Sumqayıt kimi, Bakıda da bu hadisə çoxdan planlaşdırılırdı. Yanvarın 13-14-də Bakıda ölkənin müxtəlif guşələrindən gəlmiş yüzlərlə cinayətkar olub…


Xalq böyük bir xəyanətlə üz-üzədir və bu xəyanət addım-addım həyata keçirilir…Yoxsa, kim bilmir ki, 200 min adam Ermənistandan vəhşicəsinə qovulandan sonra bütün bakılılar sinəsini sipər etsə də, bu qədər rəsmi qaçqın statusu almamış işsiz, evsiz, ac-yalavac, qəzəbli «qonağı» olan şəhərdə ermənilərin arxayın yaşaması xulyadır və ya xalqın əsəbi ilə oynamaqdır…


Ölkədə bizi təkləmək, vəhşi, qaniçən kimi qələmə vermək üçün yüz cür tələ qurulur. Təəssüf ki, biz bəzən özümüz bu tələlərə düşürük…


SSRİ Ali Sovetinin sonuncu sessiyası bir daha göstərdi ki, bizə qəzəbli münasibəti, əleyhimizə işləyən güclü təbliğat maşınını qırmaq o qədər də asan deyil. Bizi qarşıda çox uzun bir mübarizə yolu gözləyir. Bu yol hələ ki, iqtisadi müstəqillikdən, federasiyadan qoparan imkanlardan keçsə də, sonu məlumdur, sonu bizim arzularımızdır. Lakin o arzulara yetmək üçün hələ çox durulmalı, ümumi mədəni səviyyəmizin, siyasi mübarizə səviyyəmizin artması haqqında hələ çox düşünməliyik.


***


Mən daha çox işin bizə görünən tərəfindən, öz səhvlərimizdən danışdım.

Lakin ən ciddi sual cavabsız qalıb: ordu Bakıya niyə gəlib? Cavabdeh adamların fikirləri bir-birilə düz gəlmir. Söhbət sərhəddən gedirsə, sərhədlərin götürülməsi ölkənin müxtəlif regionlarında bizdən əvvəl başlanıb. Köhnə rəhbərliyə etimadsızlıq, «istefa» tələbi narahatlıq doğurursa – bu tələbi Moskvadan başlamış ölkənin hər yerində eşidirik. Ermənistanla münasibətlərin kəskinləşməsi bəhanə olubsa, onda gərək fövqəladə vəziyyət on illər boyu xəlvətcə silahlanan tərəfdə, hücum edən tərəfdə elan ediləydi, boş əllə müdafiə olunan tərəfdə yox. Kiminsə ağzından «islam respublikası» sözünün çıxması bəhanə olubsa, onda gərək «xristian monarxizmi» tərəfdarlarının yaşadığı Rusiya şəhərləri çoxdan orduyla doldurulaydı.


Bu bəhanələrin heç biri 20 yanvar hadisələrinə haqq qazandırmır. Bir həqiqət ortaya çıxır ki, bizim rəftarımızdan asılı olmadan ordu şəhərə girməliymiş. «Azərbaycanlılara dərs vermək» planının kökləri çox dərindədir və sərhəd məsələsi, ermənilərin Bakıdan qovulma söhbəti, daxili qoşun hissələrinin müşahidəçi mövqeyi tutması – hamısı eyni zəncirin halqaları kimi bir-birinə bağlıdır. Azərbaycan xalqının ətrafında bu tor çoxdan və məharətlə hörülür.


Fransız mətbuatında M.S.Qorbaçovun Azərbaycan hadisələrinə münasibəti iki sözlə belə ifadə olunub: «tatarlar qəzəblənir». Bizə elə gəlir ki, bu «tatar» sözü keçən əsrdə qalıb, çarizm yıxılanda bu sözlə də vidalaşmışıq…


Köhnə söz yaşayırsa, bəlkə köhnə münasibət də yaşayır? Təkcə bu iki kəlmə indiki demokratiyanın içi və astarını aydın göstərir. «Birinə qazan, başqasına çay qaşığı…»


Azərbaycan müstəqil respublikadırsa, niyə onun fikrinə məhəl verən olmayıb? Nəyə görə Azərbaycan parlamentinin qanuni qərarı SSRİ Ali Soveti tərəfindən qulaq ardına vurulur? Bu saymamazlığın arxasında hansı acı həqiqət dayanır? Bəlkə, ordunun Bakıya gəlişinin səbəbini elə həmin o acı həqiqətdə axtarmaq lazımdır?


Nəhayət, bir-iki kəlmə də milli heysiyyət, özünə və öz xalqına hörmət haqqında. Son vaxtlarda rəsmi görüşlərdə, televiziya çıxışlarında tez-tez belə bir fikir təkrarlanır: fövqəladə vəziyyət götürüləndən sonra şəhərin sakitliyinə təminat vermək olarmı? Bu məsuliyyəti kim boynuna çəkəcək? Bunu rəhbərlik də deyir, ziyalılar da. Bunun qədər riyakar bir böhtan təsəvvür eləmək mümkün deyil! Öz xalqına inanmayan, onunla dil tapa bilməyən adamlar bu xalqı necə idarə edə bilər? Məgər fövqəladə vəziyyətin ləğvindən qorxuya düşən ziyalılar bilmirlər ki, Bakıda heç bir iğtişaşı xalq salmayıb? Sakitlik istəyiriksə, fövqəladə vəziyyətlə yanaşı, Bakıda iğtişaş ocaqlarını da ləğv etmək lazımdır. Həmin ocaqlarsa möhtəşəm binalardadır və dünyanın müxtəlif yerlərindən, mərkəzdən üfürülüb közərdilir.


* * *


Şəhidlər Xiyabanında bir həqiqət də gördüm.

Qurban gedənlərin çoxu zəhmətkeş, əli qabarlı, sadə adamlardır.

And yerimiz – onlardır!

And yerimiz – xalqdır!


Fevral, 1990


Sabir Rüstəmxanlı

  • SON XƏBƏR
  • TREND