Eksprert: Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib

19.01.2019 10:42
324
Eksprert: Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib



Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamənin, ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının arxasında erməni lobbisi və anti-Azərbaycan qüvvələr dayanır. Ekspress.az bildirir ki, bunu Trend-ə "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor bildirib ki, Mehman Hüseynov məsələsi sadəcə olaraq bəhanədir: "Hələ Avropa Oyunları zamanı Azərbaycana qarşı nə qədər qərəzli və çirkin kampaniyaların aparılmasının şahidi olduq. Avropa Parlamentinin də məlum qətnaməsi və orada Azərbaycanla bağlı səslənən qərəzli ittihamlar həmin kampaniyanın tərkib hissəsidir. Ümumi olaraq isə bu, Azərbaycanı gözü götürməyən, ölkəmizin inkişafını qısqanan, eyni zamanda, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən müəyyən qrupların işidir. Bunları təşkilat adlandırmaq olmaz, hamısı qruplaşmalardır. Görəsən, Ermənistanda baş verən cinayətlər, qanunsuzluqlar, parlament səviyyəsində törədilən terror hadisələri nə üçün Avropa Parlamentinin “diqqətindən” kənarda qaldı və qalır? Ümumiyyətlə, son günlər Avropa ölkələrini, o cümlədən Fransanı mitinqlər bürüyüb və yüzlərlə aksiya iştirakçısının insan haqları ən kobud şəkildə pozulur. Amma həmin təşkilatlar öz qulaqlarının dibində olan hadisələri görmürlər, görməzdən gəlirlər. Lakin Azərbaycanda Mehman Hüseynov məsələsini qəsdən şişirdirlər”.

V.Rəhimzadə qeyd edib ki, M.Hüseynov jurnalistika fəaliyyətinə görə deyil, konkret cinayət əməlinə görə həbs edilib: "Açıq-aşkar görünür ki, burada çirkin məqsəd var. Lakin həmin qüvvələr heç vaxt öz məqsədlərinə çata bilməyəcək. Azərbaycan öz haqlı mövqeyi ilə irəliyə doğru gedir. Ölkəmizin inkişafı və öz mövqeyini davamlı şəkildə qoruması elə həmin dairələrə ən tutarlı cavabdır”.


Ekspress.az

Açar sözlər: