Yığmamız Olimpiadada irəliləyir

10.10.2018 12:13
277
Yığmamız Olimpiadada irəliləyir

Çinli təmsilçimiz yarışların 1\4 finalına çıxıb


Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən və Azərbaycandan olan 17 idmançının da qatıldığı Yeniyetmələrin 3-cü Yay Olimpiya Oyunları davam edir. Olimpiadanın ilk günündə bir qızıl medal qazanan Azərbaycan yığmasının üzvlərindən daha bir neçəsi bu gün mübarizəni davam etdirməli olub.


Stolüstü tennis üzrə yarışlarda ölkəmizi təmsil edən çinli idmançılardan yalnız Cinq Ninq çıxışını uğurla davam etdirərək adını 1\4 finalçılar sırasına yazdıra bilib.


Mübarizəyə yenicə qatılan taekvondoçumuz Cavid Ağayev (60 kq) də çıxışını uğurla davam etdirib. 1\8 finaldan mübarizəyə başlayan Cavid 1\4 finalı da uğurla keçərək yarımfinalçı olub. Daha bir təmsilçimiz - bədii gimnastika üzrə yarışlarda iştirak edən Yelizaveta Luzan top və həlqələrlə nümayiş etdirdiyi hərəkətlərə görə hakimlərdən 25,975 xal ala bilib ki, bu da ona yalnız 24-cü yerdə qərar tutmaq imkanı verib.


Luzan bundan sonra lent və gürzlərlə də öz bacarığını göstərməyə çalışacaq. Bu yarışda rusiyalı Darya Trubnikova hamıdan öndə gedir.


Xatırladaq ki, Azərbaycan komandası hələlik cüdoçu Vüqar Talıbovun (66 kq) sayəsində bir qızıl medala yiyələnib.