KİVDF qəzetlərə 3 ay vaxt verdi – MÜSABİQƏ ŞƏRTLƏRİ DƏYİŞİR

18.12.2018 22:01
341
KİVDF qəzetlərə 3 ay vaxt verdi – MÜSABİQƏ ŞƏRTLƏRİ DƏYİŞİR

Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.


Ekspress.az xəbər verir ki, Fondun icraçı direktoru Vüqar Səfərli yeni dövrün tələblərindən irəli gələrək müsabiqə qaydalarında müəyyən əlavə və dəyişikliklərin edilməsi zərurəti ilə əlaqədar KİV-lərə maliyyə yardımının 6 ay deyil, 3 ay müddətinə ayrılmasını təklif edib. V.Səfərli həmçinin bildirib ki, yeni qaydalar hazır olana qədər qəzetlər müsabiqəyə sənədləri mövcud şərt və meyarlar əsasında təqdim edəcəklər.

İcraçı direktor 2019-cu ilin I rübü üzrə KİV-lərə maliyyə yardımı müsabiqəsinin dekabrın 19-dan 27-dək "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası" əsasında 19 istiqamət üzrə keçiriləcəyini bildirib.


Müşahidə Şurasının üzvləri müzakirə olunan məsələ ilə bağlı rəy və təkliflərini bildiriblər. Şuranın sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Cəmaləddin Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov, Rasim Həsənov və Ayaz Mirzəyev çıxış edərək Fondun maliyyə yardımı müsabiqələrinin çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər. Daha sonra müsabiqə elanı səsə qoyularaq təsdiq edilib.

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun perspektiv fəaliyyət istiqamətləri barədə məlumat verib.


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanı ilə www.kivdf.gov.az saytında tanış ola bilərsiniz.

Açar sözlər: