Bu gün finaldır: Çingiz qalib ola bilər?


18.05.2019 18:48
85
Bu gün finaldır: Çingiz qalib ola bilər?

Bu gün İsrailin paytaxtı Təl-Əvivdə, Qabim teatrında Avroviziya - 2019 beynəlxalq mahnı müsabiqəsinin final mərasimi keçiriləcək. Müsabiqənin ikinci yarımfinalında "Truth" (Həqiqət) mahnısı ilə finala vəsiqə qazanan təmsilçimiz Çingiz Mustafayev öz performansıyla diqqət mərkəzində olmağı bacarıb. Sosial şəbəkələrdə artıq Çingiz Mustafayevin neçənci yer tutması barədə fikirlər geniş müzakirə olunur.


Ekspress.az xəbər verir ki, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Gövhər Həsənzadə Avroviziyada təmsilçimizin çıxışıyla bağlı proqnozlarını Kult.az-la bölüşüb:


“Avroviziya-2019 beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalında bizi təmsil edən Çingiz Mustafayev yaxşı çıxış etdi. Mənə elə gəlir ki, o, səhnədə yüz faiz özünü təqdim edə bildi. İfa etdiyi “Truth" (Həqiqət) mahnısı gözəldir. Avropa tamaşaçılarının zövqünə uyğun olduğu üçün bəyənildiyini düşünürəm. Azərbaycanın neçənci yer tutması barədə dəqiq bir söz demək çətindir. Ümidliyəm ki, finalda onluğa düşə biləcəyik. Amma onluqda da neçənci yer tutmağımız barədə yenə də dəqiq praqnoz deyə bilməyəcəyəm. Çünki finalda sms məsələsi həmişə bizi məyus edib. Buna görə də sadəcə ümidlərimi bölüşə bilərəm. Ötən il finala düşməməyimizin qarşısında builki böyük qələbəmiz elə onluğa düşmək ola bilər. Hesab edirəm ki, finala düşdüyümüz üçün sevinməyə dəyər”.


Əməkdar incəsənət xadimi, bəstəkar Faiq Sücəddinov isə Çingiz Mustafayevin gözəl çıxış etdiyi, lakin yalnız ifanın nəticələri bəlli etmədiyini bildirib:


“Çingiz Mustafayevın neçənci yer tutacağıyla bağlı proqnoz vermək mümkün deyil. Avroviziyanın meyarları bambaşqadır. Təbii ki, Çingizin mahnısı, xarici görünüşü, lazer şou da daxil olmaqla, hər şey çox gözəldir. Amma avropalılar ona səs verməlidir. Əsas məsələ buradadır. Hərdən musiqi də heç böyük rol oynamır. Bəzən ayrı meyarlar, məsələn, xarici görünüş kiminsə xoşuna gəlir deyə, səs verir. Gözləntilərim var ki, Çingiz yaxşı yer tutacaq. Onu həyatda da çox yaxşı tanıyıram. Zəhmətkeş oğlandır”.


Qeyd edək ki, bu gün İsrailin paytaxtı Təl-Əvivdə Avroviziyanın final mərhələsi keçiriləcək.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND