Tədqiqatçılardan tövsiyə: "Smartfonda "üztanıma" funksiyasını bağlayın"


08.01.2019 00:27
90
Tədqiqatçılardan tövsiyə: "Smartfonda "üztanıma" funksiyasını bağlayın"

Niderland İstehlakçılar Assosiasiyasının apardığı tədqiqatın nəticələrinə görə, "üztanıma" funksiyası sayəsində mobil telefon bazarında satılan smartfonların 40 faizi başqaları tərəfindən asanlıqla açıla bilər.


Ekspress.az "Azərtac"a istinadla xəbər verir ki, smartfonlar öz sahibinin şəkili ilə fotoqalereya arasında tam bir eynilik axtarmadığı üçün onların ekran kilidi bir vəsiqəlik fotoşəkilin köməyi ilə sıradan çıxarıla bilər.


Tvente Universitetinin biometriya üzrə mütəxəssisi professor Raymond Veldhuis bildirib ki, telefonundan təhlükəsiz istifadə etməyi istəyən istehlakçılar "üztanıma" funksiyasından istifadə etməməlidir. Onun sözlərinə görə, smartfonların əksəriyyətini internetdən yüklənən hər hansı fotoşəkil vasitəsilə də açmaq mümkündür. "Zaman keçdikcə bizim üz cizgilərimiz dəyişir. Yaşlanma, yaxud estetik əməliyyatlar nəticəsində baş verən dəyişikliklər də mobil cihazların bu funksiyasını etibarsız edə bilər", - deyə alim əlavə edib.


110 telefonu tədqiq edən mütəxəssislər müəyyən ediblər ki, onlardan 42-si bu üsulla çox asanlıqla açılır. Tədqiqatçılar istehlakçılara tövsiyə ediblər ki, onlar "üztanıma" funksiyasını bağlasınlar, yalnız barmaq izi və şifrlərdən istifadə etsinlər.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND