İfadələrdən xatirələrə...

15.03.2019 16:42
151
İfadələrdən xatirələrə...


Dilimiz maraqlı ifadələrlə zəngindir. İşlətdiyimiz bir çox ifadələr var ki, həmin ifadələrdə heyvanlara aid xüsusiyyətləri insanlarda görüb bənzətmə yaradırıq, istər mənfi, istərsə də müsbət mənada. Hər bir halda dilimizdə maraqlı ifadə və bənzətmələrin olduğunu qeyd etmək lazımdır. Mənfilər diqqətimi çəkdiyi üçün onlardan nümunə gətirmək istədim: mal kimidir, inəyə oxşayır, tülkü kimi hiyləgərdir, dovşan kimi qorxaqdır, elə bil quzu balasıdır (bu ifadə doğru deyildir, çünki quzu özü baladır. Ancaq qoyun balası da demək olmur axı), keçi kimi hər yerə dırmaşır, qoyun kimi gözlərini döyür.


Sonuncu ifadə diqqətimi daha çox çəkdi. Digər heyvanlar gözlərini döymürmü? Niyə məhz qoyun kimi? Həm çox sakit insana, həm də heç nə bilməyən, biliyi, savadı olmayana belə deyirik. Digər ifadələrdə bənzərlik var, sakitliklə də əlaqə tapmaq olar, amma bu ifadənin biliyi olmamaqla əlaqəsini tapa bilmədim. Əslində düşünəndə qoyun, quzu, qoç arasında nə qədər fərq var.


Mən quzuları şən, nadinc, həyat eşqi ilə dolu uşaqlara , qoçları döyüşkən insanlara (“Qoç döyüşünə qoç dayanar”) bənzədirəm…Yazıq qoyunlarınsa adı pis çıxıb. Amma quzunun da , qoçun da ümumi adının qoyun olduğunu unuduruq. Bilmədim qoyunların halına acıyım, yoxsa bəzi insanların…

Bu ifadələrdən danışdım, yadıma öz uşaqlığım, qoyunun quzu vaxtı, ümumiyyətlə desəm, xatirələr düşdü. Fəslin də , ömrün də, xatirələrin də yaz vaxtı , payız vaxtı var. Yaz gəlir, elə xatirələrin də yaz vaxtıdır…


Kamal Abdullanın sevdiyim belə bir misraları var:


Yollar gedir üzü dağa,

Yoxuşlar enişlərdən çox,

Kimsə yox xatırlamağa,

Unutmağa da kimsə yox…


Həyatda unutmağa da kimsələr, nəsələr olur, xatırlamağa da. Ancaq xatırlamağa sanki daha çox kimsələr, daha çox nəsələr

var…Unudulanlardanmı olacağıq, xatırlananlardanmı, deyə bilmərəm, amma yaxşı ki, xatırlamağa yaddaş və bir də xatirələr var…


Uşaqlıqdan yaddaşımda belə bir aforizm qalıb: Xəyal yeganə cənnətdir ki, orada təqib olunmuruq. Zaman -zaman xatirələr gah könlümüzü oxşayar, gah da incidər qəlbimizi. Bu dəfə uşaqlığım yadıma düşdü, quzudan, qoyundan danışdım deyə…Uşaqlığımda sevib əzizlədiyim quzumu xatırladım… İstər insanlar, istər başqa canlılar, istərsə əşyalar – hərəsi bir cür ilişib qalır yaddaşımızda…


Mən də yazıq qoyunları yox, quzuları sevərəm. Düşünürəm ki, quzular qoyun olanda başqa böyüyən canlılardan fərqli olurlar. Yuxarıda qeyd etmişdim: nadinc quzu, sakit qoyun. Əslində uşaqlığı nadinc olan adam da böyüyəndə sakit olur. Kiçiklər nadinc olsalar belə, məsum və şirin-şəkər olurlar axı. Balaca vaxtı balaca və qəşəng bir quzum vardı. Adını da Alagöz qoymuşdum. Mən Alagözü o qədər oxşayıb əzizləyirdim ki, Alagöz də sanki hər səhər məni görəndə sevindiyindən atılıb-düşürdü.


Anası ölmüşdü Alagözün. Bəlkə bir az da ona görə mehrini mənə salır, onu qucağıma almağa, əzizləməmə “razı olurdu”. Düzdür, anası onu qucağına almayacaq, əzizləməyəcəkdi. Ancaq dilsiz-ağızsız heyvan olsa da, əzizləndiyini duyurdu sanki. Bu, yəqin ki, şərti reflekslə bağlı idi. Ancaq bu şərti refleks müvəqqəti və dəyişkən olmadı. Quzuları körpə vaxt küz dediyimiz balaca bir yerdə saxlayardılar. Bir müddət Alagözə əmzikli butulka ilə süd içirdik ki, necə deyərlər, “süddən yanıq olmasın”.



Mən mal-qara, qoyun-quzu, toyuq-cücəyə baxmaqdan qaçardım, əslinə qalsa, heç elə bir tapşırıq da almazdım. Evin kiçiyi olub ora-bura göndərilməkdən şikayətlənsəm də, ev işləri görməmək kimi avantajları (o vaxt mənə görə elə idi, çünki ev işlərini xoşlamırdım) da var sonbeşik olmanın… Ancaq Alagözə baxmaq, onunla əylənmək zövqlü idi. Hər gün Alagözü saxlandığı küzdən həyətə buraxar, onunla bir az zaman keçirərdim. Alagöz sevindiyindən hoppana-hoppana həyətdə o baş -bu başa qaçar, yanıma qayıdar, ətrafımda dövrə vurardı. Bir-birimizə çox öyrəşmişdik. Qucağımda gəzdirərdim balaca vaxtı.


Ancaq mən böyük Nizaminin sevdiyim qəhrəmanı olan Fitnə kimi onu böyüyəndə də çiyinlərim üzərinə qaldıra bilmədim ( görünür, bunun üçün vərdiş yetərli olmurmuş, güc də lazım imiş). Bəzən mənim etdiklərimi də təkrarlayırdı Alagöz. Bir dəfə Alagözlə oynadıqdan sonra birdən həyətin ortasında eləcə torpağın üstündə oturdum və Alagözə baxaraq nə edəcəyini gözləməyə başladım. Az sonra Alagöz də gəlib düz mənim yanımda oturdu. Mat qalsam da, nəticə olaraq gözlədiyim bu idi.


Məni anlamışdı Alagöz. Ona görə bu nadinc quzumu daha çox sevməyə başladım. Bundan sonra hər gün mən də Alagözlə bir qədər qaçıb oynayar, sonra dayanıb həyətin ortasındaca əyləşib Alagözün də oturmasını gözləyərdim. Alagöz də çox ləngiməz, mənimlə bərabər gəlib oturardı. Uşaq ağlımla “Alagözə göz dəyməsin” deyə boynuna göz muncuğu da bağlamışdım.


Bilmirdim onu daha necə əzizləyim, nə yedizdirim ki, Alagözümə də , mənə də daha xoş olsun… Bağımızda çoxlu qoz ağaclarımız vardı, meyvəsi bol olurdu. Qoyunun, quzunun qoz ləpəsi yeyib-yeməməsi haqda bir məlumatım yox idi. Bir gün düşündüm ki, bəlkə bir yoxlayım , görüm mənim nadinc və ağıllı quzum ləpə yeyərmi? Bol idi deyə, çox vaxt cibimdə ləpə olurdu, olmasa belə sındırıb ləpələmək çətin deyildi. Bu fikirlə gətirib quzuma ləpə verdim, quzum məni təəccübləndirdi, verdiyim ləpəni yedi.


Bəlkə sizə də təəccüblü gələcək, ancaq aram-aram ona ləpə yedizdirməyə başladım bundan sonra… Alagözüm böyüyürdü, yavaş-yavaş atılıb-düşməyi unudurdu. Ancaq onu yenə də çox istəyirdim. Daha tək qalmırdı, 4-5 baş həmtayı vardı, onlarla çəmənliyə ötürülürdü. Həmtaylarının yanında olanda belə məni görən kimi ayrılıb yanıma gəlirdi yenə də. Bəzən yenə də cibimdə ləpə olanda çıxarıb ovcumda tuturdum, ağzını ovcuma yaxınlaşdırıb ləpəni götürür və yeyirdi…


Beləcə günlər keçir, Alagöz böyüyürdü. Böyüdü Alagöz quzum, ana da oldu. Qoyun olsa da(?) ,çox ağıllı qoyun idi. Sanki qayğılı olmuşdu. Çox qəribədir, insanlar uşaqkən necə şən və qayğısız olub, böyüdükdən sonra necə qayğılı olurlarsa, mənim Alagözüm də belə idi. Körpə ikən atılıb-düşən, qaçıb-yüyürən, oynayan, dili varmış kimi və sanki şən, şaqraq səsini eşidirəmmiş kimi hiss etdiyim Alagözüm indi sakit və ağıllı bir qoyun olmuşdu. Düzünü deyim ki, Alagözü çox istəsəm də, əvvəlki kimi deyildim onunla, böyümüşdü axı. Bir gün Alagözüm xəstələndi.


O parıltı, o həvəs, o enerji yox idi gözlərində, işığı sönüb gedirdi gözlərinin… Sağalmadı Alagözüm, sönməkdə olan enerjisi gözlərində əbədi dondu… Görəsən, Alagöz də xəyal edə bilərdimi xatirələri? Kino lenti kimi körpəliyini keçirə bilərdimi gözləri önündən? Mənimlə qaçıb-oynadığı, gəlib mənimlə bərabər torpağın üstündə oturduğu günləri xatırlaya bilərdimi?


Mənimsə gözlərim önündən uşaqkən qayğısız sandığımız və indi boylansaq da, dönməyə çalışsaq da, heç vaxt dönə bilməyəcəyimiz o illər bir kino lenti kimi gəlib keçdi… Uşaqkən “Kəndə kino gəlib” xəbərini eşidəndə 20 qəpik götürüb nəfəsimiz təngiyə-təngiyə yüyürüb özümüzü tamaşa etməyə çatdırdığımız kino lenti kimi…


Söz sözü çəkər buna deyiblər yəqin… İfadələrdən başlasam da, xatirələr alıb apardı məni və ifadələrdən başladığım fikrimi yenidən közərmiş xatirələrdə bitirdim. Çünki xatirələr ifadələrdən daha şirin, daha maraqlı…


Pərvanə O-nurlu

  • SON XƏBƏR
  • TREND