• 24 °C Bakı
  • 18 °C Quba
  • 27 °C Gəncə
  • 26 °C Yevlax
  • 28 °C Naxçıvan

Milli Qəhrəmanı Albert Aqarunovun 50 illik yubileyi qeyd edilib

25.04.2019 20:50
126
Milli Qəhrəmanı Albert Aqarunovun 50 illik yubileyi qeyd edilib


Aprelin 25-də Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illik yubileyi münasibətilə tədbir keçirilib.


BDM-in sədri İsmayıl Ağayev çıxış edərək A.Aqarunovun şərəfli həyat yolundan, onun döyüşlərdə iştirakından danışıb. Bildirib ki, ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi yəhudi əsilli bu qəhrəman da canını Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda fəda edib.


Azərbaycan çoxmillətli ölkə olduğunu söyləyən İ.Ağayev vurğulayıb ki, ölkəmizdə yaşayan hər bir millətin nümayəndəsi ərazi bütövlüyümüz, müstəqilliyimiz, suverenliyimiz uğrunda canından keçməyə hazırdır. Albertdə hər bir Azərbaycan vətəndaşı kimi həyatını Azərbaycanın torpaqları uğrunda fəda etdi.


Xalq şairi Sabir Rüstəmxanlı tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda dinindən, dilindən və millətindən asılı olmayaraq hər kəs sərbəst yaşayır. Məhz bunun nəticəsidir ki, qeyri-müsəlman əhalinin də bu ölkəyə məhəbbəti sonsuzdur. A.Aqarunov yəhudi əsilli olsa da, Azərbaycan vətəndaşı kimi bu dövlətə borcunu canı ilə ödədi və qəhrəman vətən övladı kimi şəhid oldu. Xalqımız bu qəhrəman övladının xatirəsini daim uca tutacaq.


Türkiyəli qonaq, Əsilsiz Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin sədri Göksel Gülbey çıxışında Azərbaycanın Milli Qəhrəmanlarının tanıdılması baxımıdan keçirilən tədbirin əhəmiyyətli olduğunu bildirdi. Erməni işğalına qarşı mübarizədə Türkiyə dövlətinin və ictimaiyyətinin daim qardaş Azərbaycanın yanında olduğunu qeyd etdi.


Milli Qeyri Hökümət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni tədbirdə çıxış edərək vətəndaş cəmiyyətinin, ictimai təşkilatların vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində fəaliyyətlərini daha da genişləndirilməsinin vacibliyini vurğuladı. Bu baxımdan A.Aqarunovun yubiley tədbirinin keçirilməsinin gözəl bir hadisədir.


İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli Albert Aqarunovun Dağlıq Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlardan bəhs edib. O bildirib ki, Qarabağ müharibəsinin başlaması ilə A.Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Hərbi əməliyyatlar zamanı, o, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində düşmənin xeyli canlı qüvvə və zirehli texnikasını məhv edib. Tank komandiri təyin edilən A.Aqarunov Şuşaya göndərilib. 1992-ci il mayın 8-də Şuşa uğrunda döyüşlərdə tankçı Albert Aqarunov qəhrəmancasına həlak olub. O, igidliyinə görə Azərbaycanın ən yüksək hərbi mükafatına layiq görülüb.


Sonra Albert Aqarunovun qardaşı, Beynəlxalq Diaspor Mərkəzinin Yaxın Şərq üzrə nümayəndəliyinin rəhbəri Rantik Aqarunov Azərbaycan xalqına qardaşının xatirəsini daim əziz tutduqları üçün minnətdarlığını bildirib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND