Velosipedçilərimiz “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanıb

24.05.2019 14:24
171
Velosipedçilərimiz “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanıb

Ukraynanın Çabanı şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük “Çabanı Turu” keçirilib.


Yarışda Azərbaycanın elit yığmasının 2 üzvü – Ukraynanın və Belarusun “Lviv” və “Minsk” kontinental klublarının velosipedçiləri Elçin Əsədov və Samir Cəbrayılov da mübarizə aparıb.


Veloturda 133 kilometr məsafəni 3 saat, 20 dəqiqə, 27 saniyəyə qət edən Elçin Əsədov finiş xəttini 10-cu keçib və bununla da ölkəmizin reytinqinə “Tokio 2020” Yay Olimpiya Oyunları üçün daha 3 lisenziya xalı qazandırıb. Yeri gəlmişkən, idmançımız həm də şərəfini qoruduğu “Lviv” komandasının yarışda iştirak edən üzvləri içərisində ən yüksək nəticə göstərib. “Minsk” klubunun heyətində çıxış edən Samir Cəbrayılova gəlincə, o 17-ci olub.


Diqqət çəkən daha bir məqam starta çıxan 89 iştirakçıdan yalnız 39-nun finişə çata bilməsidir. Qarşıdakı günlərdə velosipedçilərimizi Ukraynada keçiriləcək və Olimpiadaya lisenziya xalları verəcək 1.2 kateqoriyalı daha 3 yarış gözləyir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND