Azərbaycan OGP-ə hansı şərtlərlə qayıda bilər?

19.12.2018 10:51
490
Azərbaycan OGP-ə hansı şərtlərlə qayıda bilər?

Açıq Hökumət Tərəfdaşlığı (Open Government Partnership - OGP) beynəlxalq platforması Azərbaycanla bağlı qərarını açıqlayıb. Beynəlxalq təşəbbüsün Rəhbər Komitəsinin (Steering Committee) dekabrın 5-də verdiyi qərarla Azərbaycana üzvlüyünü bərpa üçün müəyyən şərtlərlə daha 2 il zaman verib. Bu müddət ərzində Azərbaycan hökuməti bütün maraqlı tərəflərin iştirakı ilə 2019-2021-ci illəri əhatə edən yeni fəaliyyət planı işləməli və icra etməlidir. Proses aşağıdakı mərhələlərlə yerinə yetirilməlidir:


- 2019-cu il martın 1-nə qədər AHT-nin standartlarına uyğun 2019-2021-ci illər üzrə Milli AHT Fəaliyyət Planının (MFP) işlənməsi üçün yol xəritəsi hazırlanmalı və çap edilməlidir. Bu yol xəritəsinə AHT Forumunun əsas görüşlərinin zaman çərçivələri daxil edilməlidir, MFP-nin hazırlanması prosesinə AHT Forumundan kənarda olan maraqlı tərəflər də cəlb edilməlidir.


- 2019-cu il iyunun 1-nə qədər Azərbaycanda AHT prosesinə rəhbərlik üçün yüksək səviyyəli nümayəndəni (nazir və ya daha yüksək səviyyəli) təyin etməlidir.


- 2019-cu il iyunun 1-nə qədər Azərbaycanda bütün tərəflərin iştirakı ilə OGP Fəaiyyət Planının hazırlanmasına başlamalıdır. Plan vətəndaş cəmiyyəti münasibətdə məhdudiyyətləri aradan qaldırmağa yönəlik olmalıdır.


- 2019-cu il dekabrın 31-nə qədər MFP-nin yekunlaşdırılması, qəbulu və AHT-nin müvafiq qurumuna (Support Unitə) təqdim etməlidir


- 2021-ci il avqustun 31-nə qədər MFP tam icra olunmalıdır. Fəaliyyət Planı İRM tərəfindən qiymətləndiriləcək.


Bu tələblərə əməl olunmadıqda Azərbaycan AHT-dən həmişəlik uzaqlaşdırılacaq. Ancaq öhdəliklər yerinə yetirilərsə, üzvlüyə yenidən qayıda biləcək.


Məlumat üçün bildirək ki, Azərbaycan AHT-yə 2011-ci ildə üzv seçilib. 2016-cı il may ayının 4-də Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsinin növbəti iclasında Azərbaycanın AHT –dəki üzvlük məsələsinə baxılıb və onun statusu tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endirilib. Komitə bu addımın atılmasının əsas səbəbi kimi Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə yaradılmış məhdudiyyətləri göstərib.