"Sosial şəbəkələrlə bağlı qanunlarımız sərtləşdirilməlidir" - YAP-çı deputat

14.02.2019 12:12
290
"Sosial şəbəkələrlə bağlı qanunlarımız sərtləşdirilməlidir" - YAP-çı deputat

"Ölkəmizin əldə etdiyi iqtisadi-siyasi nailiyyətlər, Azərbaycanda güclü xalq-hakimiyyət birliyinin formalaşması və vəhdət təşkil etməsi, eləcə də, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əldə olunan hüquqi, hərbi üstünlüklər anti-Azərbaycan, ermənipərəst dairələri həddindən çox narahat edir və onlar məhz radikal ünsürlər vasitəsilə ölkəmizdəki siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Bu prosesdə sosial şəbəkələrin imkanlarından geniş və zərərli şəkildə istifadə olunur".


Ekspress.az xəbər verir ki, bunu son günlər sosial şəbəkələrin bağlanması ilə bağlı səslənən təkliflərə münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.


Deputat qeyd edib ki, hər bir yeniliyin həm müsbət, həm də mənfi tərəfləri olur:


"Baxır, kim bundan necə istifadə edir. Atom enerjisindən istifadə edərək elektrik stansiyaları yaratmaqla Yer kürəsini gülüstana, atom bombası yaradıb istifadə etməklə xarabalığa çevirmək olar. Sosial şəbəkələrin də üstünlükləri çoxdur. Heç kim, heç birimiz bunu inkar etmirik. Bəzən ölkələr, dövlətlər az qala sosial şəbəkələr - “Feysbuk”, “Tvitter” üzərindən idarə olunur.

Bir çox dövlət və hökumət başçıları bu şəbəkələrdən, hesablardan çox ciddi şəkildə yararlanırlar. Məsələn, ABŞ prezidenti Donald Tramp, demək olar ki, bütün vacib qərarlarını, mesajlarını məhz “Tvitter” hesabı vasitəsilə çatdırır". 


Eldar İbrahimov deyib ki, bununla belə, sosial şəbəkələrdən heç də xoş olmayan məqsədlər üçün istifadə olunur.


"Belə ki, ölkəmiz haqqında yalan məlumatlar yayılır, insanların şərəf və ləyaqəti təhqir olunur, dövlət adamlarına şər atılır. Hesab edirəm ki, bütün bunlar yolverilməzdir. Azərbaycan cəmiyyəti haqlı olaraq belə hallara qarşı kəskin etirazını bildirir.

Müvafiq orqanlar belə halların qarşısını almaq üçün lazımi ölçülər götürməlidir. Xüsusilə bununla bağlı qanunlarımız sərtləşdirilməli, bu qanunu pozanlar cəzalandırılmalıdırlar. Qeyd etmək istəyirəm ki, sosial şəbəkələrdə yalan yazmaqla insanları aldatmaq mümkün deyil.

Xalqın gözü tərəzidir və prezidentimiz İlham Əliyevin Azərbaycanın daha da güclənməsi istiqamətində gördüyü işlər vətəndaşlar tərəfindən birmənalı olaraq dəstəklənir. Ona görə də heç bir qüvvə ölkəmizdə vətəndaş həmrəyliyini, xalq-iqtidar birliyini sarsıda bilməz. Şübhəsiz ki, prezident İlham Əliyev xalqımızın dəstəyilə bundan sonra Azərbaycana daha böyük uğurlar qazandırmaqda davam edəcək.

Məqsəd heç də sosial şəbəkələri bağlamaq deyil. Heç kim bunu istəmir və bunu başqa səmtə yönləndirmək düzgün olmaz. Azərbaycan modern, açıq cəmiyyətdir. Ölkəmizdə söz, mətbuat azadlığı, bütün azadlıqlar tam təmin edilib və edilməkdədir. Ancaq qeyd etdiyim kimi, sosial şəbəklərdə baş alıb gedən təhqirlərin, böhtanların qarşısı alınmalıdır, bu yöndə nəzarət mexanizmləri yaradılmalı və işə salınmalıdır. Söhbət bundan gedir", - deyə YAP-çı deputat bildirib.