Əmək haqqından 7 il vergi tutulmayacaq

23.10.2018 14:29
1150
Əmək haqqından 7 il vergi tutulmayacaq

Azərbaycan hökuməti 2019-cu ildən etibarən özəl sektorda (qeyri-neft-qaz) çalışan muzdlu əməkdaşlardan gəlir vergisinin yığılması (gəlir vergisi üzrə) sistemini əhəmiyyətli dərəcədə dəyişməyi planlaşdırır.


Ekspress.az "İnterfaks-Azərbaycan"a istinadən xəbər verir ki, gələn ilin büdcə materiallarına əsasən, bu islahatlar çərçivəsində 1 yanvar 2019-cu ildən etibarən 7 il müddətinə qeyri-neft-qaz və özəl sektorda çalışan muzdlu əməkdaşların əmək haqqlarından gəlir vergisinin yığılması üzrə 100%-lik güzəşt tətbiq etmək planlaşdırılır. Qeyd olunan güzəşt 8 min manatadək məbləğində əmək haqqına aid olacaq (hazırda vergi tutulan aylıq gəlirin məbləği 2,5 minmanatadək olduğu halda verginin məbləği 14% təşkil edir).


Əgər əməkdaşın aldığı əmək haqqı 8 min manatı ötərsə, o zaman güzəştin ümumi həcmi 44% təşkil edəcək. Bu halda əməkdaş 8 min manatdan artıq məbləğdən 14% gəlir vergisi ödəyəcək (hazırda vergi tutulan aylıq gəlirin məbləği 2,5 min manatdan çox olduqda verginin məbləği 25% təşkil edir).


Bundan başqa, 2019-cu ildən etibarən bütün sektorlarda məşğul olan şəxslər üçün vergidən azad olan məbləğin həcmi 173 manatdan 200 manatadək artırılır.


İcbari sosial sığorta ayırmaları sistemində islahatlar diferensiallaşdırılmış dərəcənin tətbiqini nəzərdə tutur. Xüsusilə, əgər əməkdaşın aldığı əmək haqqı 200 manatadək təşkil edirsə, o zaman əməkdaş bilavasitə əmək haqqının 3% miqdarında, işəgötürən - 22% miqdarında sosial sığorta haqqı ödəyir.


Əgər əməkdaşın aldığı əmək haqqı 200 manatdan çox olarsa, o zaman həmin şəxs 6 manat+ 200 manatdan artıq məbləğin 10%-i miqdarında sosial sığorta haqqı ödəyəcək. Bu halda işəgötürən 44 manat+ 200 manatdan artıq məbləğin 15%-i miqdarında sığorta haqqı ödəyəcək.


Hökumətin qiymətləndirmələrinə əsasən, bu islahatlar ilkin mərhələdə dövlət büdcəsinə “ Fiziki şəxsləringəlir vergisi” maddəsi üzrə daxilolmaların bir qədər azalmasına səbəb ola bilər.


Lakin, gələcək illərdə ölkədə iqtisadi fəallıq artdıqca, “kölgə iqtisadiyyatının” payının azalması, vergi inzibatçılığının güclənməsi hesabına bu vergi növü üzrə büdcəyə daxilolmaların artımı müşahidə olunacaq.


2019-cu il üçün dövlət büdcəsində gəlir vergisi üzrə daxilolmalar 880 milyon manat məbləğində nəzərdə tutulur. 2018-ci ildə bu növ üzrə daxilolmalar 1 milyard 196 milyon manat həcmində nəzərdə tutulur.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND