Nübar Novruzova: “Bu sənətdə heç vaxt dayağım olmayıb”

04.12.2018 12:38
78
Nübar Novruzova: “Bu sənətdə heç vaxt dayağım olmayıb”

Əməkdar artist: “Sənətə başladığım dövrdən hər zaman məni qırağa atmaq istəyiblər...”

 

Mədəniyyətimizin, incəsənətimizin yükünü uzun illər çiyinlərində daşıyan sənət adamlarımızı yaşlı, orta nəsil yaxşı tanıyır. Bu nəsillər illər boyu televiziyadan o sənətkarların söhbətlərini dinləyib, mətbuatdan müsahibələrini oxuyub. Amma gənc nəsil əsl səhnə adamlarının, sənət fədailərinin ömür yolu, iş həyatı, yaradıcılığı ilə o qədər də tanış deyil. “Ekspress”in “Nəsildən nəslə” rubrikası məhz bu körpünü qurmağı, sənət adamlarımızı gənc nəslə tanıtmağı hədəfləyir.

Rubrikamızın bugünkü qonağı Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Nübar Novruzovadır.


Bu yaxınlarda Nübar xanımın 60 illik yubileyi keçirildi. Gənc Tamaşaçılar Teatrında baş tutan tədbirdə aktrisanın indiyə qədər oynadığı tamaşalardan fraqmentlər göstərildi və sənət yoldaşları onun haqqında ürək sözlərini söylədilər. Sonra Nübar xanım səhnəyə 60 illik yubileyinə hesabat olaraq Hüseyn Cavidin “Ana” əsəri əsasında hazırlanmış eyniadlı tamaşada ana rolunda çıxdı. O, oynadığı möhtəşəm ana obrazı ilə bir daha nəyə qabir olduğunu sübut etdi. Tamaşaçılar aktrisanı alqışladılar və ona gül dəstələri təqdim etdilər. Biz də Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi ərəfəsində aktrisa ilə görüşüb ömür və sənət yoluna nəzər saldıq.

 

- Nübar xanım, bu sənətə gəlməyiniz necə oldu?


- Doğrusu, bu sənətə gəlmək haqda düşünməmişəm, yəqin bu, mənim içimdə olub. Mən ancaq məktəbdə, Naxçıvan televiziyasında çıxışlar edirdim. Müəllimlərim hey deyirdilər ki, səndən gözəl aktrisa olar. Mən isə hüquqşünas olmaq istəyirdim. Müəllimlər məni istər məktəbdə, istərsə də institutda çox sevirdilər. Sinifdə səs-küy olanda deyirdilər ki, Nübar bir şeir desin. Bir şeir deyirdim, sinif sakitləşirdi...


Tale elə gətirdi ki, Naxçıvanda “Məhəbbət çələngi” filminə çəkildim. Orda tez-tez verilişlər aparırdım, şeirlər deyirdim, tədbirlərdə çıxış edirdim. 1975-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsinə daxil oldum. 1979-cu ildə oranı bitirdim.


- İnstitutda hansı sənətkarlardan dərs aldınız?


- Mənim müəllimlərim Rza Təhmasib, Ədil İsgəndərov, Zəminə Hacıyeva olub. Rza Təhmasib, Ədil İsgəndərov çox gözəl müəllimlər idi. Onlardan aldığım dərs indi də mənim köməyimə çatır. Biz üçüncü kursda oxuyanda onlar dünyalarını dəyişdilər. Sonra mənim müəllimim Zəminə Hacıyeva oldu. O, diplom tamaşalarında baş rolları mənə verdi. Şekspirin “Qış nağılı”nda Germona, Nuşiçin “Nazirin xanımı”nda qulluqçu Ankanı oynadım. Qulluqçu Anka rolunu mərhum sənətkarımız Amalya Pənahovadan sonra mən oynadım. İlk diplom tamaşası kimi televiyada bizim tamaşa verildi. Biz o tamaşa ilə Şəkiyə qastrola getdik. O tamaşa ilə hələ institutda oxuyarkən məşhurlaşdım.


- Gənc Tamaşaçılar teatrına gəlməyiniz necə oldu?


- Mən institutu bitirəndə Həsən Seyidbəyli, Tofiq Kazımov, Mehdi Məmmədov və bir çox tanınmış sənət adamları diplom tamaşalarıma baxmışdılar. Tofiq Kazımov mənə “Şöhrət və unudulan adam” tamaşasında rol verdi. İstəyirdilər ki, mən “Azdrama”ya gedim. Amma mən Gənc Tamaşaçılar Teatrını seçdim. Ona görə ki, boyum balaca idi. Düşünürdüm ki, boyu balaca aktrisa Akademik Milli Dram Teatrında gedib nə edəcək? İndi orda balacaboy aktrisalar var. O zaman yox idi. Şəfiqə Məmmədova, Amalya Pənahova orda idi. Mən televiziyada mərhum böyük sənətkarımız Yusif Vəliyevlə bir tamaşada oynadım. O mənim əlimdən tutub Gənc Tamaşaçılar Teatrına gətirdi.


Mən teatra gələndə oranın binası söküldü, təmirə başlandı. Biz Aktyor Evində, 26-lar Mədəniyyət Sarayında məşqlər etdik. Əsasən də qastrollara gedirdik. Gecə-gündüz işləyirdim. O zaman teatrın bəzi aktrisaları analıq məzuniyyətində idi. Bütün yük mənim üstümə düşdü. Əmrimi veməmişdilər. Heç maaş da almırdım. Televiziya verilişlərinə çəkilirdim. O qonorarla yaşayırdım. Evim də yox idi. Kirayədə qalırdım. Düz bir il sonra maaş aldım.


İlk rollarım Soltan müəllimin quruluş verdiyi “Sən nə üçün yaşayırsan?”da Leyla, Ağakişi Kazımovun quruluş verdiyi “Azad çoban”da Bəyaz, Azər Paşa Nemətovun quruluş verdiyi “Sabah çoxdan başlanır”da Qumru, Müharib Tağıyevin quruluş verdiyi “Ana laylası”nda Bahar, Möhsün Mürsəlovun quruluş verdiyi “Ərizə”də Nazlı, “Hacı Qəmbər”də Yetər, “Qızaran üfüqlər”də Qumru, Kamal Abdullanın “Unutmağa kimsə yox” əsəri əsasında Vaqif İbrahimoğlunun quruluş verdiyi eyniadlı tamaşada qadın, uşaq tamaşasında bala dovşan və s. olub. Bununla belə, televiziyada “Bir ailədə” Ağgül, “Kleopatra”da Kleopatra, “Duel”də Nazlı, “Həmyerlilər”də qız, “Şəkilçi”də qız və s. rollarda çıxış etmişəm. O cümlədən, “Qəzəlxan” və “Qorxma mən səninləyəm” və s. bədii filmlərdə rol almışam.


- Belə tez parlayan aktrisanın qarşısına çəpər çəkənlər oldumu?


- Sənətə başladığım dövrdən hər yerdə, hər zaman məni qırağa atmaq istəyiblər. Allah-taala məni çəkib öz yoluma qoyub. Televiziya tamaşalarında çox oynayırdım. Bir dəfə məni televiziya tamaşasına dəvət etdilər. Sonra o tamaşadan çıxarılası oldum. Səbəbini bilmədim. Heç maraqlanmadım da. İllər keçdi, həmin insanlar məni başqa bir tamaşaya dəvət etdilər. Həmin rejissor onda dedi, “biz indi başa düşdük ki, sizinlə niyə bir çox insanlar oynamaq istəmir. Ona görə ki, efir elə bir şeydi, ağ-qara bir-birindən seçilir. Bir çox insanlar çəkinirdi səninlə eyni məqamda efirdə oynamaqdan”.


Teatrda da çox vaxt mənə mane olublar. Analıq məzuniyyətindən qayıdandan sonra teatrın rəhbərliyinə yaxınlaşdım. Dedim ki, gəlmişəm, rollarım yoxdur. Mən də teatrın zamanında siması olmuşam. Teatra camaat, tamaşaçı məni görüb gəlirdi. Rəhbərlik mənə dedi ki, yəqin rejissorlar səni görmürlər. Uşağımın xəstəliyi ilə əlaqədar Moskvaya getdim. Qayıdanda gördüm ki, üç teatr birləşib, teatrın əməkdar aktrisasını, baş rollar oynayan aktrisanı “massovka”ya -kütləvi səhnələrə salıblar. Ömür boyu baş rollar oynamışam. Teatra ilk gəldiyim vaxtlarda belə “massovka”ya çıxmamışam. Onda da 45 yaşım var idi. Mənə elə gəlir ki, bunun hamısını aktrisanı sındırmaq üçün ediblər. İşə gəldim dilxor və kefsiz. Aktyor truppasının müdiri dedi ki, yazıblarsa, “massovka”ya çıxmalısan. Baxmayaraq səbirsiz, emosianal insanam, səsimi çıxarmırdım, təmkinlə yanaşırdım. Onlar mənim çılğınlıqlarımı bilirdilər. Mən özümü tutdum, dayandım. Getdim Cənnət Səlimovanın yanına. Dedim ki, məni niyə “massovka”ya salmısınız, mən bu teatrın aparıcı aktrisasıyam. Dedi, “qızım, mən salmamışam, xəbərim də yoxdu kim salıb”. Dedim ki, xahiş edirəm ki, “Aydın” tamaşasında Böyükxanımı mənə verin. Mən də əməliyytdan sonra kökəlmişdim. Dedi ki, “Nübar xanım, Dövlət bəyin xanımı bu köklükdə olar?”. Dedim ki, siz niyə o cür yanaşırsınız. Dövlət bəyin xanımı elə kök olar da. Dedi, “ağıllı sözdü, get otur, işlə. Bir-iki məşq verəcəyəm, xoşum gəlsə, gəlıb işləyəcəksən. Amma bilirsən də, 4 dublyor var. Sən də olarsan beşinci. Razısan?”. Dedim hə. Gəldim məşqə. Birinci-ikinci gün məşq elədik. Üçüncü gün özü yanına dəvət edib mənə ayaqqabı, paltar seçdiyini və teatrın açılışında oynayacağımı dedi.

O gün teatrın açılışı mənim üçün bir bayram idi. Nazir və bir çox mötəbər şəxslər gəlmişdi.

Cənnət xanım belə bir rejissordu, istedada düzgün qiymət verir.


Sonra Ağaxan Salmanov quruluş verdiyi “Məzəli hadisə”də Cannina, Bəhram Osmanov quruluş verdiyi “Hacıqara”da Sona obrazını mənə verdi. Cənnət xanım isə Axundovun “Xırs quldurbasan”ında Zalxa, “İtalyansayağı xoşbəxtlik”də Markolfa, “Romeo və Cülyetta”da dayə, Elçin Əfəndiyevin “Buzovna kəndinin əhvalatları” əsəri əsasında hazırlanmış eyniadlı tamaşada Xeyransa obrazını mənə verdi. Mən Cənnət Səlimovanın sayəsində teatrda o qədər rollar qazandım.


Ayla Osmanovanın quruluş verdiyi narkomaniyadan bəhs edən “Ağ ölüm” tamaşasında isə ana obrazında oynadım.


Mən efirdə hörmət elədiyim tanınmış sənətkarların danışığına qulaq asmışam. Deyiblər ki, rejissorlar özləri bizə rol verir, yazıçılar özləri bizi istəyir. Mən təsadüfən bir neçə yazıçı ilə rastlaşmışam. Deyiblər ki, “biz əsər gətirmişik, çox istəmişik ki, o obrazı siz oynayasınız. Amma onu başqa aktrisaya veriblər”. Bu, olub. O gözəl vaxtda teatrda müəyyən insanlar imkan vermədilər üstün rollar oynayam. Həmişə mənə mane oldular.


Hətta Nahid Hacıyev mənim adıma əsər yazmışdı. Əsərin qəhrəmanının adı Nübar idi. Ancaq bizim teatr bu əsəri götürmədi. Akademik Milli Dram Teatrında, Şəki Dram Teatrında, İrəvan Dram Teatrında bu əsər tamaşaya qoyuldu. Müəyyən səbəblərdən bu tamaşada oynamaq mənə nəsib olmadı... Hər şeyi öz zəhmətimlə əldə eləmişəm. Mənim bu sənətdə heç vaxt dayağım olmayıb.


- Siz “Sən həmişə mənimləsən” tamaşasına bir yenilik gətirmisiniz. Bu barədə nə deyə bilərsiniz?


- Xalq artisti Tariyel Qasımov 65 illik yubileyi münasibətilə İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsəri əsasında eyniadlı tamaşa hazırlayırdı. Mənə də həmin tamaşada Nargilə obrazını təklif etdi. Lakin teatrın rəhbərliyi Tariyel Qasımova etirazlarını bildirdilər ki, Nübar Novruzova 45 yaşında 16 yaşlı qızı oynaya bilməz. Onda Tariyel müəllim təkidlə rəhbərliyi əmin etdi ki, Nübar xanım bu rolun öhdəsindən məharətlə gələcək.


Mən Nargilənin kepkada, şalvarda, pencəkdə, kurtkada, bir sözlə, yeni stildə şıltaq qız obrazını canlandırdım. Tamaşa gözəl alındı. Kim istəmirdi ki, mən bu tamaşada oynayım, hamısı, rəhbərlik də daxil olmaqla sonradan gəlib üzr istədilər. Dedilər, nə gözəl alınıb, biz Nübar xanımdan gözləmirdik ki, 45 yaşında 16 yaşlı qızı belə gözəl oynaya bilər...


- Teatrınıza təzə direktor gəlib. Münasibətiniz necədir?


- Bu yaxınlarda 60 illik yubileyim idi. Xalqımın qarşısında hesabat vermək istəyirdim. Teatrın yeni gələn direktoru Naidə xanım yubileyimin keçirilməsinə hər cür imkan yaratdı. Tədbir ürəyim istəyən, möhtəşəm şəkildə keçdi. O, bir şeyə yox demədi. Bu əsasdı aktrisa üçün. Hiss elədim ki, sərbəstəm. Nəyi istədim, demədi ki, bu olmaz. Ona təşəkkür edirəm.


Həmçinin mənim yubileyimlə əlaqədar “Ana” tamaşasının quruluşçu rejissoru, teatrın baş rejissoru Bəhram Osmanov, rejissor Nicat Kazımov və gecənin aparıcısı Saleh Bağırova dərin minnətdarlığımı bildirirəm.


- Sənətinizin davamçısı varmı ailədə?


- Qızım anasının çətinliklərini görür. O özü sənətimi davam etdirmək istəməz. Onu uşaq vaxtı bir-iki tamaşaya, filmlərə çəkdirmişəm. Amma qətiyyən bu sahəni istəmədi. Heç mən də istəmirəm. O, hüquqşünas olacaq.


- Hansı arzularla yaşayırsınız?


- Hər kəsin balasını, mənim balamı da Allah yaxşı yerlərə gətirsin. Vətənimə, dövlətimə, cəmiyyətimə layiqli övlad yetişdirmək istəyirəm. Allah xəstələrə şəfa versin, anam da onun içində. Allah-taala mənə bu sənətdə gözəl-gözəl rollar oynamaq qismət etsin. Dedilər, 60 yaşlı aktrisaya bənzəmirsən. Lazım gəlsə, filmdə, səhnədə at belində də oynayaram.

İstərdim ki, gözəl bir filmdə tarixi bir obraz oynayım. Və onunla da sənətə əlvida deyim.

Mən həyatda həmişə ümidlə yaşayıram. İstərdim ki, bu yaşımda bir gözəl ev alım, övladımı sevindirim...

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND