Güclü külək və yağış bir ailəni evsiz, bu kəndləri işıqsız qoydu


10.07.2019 10:36
45
Güclü külək və yağış bir ailəni evsiz, bu kəndləri işıqsız qoydu

İsmayıllı rayonunda güclü külək və leysan nəticəsində yaranan sel suları evlərə, meyvə ağaclarına, elektrik naqillərinə ziyan vurub.


Ekspress.az xəbər verir ki, ötən gün axşam saat 21:00 radələrində İsmayıllı rayonunda güclü küləklə müşayiət olunan leysan yağışı yağıb. Güclü külək bir neçə evin və sosial obyektin dam örtüyünə ziyan vurub, İsmayıllıda məcburi köçkünlər üçün salınan "Qarabağ" yaşayış massivində məskunlaşan Şuşa sakini, 1969-cu il təvəllüdlü Mirzəliyev Rövşən Hümbət oğluna məxsus fərdi yaşayış evinin dam örtüyünü tamamilə qoparıb, yağış suları evdəki əşyalara ziyan vurub. Hazırda ailə üzvləri evsiz qalıblar. Gəncədən Lahıc qəsəbəsinə turistləri gətirən avtobus "Cənnət bağı" istirahət mərkəzinin qarşısında dayanıb və yağışdan sonra qəflətən dağdan gələn sel sularına qərq olub. Avtobusu su və lil basdığı üçün onu ərazidən çıxarmaq mümkün olmayıb. Turistlər Gəncəyə başqa avtobusla yola salınıb. Hazırda avtobusun sel basan ərazidən çıxarılması üçün tədbirlər görülür.


Bundan əlavə güclü külək nəticəsində rayonda elektrik naqilləri qırılıb, rayon mərkəzinə və kəndlərə elektrik verilişi dayanıb, qaz və su xətlərinə, meyvə bağlarına, əkin sahələrinə ziyan dəyib.


Cənub bölgəsində baş verən güclü külək və yağış isə Cəlilabad rayonunun enerji təsərrüfatına ziyan vurub.


Bu barədə Trend-ə açıqlamasında Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Mənsur Məmmədov deyib.


Komissiya sədri bildirib ki, rayonun iki kəndinə gedən elektrik xəttində açılmalar olub:

"Külək səbəbindən rayonun Qasımbəyli və Qarakazımlı kəndlərinə gedən elektrik xətləri qırılıb. Hazırda həmin ərazilərə elekrtik enerjisinin verilməsi ilə əlaqədar bərpa işləri davam etdirilir. Yaxın saatlarda bərpa işləri başa çatacaq və həmin kəndlər elektrik enerjisi ilə təmin olunacaq".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND