İcra başçısı karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlı ilə görüşüb

02.03.2019 14:40
277
İcra başçısı karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlı ilə görüşüb

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov İran paytaxtı Tehran şəhərində keçirilən karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlı ilə görüşüb.


Ekspress.az xəbər verir ki, icra başçısı yarış zamanı uğurlu çıxışına və göstərdiyi vətənpərvərliyə görə Z.Salmalını təbrik edib, ona gələcək yarışlarda və təhsilində uğurlar arzulayıb.


N.Zeynalov bildirib ki, Azərbaycan bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də nailiyyətlər əldə edir. O vurğulayıb ki, qazanılan müvəffəqiyyətlər ölkədə idmana yüksək səviyyədə dövlət dəstəyinin göstəricisi, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısının nəticəsidir.


N.Zeynalov beynəlxalq yarışda Azərbaycanı layiqincə təmsil edən Z.Salmanlıya təşəkkür edərək, ona qiymətli hədiyyələr və fəxri fərman təqdim edib.

Görüşdə rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 


Qeyd edək ki, Zəhra Salmanlı turnirin keçirildiyi məkanda Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib. O, Azərbaycan bayrağının yerinin dəyişilməyəcəyi təqdirdə yarışa qatılmayacağını bildirib. Bayraq fərqli və daha uyğun yerdə asıldıqdan sonra yarışa qatılan məktəbli karate idman növü üzrə bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəqibləri arasında erməni idmançını da məğlub edən Zəhra Salmanlı sonda qızıl medal və diplomla təltif olunub.


Ekspress.az

Açar sözlər: