Almaniyada Azərbaycan diasporu

fəallığı ilə seçilir

15.09.2018 09:09
527
Almaniyada Azərbaycan diasporufəallığı ilə seçilir

Azərbaycan diasporunun geniş təmsil olunduğu ölkələrdən biri də Almaniyadır. Hansı ki, bu ölkədə hələ 1988-ci ildən fasilələrlə onlarla Azərbaycan cəmiyyəti və təşkilatlar yaranmağa başlayıb. Və sevindirici haldır ki, bu gün həmin təşkilatların sıralarına yeniləri də qoşularaq, Azərbaycan həqiqətlərinin Avropaya çatdırılmasında fəallıq göstərirlər.


Hazırda Almaniyada xeyli sayda Azərbaycan cəmiyyət və təşkilatları fəaliyyət gösətirir. Berlindəki “Azərbaycan-Almaniya Cəmiyyəti”, “Azərbaycan-Alman Akademiyası”, “Azərbaycan Kültür Ocağı”, “Ocaq” Cəmiyyəti, “Odlar Yurdu” Mədəniyyət və Təhsil Cəmiyyəti, Bonn şəhərindəki “Azərbaycan Kültür Ocağı”, Düsseldorfda “Alman-Azərbaycan Cəmiyyəti”, Frankfurtda “Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti”, Kölndə “Azərbaycan Kültür Cəmiyyəti”, Nürnberqdə “Azərbaycan Kültür Dərnəyi”, Limburq şəhərində “Azərbaycan Evi” fəallığı ilə seçilən cəmiyyətlərin sırasındadır.


1996-cı ildə Almaniyadakı Azərbaycan cəmiyyətləri vahid strukturda - “Almaniya-Azərbaycan Cəmiyyətləri Federasiyası”nda birləşiblər. Federasiyanın əsas məqsədi diaspor təşkilatları arasında əlaqələri daha da gücləndirməkdir.


Bu gün Almaniyada fəaliyyət göstərən və ölkəmizi bu Avropa dövlətində layiqincə təmsil edən diaspor təşkilatlarından biri də Frankfurt-Azərbaycan Cəmiyyətidir. Uzun illərdir fəaliyyət göstərən Frankfurt-Azərbaycan Cəmiyyəti Azərbaycanın təbliği sahəsində xeyli işlər görüb. Adıçəkilən təşkilat Dağlıq Qarabağ problemi və Xocalı soyqırımının tanıdılması istiqamətində də fəallığı ilə seçilir. Cəmiyyət hər il Xocalı soyqırımının ildönümünə həsr olunan bir sıra silsilə tədbirlər keçirilir.


Almaniyada fəaliyyət göstərən çoxsaylı və aktiv diaspor təşkilatlarından biri də Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şurasıdır. 2007-ci ildən Maqdeburq şəhərində fəaliyyət göstərən Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şurasının fəaliyyətinin əsas məqsədi Azərbaycan diaspor təşkilatlarının işini əlaqələndirməkdən ibarətdir. Mərkəzi Şuranın qarşısına qoyduğu məqsədlər sırasına Almaniyanın bütün həyat əhatəsində yardıma ehtiyacı olan Azərbaycan diasporuna kömək göstərilməsi, onların bərabər hüquqa olmalarının təmin edilməsi, xüsusilə praktiki yolla həyat üçün gərəkli olan yardımın göstərilməsi, hüquqi məsləhətlərin verilməsi və göstərilməsi, vətəndaşlarımızın maraqlarını bütün ictimai səviyyələrdə təmsil edilməsi daxildir. Eyni zamanda Almaniya Federativ Respublikasında yaşayan əhalinin Azərbaycan mədəniyyəti, musiqisi, tarixi və siyasəti ilə tanış etmək, digər dövlət və qeyri dövlət idarələrilə Azərbaycan Respublikası arasında sıx əlaqələrin yaradılması da Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şurasının fəaliyyət istiqamətləri sırasında yer alır. Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şurasının prezidenti Tengiz Sade baron zu Romkerhalldır. O, eyni zamanda hüquqşünas kimi Almaniyada yaşayan azərbaycanlıların maraqlarını dövlət orqanları və ictimai təşkilatlar qarşısında müdafiə edən nümayəndə qismində çıxış edir. Ümumiyyətlə, Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şurası bu ölkədəki fövqəladə və səlahiyyətli səfirliyimiz tərəfindən dəstəklənir. Azərbaycan Respublikasının tədbirləri də Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şurası tərəfindən digər təşkilatlara paylanır.


Mərkəzi Şura fəaliyyət göstərdiyi ilk illərdən Azərbaycan mədəniyyətini bu ölkədə təbliğ etmək, diaspor nümayəndələrimizə müəyyən hüquqi yardımlar göstərməklə yanaşı, ölkəmizin həqiqətləri, xüsusilə erməni təcavüzünün almanlara çatdırılması sahəsində məqsədyönlü fəaliyyət göstərib. Məhz Mərkəzi Şuranın davamlı və məqsədyönlü fəaliyyəti nəticəsində Almaniayadakı erməni təxribatlarının qarşısı alınıb.


Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şurasının rəhbəri Tengis Sade Baron zu Romkerhallın sözlərinə görə, əgər bir şəhərdə 50-70 azərbaycanlı yaşayırsa, deməli 9-10 yeni təşkilat təsis etmək olar. Onun fikrincə, nə qədər çox sayda diaspor təşkilatlarımız təsis olunub fəaliyyət göstərərsə, bu, bizim xalqın səsi, gücü deməkdir. “Əgər, bir aksiyanın keçirilməsi üçün bir müraciət göndərilirsə və ya hər hansı bir problemin həlli üçün bir təşkilat müraciət edirsə, indi artıq 10 təşkilat müraciət edəcək və bu da yaranan problemin həlli üçün çox keyfiyyətli bir nəticə verə bilər” deyə Romkerhall “olaylar.az”a müsahibəsində bildirib. Onun bildirdiyinə görə, 1990-cı illərdə Almaniyada təxminəm 250-300 diaspor təşkilatı var idisə, indi isə onların sayi 3500-dən çoxdur.


Bir çox təşkilatların maliyyə dəstəyində çətinlik olmasından bəhs etdiklərini deyən Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şurasının sədri bildirib ki, öz qüvvələrilə nə bacarırlarsa, onu da edirlər və bu da çox cüzidir.


“Almaniyada yaşayan azərbaycanlılar arasında o qədər də problem yoxdur. Olan problemləri də mən artıq həll etmişəm və mənə müraciət etdikdə, çalışıram ki, həmin problemləri həll edim” deyən şura sədrinin sözlərinə görə, peşəkar hüquqşünas olduğu üçün, bu problemləri yalnız özləri həll edirlər.

Digər ölkələrin diaspor təşkilatları ilə əlaqələrə gəlincə,


Romkerhall bildirib ki, Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şurası Ukraynadakı və Antalyadakı diaspor təşkilatları ilə sıx əlaqədədir. “Biz Almaniyadakı türk təşkilatlarına məlumatlar göndəririk, istəyən bizə müraciət edir. İstəməyəni isə məcbur edə bilmirik. Amma heç kim bu günə qədər bizə müraciət etməyib”.


Almaniyada “Azərbaycan Mədəniyyəti” Cəmiyyətinin və “Heydər Əliyev adına Dünya Boks Komitəsi”nin (“World Boxing Committee Haydar Aliyev-WBCA) sədri Yaşar Niftəliyev isə “report.az”a müsahibəsində deyib ki, azərbaycanlıların diaspor tarixi uzaq keçmişə təsadüf etsə də tarixən yaranan fasiələlər bunun inkişafına imkan verməyib. Amma sonuncu mərhələ Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ilk dəfə olaraq ən fəal və uzunmüddətli mərhələyə keçib. “Diasporda köklü dönüş yaranıb. Ümumilli lider Heydər Əliyev xaricə səfərləri zamanı müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla görüşərək onların qayğı və arzuları ilə maraqlanıb, yeni müstəqillik qazanmış tarixi vətənimizin xaricdə tanıdılması üçün dəyərli tövsiyələrini və dəstəyini verib.

Dünya Azərbaycanlılarının 1-ci qurultayının təşkili bu işlərin parlaq nümunəsi oldu. Bu qurultayda azərbaycanlıların vahid ideya ətrafında birləşməsinin, gələcəyə istiqamətlənmiş vacib ideyaların praktiki olaraq əsası qoyuldu. Əsas prioritetlərdən biri o idi ki, xaricdəki həmvətənlərimizin yaşadıqları ölkələrdə inteqrasiyasının dinamikləşməsi, Azərbaycan həqiqətlərinin geniş yayılması mütəmadi olsun. Nəzərə alaq ki, xaricdəki azərbaycanlıların, xüsusilə də Avropadakı azərbaycanlıların tam əksəriyyəti məhz Azərbaycan müstəqillik qazandıqdan sonra köç ediblər.

Mən Almaniyada, ümumiyyətlə, son vaxtlar Azərbaycan diasporunun yeni fəaliyyətini yeni mərhələ kimi adlandırmazdım. Bunu Azərbaycan diasporunun həmrəylik nümayiş etdirməsi, yeni metodlardan istifadə etməsi dövrü adlandırardım. Avropada Almaniya da daxil olmaqla yeni metodların diasporda istifadə olunması artıq nəticə etibarı ilə özünü büruzə verməkdədir. Diasporla İş üzrə Dövləət Komitəsinin sədri Fuad Muradovun Avropanın bir sıra ölkələrində həmvətənlərimizlə etdiyi son görüşlər, müzakirələr və alınan qərarlar ciddi canlanmaya səbəb olub. Bu, indi lobbiçiliyin dirçəlməsində özünü göstərir”.

Azərbaycanlıların lobbi hərəkatı haqqında danışan Niftəliyev deyib ki, bu, azərbaycanlılar üçün yeni mərhələdir. “Biz azərbaycanlılar yeni-yeni Avropada təkamülləşərək yerli idarəetmə ilə, seçkili orqanlarla sıx ünsiyyət yaradırıq, dostlar qazanırıq. Bunlar indi-indi öz nəticəsini verməkdədir. Artıq bir neçə bölgədə azərbaycanlılar özləri yerli qurumlara seçilirlər, təyin olunurlar və sair. Diaspor sahəsində tətbiq edilən yeni metodlar əminəm ki, lobbiçiliyi də sürətləndirəcək. Ən başlıcası gənclərimizin yerli partiyalara üzv olması aktual məsələyə çevrilib və gündəmdədir. Əsas inteqrasiyanın güclü olmasıdır. Əks halda lobbiçilik zəif inkişaf edər”.


Yeri gəlmişkən, Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avropaya səfəri çərçivəsində Almaniyanın qərb bölgələrində yaşayan azərbaycanlılar və buradakı diaspor təşkilatlarının rəhbərləri, eləcə də ölkənin qərb bölgələrində təhsil alan azərbaycanlı gənclərlə görüşündən sonra diaspor təşkilatlarında bir canlanma müşahidə olunur. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Ekspress”ə daxil olan məlumata görə, F.Muradov görüşdə xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyaları ətrafında birləşmək imkanlarından, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının rolundan danışıb. Komitə sədri onların qayğıları ilə maraqlanıb, soydaşlarımızın təklif və ideyaları ətrafında maraqlı müzakirələr aparılıb. Diqqət mərkəzində olan məsələlərdən biri bu ölkədə yaşayan ailələrin uşaqları üçün Azərbaycan dili məktəblərinin açılması olub. Tədbirdə komitənin yeni yazılmış himni səsləndirilib, yeni loqo, ilk dəfə yaradılan infoqrafik diaspor xəritəsi və qurumun yenilənmiş saytı barədə məlumat verilib.


Səfər çərçivəsində mühüm görüşlərdən biri də Almaniyanın Köln şəhərində yaşayan azərbaycanlı iş adamları ilə keçirilib. Toplantıda Almaniyadakı azərbaycanlı iş adamlarının fəaliyyəti, “Made in Azerbaijan” brendinin tanıdılması, iş adamlarının ölkəmizdə biznes maraqlarının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib. Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının yaradılması və biznes forumun keçirilməsi təklifləri maraqla qarşılanıb. İş adamları yeni biznes platformasının və resurs mərkəzinin yaradılmasını təklif ediblər.

Fuad Muradov yeni təşəbbüslərin olmasının, sosial-mədəni layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq görüş iştirakçılarını əmin edib ki, onların təşəbbüsləri, təklifləri qiymətləndiriləcək, heç bir diaspor təşkilatı və heç bir insan diqqətdən kənarda qalmayacaq, gənclərin diaspor fəaliyyətinə cəlb olunması üçün mümkün addımlar atılacaq. Komitə sədri diaspor hərəkatının keyfiyyətcə yeni mərhələyə - lobbiçilik fəaliyyətinə keçməsinin gerçəkləşdirilməsi yolunda da mühüm planların olduğundan bəhs edib.


Murad MƏMMƏDLİ

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND