Azərbaycanda uşaqpulu bərpa oluna bilərmi? - AÇIQLAMA


02.04.2019 19:10
524
Azərbaycanda uşaqpulu bərpa oluna bilərmi? - AÇIQLAMA

Son bir ildə Azərbaycanda ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sosial sahəni əhatə edən genişmiqyaslı islahatlar həyata keçirililməkdədir.


Ekspress.az xəbər verir ki, bu islahatlar ölkə əhalisi tərəfindən çox müsbət qarşılanıb, təqdir olunmaqla yanaşı, islahatların daha da dərinləşməsini, daha geniş sahələri əhatə etməsini istəyirlər.


Bu gün ölkə ictimaiyyətini daha ciddi maraqlandıran məsələlərdən biri də uşaq pulunun bərpası məsələsidir. Bu gün Azərbaycanda praktikada, ancaq çox məhdud çərçivədə 3 yaşınadək uşaqlara uşaqpulu verilir.


Bu imtiyazdan ancaq bəzi dövlət qurumlarında çalışan valideynlər yararlanır və onlar 3 yaşınadək olan övladları üçün az miqdarda olsa da uşaq pulu alırlar. İndi cəmiyyətdə bu imtiyazdan cəmiyyətin bütün təbəqələrinin,


hətta evdar qadınların belə yararlanması məsələsi gündəmə gəlib. Məsələ mütəmadi olaraq gündəmə gəlir. Lakin indiyədək bu məsələdə ciddi irəaliləyiş yoxdur.


Düzdür 3 yaşınadək olanlara uşaqpulunun verilməsi ilə bağlı işlərin getdiyi bildirilsə də, bunun nə zaman həyata keçirilərək reallaşdırlacağı bilinmir.


Ancaq ekspertlər, bəzi millət vəkilləri hesab edir ki, uşaq pulunun bərpası qısa zamanda reallaşdırılmalı və bu pul 3 yaşınadək deyil, uşaqlara 17 yaşınadək verilməlidir.


Onların fikrincə, 17 yaşınadək uşaq pulunun verilməsinin həm ölkədə demoqrafik vəziyyətin yaxşılaşmasına, həm də aztəminatlı ailələrin sosial müdafiəsinin daha da güclənməsinə xidmət edəcək. Belə praktikalar dünya ölkələrində mövcuddur.


Bir müddət öncə aprelin birindən etibarən ailələrdə 3 yaşa kimi olan uşaqlara 80 manat, 3-7 yaşa kimi olan uşaqlara 50 manat, 7-17 yaşa kimi olanlara isə 40 manat veriləcəyi barədə məlumat yayılsa da, sonradan Əmək və Əhalinin Sosial Müdafə Nazirliyi bu məlumatı təkzib edərək, bu məlumatların həqiqətə uyğun olmadığını bildirdilər.


İqtisadi və Sosial İnkişaf Mərkəzin rəhbəri Vüqar Bayramov açıqlamasında deyib ki, rəhbərlik etdiyi qurum uşaq pulunun bərpası ilə bağlı hökumətə təklif göndərib.


Onun sözlərinə görə, təklif edilən mexanizmə əsasən uşaq pulunun məbləği üç yaş qruplarına uyğun şəkildə müəyyənləşdirilir (ölkə.az). Təklifdə 3 yaşınadək uşaqlara aylıq 80 manat, 4 yaşdan məktəb yaşınadək olan uşaqlara ayda 50 manat, məktəblilərə isə ayda 40 manat ödənilməsi məsələsi əksini tapıb.


Ekspert bildirib ki, uşaq pulunun bərpası ilə bağlı mexanizm hazırlayan zaman onun real və rasional olmasına çalışmışıq:


“Bütün növ yaş qrupları təhlil edilib, tələb olunan maliyyə və eləcə də onun mənbələrini müəyyənləşdirilməklə yanaşı, bu ödənişlərin istehlak bazarında qiymətlərə təsirinin optimallaşdırılması ayrıca qiymətləndirilib.


Bizim mexanizmin özəlliyi məhz büdcədə ağırlıq yaratmadan və istehlak bazarında qiymət tarazlığını pozmadan 2 milyon 614 min vətəndaşımıza aylıq ödənişin həyata keçirilməsinin mümkünlüyünün əsaslandırılmasıdır”.


O qeyd edib ki, 17 yaşınadək uşaqlara uşaqpulunun verilməsi praktikası dünya ölkələrində mövcuddur. O deyib ki, bəzi ölkələrdə 18 yaşınadək insanlara uşaqpulu verilir.


“Misal üçün Avropa ölkələrinin praktikasına diqqət yetirək. Avstriyada 3 yaşadək uşaqlara 105, 3-9 yaş arasında olanlara 112, 18 yaşadək uşaqlara isə 130 avro ödənilir. İrlandiyada 18 yaşınadək bütün uşaqlar ayda 140 avro alır.


Finlandiyada 17 yaşadək birinci uşağa ayda 100, ikinci uşağa 110, üçüncü uşağa 141, dördüncü uşaqa 162 avro ödənilir. Almaniyada birinci və ikinci uşağın hər birinə 194, üçüncü 200, dörd və daha çox olanlar isə hərəyə 225 avro aylıq ödəniş həyata keçirilir.


Oxşar mexanizmlər Avstraliya, Kanada, Fransa, İtaliya, İsveç, İsveçrə, İspaniya, Norveç, Yeni Zellandiya, Cənubi Koreya və eləcə də əksər Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən Polşa və Macarıstanda da tətbiq olunur.


Bəzi ölkələrdə uşaq pulunun məbləği ailənin gəlirlilik səviyyəsinə uyğunlaşdırılır. Məsələn, İtaliyada illik gəliri 11.422 avroyadək olan ailələrə hər uşağa görə ayda 250 avo ödənilir.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND