Quş qripi yayılıbmı?

19.02.2019 12:23
105
Quş qripi yayılıbmı?

Zaman-zaman quş qripinin yayılması barədə məlumatlar dolaşır. Bu mövsüm donuz qripi adı ilə tanınan H1N1 - dən sonra insanları quş qripi təhlükəsi narahat etməyə başladı.


Tibbi ekspert Adil Qeybulla Ekspress.az -a bildirib ki, quş qripinin qonşu ölkələrdən Azərbaycana keçmək təhlükəsi var: “Quş qripi köçəri quşlarla yayılır. Köçəri quşlar sərhəd tanımırlar. Quş qripinin yayayılmasına əsas köçəri quşlar səbəb olur. Təbii ki, fermada olan quşlar da yoluxubsa, quş qripi sürətlə yayılır. Belə ki, quş əti insanların əsas qida rasionunu təşkil edir. Quş ətindən istifadə virusun insanlara keçməsilə nəticələnir. Bu virus qanla yayılan virusdur. Bu qidayla, qanla heyvandan insana keçir”.


A.Qeybulla deyib ki, bir neçə il öncə Azərbaycanda da quş qripinə rast gəlinib: “O zaman Ümumdünya Səhiyyə Təşkilatının köməyilə London mütəxəssisləri Azərbaycanda fəaliyyət göstərdilər və bu infeksiya lokallaşdırıldı, aradan qaldırıldı. Əlbətdə ki, quş qripinin Azərbyacana keçmək ehtimalı da var. Azərbaycanda da müvafiq karantin tədbirləri görülməlidir. Bir müddət quş ətinin rasiondan çıxarılması və köçəri quşların ovlanmasının qadağan edilməsi, bütün ət məhsullarının çox ciddi şəkildə baytarlıq nəzarətindən keçirilməsi və s çox ciddi karantin tədbirlərin icrası tələb olunur”.


A.Qeybulla qeyd edib ki, quş qripi Azərbaycana keçsə ölüm halları olacaq: “Virus çox aqressiv şəkildə özünü göstərir. Bizdə bu virus yayılanda quş qripinə görə ölüm faktı qeydə alınmadı. Dünyada xeyli insanlar quş qripindən tələf oldu. Qonşu Türkiyədə, digər ölkələrdə. Hesab edirəm ki, qonşu ölkədə - Rusiyada bu virus yayılıbsa, biz çox ciddi tədbirlər görməliyik. Buna hazır olmalıyıq. Təhlükəsizlik tədbirləri sərhəddə yoxlamalarla bitmir, çünki Azərbaycanda köçəri quşların ovlanması var. Müxtəlif quşlar qonşu ölkələrdən uçub gəlirlər. Bəzi rayonlarımızda onların kütləvi ovu ilə məşğuldurlar. Onlar çox asanlıqla infeksiyanı Azərbaycana daşıya bilərlər”.


Qeybulla vuğulayıb ki, ümumiyyətlə, quş əti məhsullarına baytarlıq nəzarəti gücləndirilməlidir: “Vətəndaşlar bir müddət quş ətindən imtina etməlidir. Görülən tədbirlərə güvənmiriksə, bizim o əti ev şəraitində, mağazada, bazarda yoxlamaq şəraitimiz yoxdur. Azərbaycana xaricdən quş əti ixrac olunur. Buradakı broyler fabrikalarında bu infeksiya yayıla bilər. Yəni bu baxımdan insanlar ehtiyyatlı olmalıdır. Şadlıq evlərində quş ətindən geniş istifadə olunur. Salatların, müxtəlif qidaların hazırlanmasında quş ətindən istifadə olunur. Eləcə də, toyuq dönərləri də risk qrupuna daxildir. Qida rasionundan quş ətini çıxarmaq mümkün deyilsə, ciddi şəkildə yoxlamadan keçən quş ətlərindən istifadə edə bilərlər, amma bu da tam təhlükəsiz deyil”. 


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun Ekspress.az -a bildirdiyinə görə, Rusiyadan, Ukraynadan, Brazilyadan, Türkiyədən, İrandan və digər yerlərdən ölkəyə quş ətləri gətirilir: “Xüsusən Ukraynadan gətirilən quş ətlərinin keyfiyyətsiz olması barədə dəfələrlə məsələ qaldırdıq. Baş Prokurorluq hətta bununla bağlı cinayət işi qaldırdı. Məlum oldu ki, Ukraynadan gətirilən quş ətlərinin tərkibində 40 faizə qədər naməlum maye var. Bu quş qripindən də təhlükəli ola bilər. Çox təəssüflər olsun ki, Azərbaycanda quşların açıq satışı davam edir. Bəzi firmalar, fabriklər quşların açıq satışını həyata keçirir. Bu quş qripinin yayılmasına təkan verə bilər. Azərbaycanda da “quş qripi” epidemiyası yayıla bilər”.


AİB sədri qeyd edib ki, xaricdən gətirilən quş ətlərində “quş qripi”nin olması məsələsi, eləcə də, Azərbaycanda bu virus əleyhinə peyvənd olunmuş quşların nə dərəcədə quş qripi yaymağa təkan verəcəyi tədqiq olunmalıdır: “Quşlara “quş qripi”nə qarşı peyvənd vururlarsa, peyvənd özü də bu virusun yaranmasına təkan verə bilər. Niyyətimiz var ki, açıq satışda olan quş ətlərinin ekspertizasını həyata keçirək. Azərbaycana gələn quş ətləri yoxlanılmaldır və virusa yoluxmuş quş ətləri ölkəyə gətirilməməlidir”.


AİB sədri bildirib ki, quş əti alarkən onun yerli məhsul olduğuna əmin olmaq üçün ştrix koduna baxmaq lazımdır: “Bu əsas məsələlərdən biridir. Azərbaycanın ştrix kodu 476-dır. Üstündə “halal” yazılan xaricdən gətirilən toyuqların hamısı yalançı “halal” məhsullardır”, - deyə ekspert əlavə edib ki, kənd yumurtası və kənd toyuğu adıyla satılan məhsulları alarkən istehlakçılar diqqətli olmalıdır: “Kənd yumurtası sarısının tünd olması ilə fərqlənir. Əhali yumurta alarkən qabığını qırıb baxa bilər. Kənd yumurtasının həm də qabığı bərk olur. İstehlakçılar broyler yumurtası alırlarsa, fikir versinlər ki, hər yumurtanın üstündə istehsal tarixi və yaxud istehsalçının adı yazılır. Üzərində dəqiq yazıları olan yumurtalara üstünlük versinlər. Kənd toyuqlarına gəlincə, bunlar adətən xaricdən gətirilmir. Amma antisanitar şəraitdə saxlanılır, yonulur. Xüsusən Bakı ətrafı yerlərdə. Lakin bunlar riskli mallardır. Fabriklər də toyuqların açıq satışını təşkil edir və toyuqda nə qədər dəmanın olduğunu tədqiq etmək çox çətindir. Ancaq bişirdikdən sonra tamından müəyyən etmək olar. Açıq satışda peyvəndli toyuqlar da satılır ki, onları da almaq risklidir”.


Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, “quş qripi”nin insan qripinə mutasiyası baş versə, Yer kürəsi əhalisinin 80 faizi qırıla bilər. Bu gün “quş qripi” kimi məlum olan xəstəlik yüz il əvvəl İtaliyada aşkar olunmuşdur, lakin o vaxtlar bu xəstəlik həkimlərdə elə bir ciddi narahatlıq doğurmamışdır.


Quş qripi yoluxucu xəstəlikdir, adi insan qripinin oxşarı olan A tipli qrip virusu ştamlarının birindən əmələ gəlir. Əlamətləri də oxşardır: yüksək hərarət, baş ağrısı, əzginlik, boğaz acışması, öskürək. Bu infeksiya öz fəsadları ilə - virus pnevmoniyasının inkişafı, böyrəklərin, qara ciyərin, qanyaradıcı orqanların zədələnməsi ilə təhlükəlidir. Məhz bu fəsadlar ölümə səbəb olur.


Alimlərin fikrincə, infeksiyanın yayılmasında köçəri quşlar əsas rol oynayır. Məsələn, miqrasiya edən su quşları, xüsusən də, çöl ördəkləri quş qripi virusunun təbii “rezervuarıdır”. Quş qripi virusunun 15 yarımtipi arasında H5N1 virusu Dünya Səhiyyə Təşkilatının nümayəndələrində daha çox narahatlıq doğurur. Bu yüksək patogenli virusdur və insanlar üçün təhlükəlidir. Lakin virusun insandan insana keçməsi halları hələlik məlum deyildir.


İnsanların quş qripinə yoluxmasının ilk təsdiqlənmiş halları 1997-ci ildə Honkonqda baş vermişdir. O vaxt 6 nəfər ölmüşdür. Son iki ildə Cənub-Şərqi Asiyada 120-dən çox adam virusla yoluxmuş və onların yarısı ölmüşdür.


Alimlər quş qiripinin yarımtiplərindən daha birini aşkarlamışlar. O, sürətlə mutasiya edir və insan qripinin virusu ilə “cütləşə” bilər. H3N2 adlandırılan bu qrip virusundan Cənub-Şərqi Asiyada yüz milyonlarla quş tələf olmuşdur, lakin ən qorxulusu odur ki, virus donuzların populyasiyasına düşmüşdür. 45 adam bu virusa yoluxmuş və onların əksəriyyəti ölmüşdür.


Araşdırmalara görə, pandemiyalar yüz ildə təxminən üç-dörd dəfə, virusun yeni yarımtipinin meydana gəldiyi və adamdan adama keçməyə başladığı vaxtlarda yarana bilər. Ehtimala görə, 1918-1919-cu illərdə Avropanı bürüyən “ispanka” qripinə məhz quş qripinin törədicisinə oxşayan virus səbəb olmuşdur. 1957-1958-ci və 1968-1969-cu illərdə də pandemiyalar qeydə alınmışdır.


Aynurə Məmmədova


Ekspress.az

  • SON XƏBƏR
  • TREND