Təhsil eksperti ilə məktəb direktoru arasında QALMAQAL

11.01.2019 22:23
102
Təhsil eksperti ilə məktəb direktoru arasında QALMAQAL

“İlk növbədə qeyd edim ki, tənqidə çox açıq insanam və bu baş verəndə çox sevinirəm. Amma haqlı tənqid. Mən heç kimin demədiyini deyən biriyəm. Buna görə də bir çoxları tez-tez mənim fikirlərimdən narahat olurlar. Ölkədə fikir azadlığı var və bu ölkə başçısının siyasətinin əsasını təşkil edir, bu konstitusiyanın vətəndaşa verdiyi hüquqdur”.  

 

Ekspress.az xəbər verir ki, bunu "modern.az"a açıqlamasında təhsil eksperti Kamran Əsədov Bakıdakı 302 saylı məktəbin direktoru Səkinə Rzayevanın onun haqqında yazdığı tənqidi məqaləyə münasibət bildirərkən deyib.

 

O bildirib ki, Təhsil Nazirliyinə tabe məktəb rəhbərliyinin belə bir açıqlama verməsi onun ölkə başçısının siyasətinə qarşı olmasıdır.

 

“Bu dolayısı ilə Təhsil Nazirliyinin, Bakı şəhər Təhsil İdarəsinin prezidentin açıq sözə, fikrə münasibətinə qarşı olması deməkdir. Hörmətli direktora deyim ki, hər gün dərs saatlarında Bakı küçələrində əlində abituriyent jurnalı olan nə qədər şagird gəzir. Əslində orta məktəbdə olmalı olan şagirdlər hazırlıq kurslarında, repetitor yanındadırlar. Heç bir məktəb direktoru şagirddən nəsə almasa uşağı buraxmır. Ya buraxmır, ya da nəsə qarşlığında icazə verir ki, uşaq dərsə gəlməsin getsin hazırlıqlara.

Sizin məktəbin də vəziyyəti eynidir. Mən yaxın vaxtlarda sizin məktəbə mütləq gələcəyəm gəlib 6-7-ci saatlarda davamiyyətə baxacağam, əmin olun.

Siz peşəkar təhsil işçisi olsaydınız, məktəbin təlim nəticəsi məktəbin yaxşı olardı. Bunu mən demirəm, bunu Dövlət İmtahan Mərkəzinin rəsmi rəqəmləri deyir.

Bu həmən şəxsin rəhbəri olduğu orta məktəbin göstəricisidir. Məhz siz rəhbərliyə başladıqdan sonra məktəb çox sürətlə geriyə gedir.

302 saylı orta məktəbin ali məktəblərə qəbul olma faizinin dinamikası da onu göstərir ki, bu məktəbdə təhsilin keyfiyyəti orta statistik rəqəmlərdən dəfələrlə aşağıdır. Təkcə 2017-ci ildə 302-saylı orta məktəbin məzunlarının ali məktəblərə qəbul faizi 50 faizdən aşağı olub.

 

Məktəbdə təkcə təhsilin səviyyəsi aşağı deyil, eyni zamanda idarəetmə, psixoloji xidmətin vəziyyəti də bərbaddır. Orda şagirdin başına nə oyun açırlarsa, intihar edir. 11 Oktyabr 2018-ci ildə 302-saylı orta məktəbin 3-cü sinif şagirdi intihara cəhd edib. Bu məktəbdə şagird tənəffüs zamanı məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib. Yəni bunlar göstərir ki, 302-saylı orta məktəbdə sağlam mühit yoxdur. Hesab edirəm ki, BŞTİ bununla bağlı tədbir görəcək. Əks halda bu kimi aşağı nəticəsi olan məktəb rəhbərliyinin vəzifədə saxlanılmasında hansısa maddi marağın olduğunu düşünəcəyəm.

Yenə də deyirəm, Bakı şəhərində bir çox məktəb direktoru 10-11-ci sinif şagirdlərini nəyinsə qarşılığında dərsə gəlməməsinə göz yumur. Hətta bir çoxu şagirdlərin xüsusi müəllimlərin yanına, hazırlıq kurslarına getməsini tövsiyə, israr edir və bunun qarşılığında aylıq haqq alır”.

 

Kamran Əsədov qeyd edib ki, direktorun təkcə təlim nəticəsi deyil, savadı da aşağıdır.

 

“Sizin direktor olmağınız sizin ağıllı, savadlı olmağınız demək deyil. Mən direktor olmaq üçün yox, təhsil biliklərimi artırmaq üçün təlimlərə qoşulmuşdum. Müsabiqədə müsahidəni keçəndən sonra özüm təyinatdan imtina etdim. Çünki özəl sektorda fəaliyyət mənim üçün daha effektivdir.

 

Mən sizi tanımıram, tanımaqda da maraqlı deyiləm. Amma tövsiyə edirəm ki, mənim ödədiyim vergi hesabına aldığın maaşın haqqını ver. Mən sizdən fərqli olaraq sözün düzünü deyirəm. Zəhmət olmasa ümumi fikirlə yox, mənim fikirlərimə faktlara cavab ver. Bax mən faktlarla sizin məktəbin nəticələrinin nə qədər bərbad olduğunu deyirəm.

Son 2 il ərzində 302 saylı orta məktəbin məzunlarının ali məktəblərə orta qəbulolma faizi 26.85, qəbulolma göstəriciləri üzrə ümumiləşdirilmiş reytinq isə 0.630 bərabər olub. 2016 -2017-2018-ci illərin qəbul kampaniyalarında qəbulolma faizi orta respublika göstəricisindən aşağıdır.

 

Son qəbul kampaniyasında qəbulolma faizi -17.92% azalıb. Bu 302-saylı orta məktəbin təhsil səviyyəsinin nə qədər yarıtmaz olduğunu göstərir. Yəni bu DİM-in rəsmi rəqəmləridir.

 

Təəssüf ki, sizin kimi direktorlar təhsil sistemində az deyil. Amma sizə vaxt ayırmaq istəmirəm. Çünki daha faydalı işlə məşğulam”.

  • SON XƏBƏR
  • TREND