Uşaq pulunu bərpa etməli, yoxsa əlavə resursları... 

29.08.2019 17:45
81
Uşaq pulunu bərpa etməli, yoxsa əlavə resursları... 

"Azərbaycanda uşaqların sosial müdafiəsi ilə bağlı siyasət ünvanlı və əhatəlidir. Son vaxtlar ən çox müzakirə olunan mövzulardan biri uşaq pulunun bərpa olunub-olunmaması məsələsidir. Bu müzakirələr zamanı belə bir rəy formalaşdırılır ki, Azərbaycanda sanki uşaqların sosial müdafiəsi diqqətdən kənarda saxlanılıb. Əslində isə vəziyyət necədir? Dövlətin həyata keçirdiyi uğurlu sosial siyasətin əhatə etdiyi əhali qrupları arasında uşaqlar xüsusi yer tutur. Uşaqların sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycanda aparılan sosial siyasətin əsas istiqamətlərindən olduğunu və bu sahədə məqsədyönlü addımlar atıldığını isbat edən faktlara istinad etsək görərik ki, hazırda ölkəmizdə uşaqların sosial müdafiəsi ilə bağlı siyasət ünvanlı və əhatəlidir".


Ekspress.az xəbər verir ki, bunu sosial müdafiə məsələləri üzrə ekspert Elman Babayev deyib.


O xatırladıb ki, 2006-cı ildən ölkədə ünvanlı dövlət sosial yardım sistemi tətbiq olunur: "2006-cı il 1 yanvar tarixinədək Azərbaycanda ailədə adambaşına düşən orta aylıq gəlirin 16500 manatdan (3.3 AZN) az olduğu hallarda uşaq doğulduğu aydan başlayaraq 16 yaşa çatanadək (təqaüd almayan məktəblilər 18 yaşınadək) aylıq 9000 manat (1.8 AZN) məbləğində müavinət verilirdi. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə aztəminatlı ailələrə qanunla müəyyən olunmuş müddətə aylıq sosial yardımların ödənilməsinə başlanıldı. Bununla da aztəminatlı ailələrdəki uşaqlar sosial müdafiə ilə daha effektiv sosial müdafiə ilə əhatə olundilar. Təsadüfi deyil ki, bu gün ünvanlı dövlət sosial yardımı təyin edilmiş ailələlərin üzvlərinin yarıdan çoxu 18 yaşınadək uşaqlardır. Bir ailəyə düşən orta aylıq yardım məbləği isə 199,15 manat təşkil edir. Bundan başqa, hazırda dövlət başçısının sosial inkişafın təmin edilməsinə yönələn fərman və sərəncamları uşaqların dövlət qayğısı ilə əhatə olunması tədbirlərinin əhəmiyyətli şəkildə genişlənməsinə imkan yaradıb. Buna əyani misal kimi müvafiq kateqoriyalardan olan uşaqların sosial müdafiəsinə yönələn qərarları sadalamaq mümkündür".


Sosial müdafiə məsələləri üzrə ekspert Elman Babayev:
"Uşaqların sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycanda aparılan sosial siyasətin əsas istiqamətlərindən olduğunu və bu sahədə məqsədyönlü addımlar atıldığını isbat edən faktlara istinad etsək görərik ki, hazırda ölkəmizdə uşaqların sosial müdafiəsi ilə bağlı siyasət ünvanlı və əhatəlidir".

E.Babayev bildirib ki, bu gün Azərbaycanda sırf uşaqların sosial müdafiəsinə yönələn 10-dan çox aylıq sosial müavinət növü var: "Bunların sırasında yer alan bəzi müavinət növlərini sadalamaq yerinə düşər: sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlaına aylıq sosial müavinət; şəhid ailələrinin və müharibə əlillərinin uşaqları aylıq sosial müavinət; beşdən çox uşağı olan qadınların uşaqlarına aylıq sosial müavinət; müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq sosial müavinət, Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan olan, yaxud vəfat etmiş valideynlərin uşaqlarına aylıq sosial müavinət; valideyn himayəsindən məhrum olmuş uşaqlara aylıq sosial müavinət; aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət. Həmçinin, bunlarla yanaşı yeni doğulan uşaqlara görə, Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına (ildə bir dəfə) birdəfəlik müavinət də ödənilir. Azərbaycan dövlətinin uşaqlara yönələn sosial siyasətinin əhatəliliyini isbatlayan digər faktlar da mövcuddur:  

Ailə başçısını itirmiş ailələrin üzvlərinə aylıq sosial müavinət və ya əmək pensiyası ödənilir ki, onların 95 faizdən çoxu uşaqlardır.


-Ünvanlı sosial yardım alan ailələrin üzvlərinin 50 faizdən çoxu uşaqlardır.

-Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) aylıq sosial müavinətlə təmin edilirlər.

-Sığortaolunanlara üç yaşınadək uşaqlara qulluğa görə müavinət ödənilir".


Ekspert vurğulayıb ki, bu il Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi sosial paketin içərisində uşaqlara yönələn müvainətlərin artımı da yer alıb: "Belə ki, aprelin 1-dən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılıb və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib. Eyni zamanda, beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, uşaqların qəyyumları (himayəçiləri) üçün müavinət 61 manatdan 100 manata, ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata,yeni doğulan uşaqlara görə birdəfəlik müavinət isə 109 manatdan 200 manata çatdırılıb. Beləliklə, sadalanan faktlar Azərbaycanda uşaqların sosial müdafiəsinin ünvanlı və əahtəli olmasını vurğulamağa tam əsas verir. Uşaq pulunun bütün ailələrə şamil olunması məsələsinə gəldikdə isə ilk növbədə reallığa baxmaq lazımdır. Belə ki, uşaq pulu əksər hallarda demoqrafik problemlərlə üzləşən dövlətlərdə tətbiq olunur. Demoqrafik göstəriciləri yaxşılaşdırmaq üçün stimullaşdırıcı tədbirlər çərçivəsində bütün uşaqların müavinətlə təminatı məqbul sayılır. Bu dövlətlər sırasında dünyanın ən inkişaf etmiş dövlətləri yer alır. Həmin ölkələrdə həyat səviyyəsi heç də aşağı deyil. Fəqət, demoqrafik vəziyyət də ürəkaçan deyil. Bu səbəbdən hökümət böyük məbləğdə müavinətlər vermək yolu ilə əhali artımına nail olmağa cəhd edir".


E.Babayev qeyd edib ki, Azərbaycanda əhali artımında müsbət dinamika mövcuddur: "Statistikaya istinad etsək görərik ki, Azərbaycan əhalinin 1,2 faizlik illik artımına görə Avropa məkanında ön sıralarda yer alıb. 2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 18 faizdən çox və ya 1 milyon 731 min nəfər artıb. Hər il doğulanların sayı da artır. 2018-ci ildə də ölkədə 139 min doğulmuş körpə qeydə alınıb. Ölkəmizdə doğulanların sayı da ölənlərin sayını 2-2,5 dəfə üstələyir. Miqrasiya məsələsinə gəldikdə isə bu sahədə də müsbət miqrasiya saldosu mövcuddur. 2018-ci ildə daimi yaşamaq üçün ölkəmizə gələnlərin sayı gedənlərin sayından iki dəfədən çox olub. Nəticə isə ondan ibarətdir ki, Azərbaycan əhalisinin sayı sayı hər il sabit şəkildə artaraq artıb və 10 milyonu ötüb. Ümumlikdə, Azərbaycanda müsbət demoqrafik meyllərin qorunub saxlanması istiqamətində tədbirlər bütünlüklə dövlətin nəzarətindədir. Bu gün Azərbaycan üçün əhali artımı deyil, daha yüksək kompetensiyalara malik vətəndaşın formalaşdırılması və bunun üçün imkanların yaradılması prioritet təşkil edir. Əlavə resursların təhsilə, elmə yönəldilməsi daha zəruridir. Belə bir vəziyyətdə bütün ailələrə uşaq pulu verilməsi nə dərəcədə doğrudur? Dövlətin bu sahədə aztəminatlı ailələrə, ayrı-ayrı kateqoriyalara yönəlik sosial siyasəti daha səmərəlidir. Ünvanlı olan bu siyasətdən imtina edib hamını əhatə edən müvainət növünə keçildikdə nə baş verəcək? Buna ehtiyacı olmayan ailələr də uşaq pulunu alacaq və ünvanlılıq aradan qalxacaq. Burada hər hansı maliyyə yükünün artımından danışmaq, dövlətin buna görə uşaq pulunu bərpa etmədiyini iddia etmək də doğru deyil. Hesablamalar göstərir ki, hazırda dövlət əhalinin maddi rifahının yaxşılaşması üçün daim artan maliyyə ödənişlərini heç bir problemsiz təmin edir. Yuxarıda sadaladığımız müavinətlər və onların artımı ilə yanaşı, bu il ərzində dövlət minimum əmək haqqının və minimum pensiya məbləğinin kəskin artımını həyata keçirməsi də diqqətdən yayınmamalıdır. Bir sözlə, dövlətin yoxsulluq şəraitndə yaşayan ailələrə istiqamətlənən güclü sosial siyasəti var. İndiki şəraitdə bunun daha da inkişaf etdirilməsi daha məqsədəuyğundur. Bütövlükdə ailələrin sosial müdafiəsində istifadə olunan proqramlar, məsələn özünüməşğulluq kimi tədbirlər daha da inkişaf etdirilməlidir". (report)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND