İtlərdə quduzluq xəstəliyi artır – sahibsiz itlər peyvənd olunurmu?

29.04.2019 13:02
633
İtlərdə quduzluq xəstəliyi artır – sahibsiz itlər peyvənd olunurmu?

Ən sadiq heyvan olan itlərdə təəssüf olsun ki, quduzluq, aqressiya kimi hallar son vaxtlar artır. Sosial şəbəkələrdə, xəbərlərdə itlərin insana hücum etməsi, dişləməsi barədə geniş yayılan faktlar insanı dəhşətə gətirir. Sahibsiz itlərin çoxalması və nəzarətsiz qalması da göz önündədir.

 

Ekspress.az xəbər verir ki, quduzluq bütün növ heyvan və insanların mərkəzi sinir sisteminin ağır zədələnməsi ilə səciyyələnən iti gedişli, xüsusi təhlükəli, virus mənşəli xəstəlikdir.


Quduzluq xəstəliyinin törədicisi orqanizmə ən çox dişləmə vasitəsilə daxil olur və yara nə qədər böyük və beyinə yaxındırsa, yoluxma ehtimalı da o qədər tez baş verir. Xəstəliyin inkubasiya dövrü orta hesabla 3 həftədən 3 aya, bəzən isə 8 gündən 3 ilə qədər davam edə bilər.

 

Baytar həkimi Billurə Hüseynzadə Ekspress.az –a bildirib ki, bir sıra əlamətlərlə itin quduz olduğunu müəyyən etmək olar: “Quduz itin ağzı həmişə köpüklənir, it işıqdan, sudan qorxur. İtlər sudan qorxduğu üçün də ölür. Onların bədənində susuzlaşma yaranır”.


B.Hüseynzadənin dediyinə görə, insanı dişləyən itin quduz ya da sağlam it olmasından asılı olmayaraq ilk növbədə elə həmin gün həkimə getmək və quduzluğa qarşı iynə vurdurmaq lazımdır: «Maksimum üç gün ərzində həkimə müraciət etmək tələb olunur. Həkimə gedənə qədər ilk yardım isə qanı saxlamaq, dişlək yerini spirtlə dezinfeksiya etməkdir. Sonra xəsarət alanlar dərhal təcili yardıma da zəng vura bilərlər”.

 

Müsahibim hesab edir ki, it sahibli olsa belə, vaksinasiya olunmayıbsa, onda quduzluq ola bilər: “Əgər öz itiniz belə sizi dişləyibsə, həkimə müraciət edin, müvafiq tədbirlər görüldükdən sonra itinizdə quduzluğun əlamətlərinin çıxıb çıxmadığını iki ay müddətində müşahidə edin”.


Hüseynzadənin sözlərinə görə, itlərə quduzluq dişləmə və ya infeksiyanın olduğu torpaqdan qidalanma ilə keçir: “Quduzluq itlərin beynində yaşayır. İt quduz olsa belə, onu güllələmək, kəsmək, qətiyyən qanının axmasına imkan vermək olmaz. Ona görə ki, quduz itdən torpağa düşən qandakı virus 120 il torpaqda yaşayır. Küçədə yaşayan itlər torpdaqdan yemək götürüb yeyir, itlər torpaqla əlaqədə olur. Qida yaşdırsa, istər-istəməz qida ilə viruslu torpaq qırıntıları itlərin ağzından orqanizmlərinə düşür və onlar daşıyıcı olurlar. Itlərin orqanizmlərinə düşən virus inkişafları üçün əlverişli şəraitə düşdükdə fəallaşır”.


Baytar həkim bildirib ki, uşaqlar quduzluq virusunun olduğu torpaqdan nəsə götürüb yesələr, onlar bu virusun daşıyıcısı ola bilər: “Uşaqların daşıyıcı olması özünü dərhal bürüzə vermir. Bir müddət sonra orqanizm zəiflədikdə, viruslar üçün əlverişli şərait olduqda viruslar özünü göstərə bilər. Quduzluq insandan insanada da dişləmə vasitəsilə keçir. İnsan onda quduzluğun olduğundan şübhələnirsə, analiz verə bilər. İnsanı quduz infeksiyalı biri dişlədikdən bir ay yarımdan sonra əlamətləri özünü büruzə verir. Bir ay yarımdan sonra insan işıqdan, sudan qorxmağa başlayır, ağzı köpüklənir, aqressivləşir”.


Son zamanlar itlərin vəhşilləşməsinə gəlincə o, deyib ki, bizdə itlər deyil, insanlar aqressivləşib və vəhşiləşib: “İnsanlar itlərin üstünə daş atır, onları incidir və qıcıqlandırırlar, itlər də insanların bu hərəkətinə cavab olaraq aqressiya nümayiş etdirir. Heyvanlara qarşı laqeyd münasibət bəsləyənlər də olur. Maşınla iti vuraraq yanından keçib gedirlər. Əlverişsiz sosial mühit də itlərin güzaranının pisləşməsinə, aqresivləşməsinə səbəb olan amillərdəndir”.


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin məlumatına görə, bu ilin ilk günlərindən etibarən ölkə ərazisində epizootik tədbirlər planına uyğun olaraq sahibli itlərin quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə start verilib.


Bu dövrdə quduzluq xəstəliyinə qarşı 207850 baş itdə (o cümlədən 377 baş sahibsiz it) peyvəndləmə tədbiri aparılıb. Hazırda Dövlət Baytarlıq Xidməti sahibli itlərin quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərini ardıcıl davam etdirir.

 

Qeyd edək ki, heyvanlar arasında quduzluq xəstəliyinin müalicəsi mövcud deyil. Xəstəliyə yoluxmuş heyvanlar zərərsizləşdirilir.


Aynurə Məmmədova


Ekspress.az