Hesablama Palatası INTOSAI-nın toplantısına ev sahibliyi edir


23.05.2019 19:35
101
Hesablama Palatası INTOSAI-nın toplantısına ev sahibliyi edir

Azərbaycan Respublikası Hesablama Palatasının təşkilatçılığı ilə Bakıda bu ilin may ayının 23-dən 25-dək davam edəcək INTOSAI-nın Dövlət Borcu üzrə İşçi Qrupunun toplantısı keçirilir.


Ekspress.az xəbər verir ki, INTOSAI-nın (Ali Audit Qurumlarının Beynəlxalq təşkilatı) İdarə Heyətinin təsis etdiyi Dövlət Borcu üzrə İşçi Qrupun əsas məqsədi “standartların təqdim edilməsi, qabaqcıl təcrübə mübadilələrinin təşkili, qarşılıqlı maraq və problemli məsələlərə dair tədqiqat aparmaq da daxil olmaqla bilik mübadiləsi vasitəsilə Ali Audit Qurumlarının əməkdaşlığı və davamlı inkişafı”dır.


25 il ərzində INTOSAI Bilik Mübadiləsi Komitəsinin nəzdində fəaliyyət göstərən və 34 uzv Ali Audit Qurumundan (AAQ) ibarət olan İşçi Qrupa sədrliyi 2017-ci ildə Fillippin Audit Komissiyası öz üzərinə götürüb.


27 olkənin Ali Audit qurumunun nümayəndə heyətinin iştirak etdiyi İşçi Qrupun Bakı toplantısının ilk günündə qonaqları salamlayan Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov toplantının məqsədi, mövzusu barədə məlumat verdi, islahatlar dövründə dövlət borcunun idarəedilməsi və auditi mövzusunun hər bir ölkə üçün aktuallığından danışdı, ölkələr arasında dövlət auditi sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin zəruriliyini vurğuladı.


Filippin Audit Komissiyasının və INTOSAI Dövlət Borcu üzrə İşçi Qrupun sədri Michael G.Aguinaldo açılış nitqində çoxtərəfli və ikitərəfli əməkdaşlığın Ali Audit Qurumlarının fəaliyyətində rolundan danışdı, toplantının işinə uğurlar arzuladı. Toplantının təsdiq edilmiş gündəliyinə əsasən İşçi qrupun fəaliyyəti haqqında sədr Michael G.Aguinaldo hesabat təqdim etdi.


Sonra INTOSAI Dövlət Borcu üzrə İşçi Qrupunun yeni üzv ölkələri və onları təmsil edən nümayəndələr təqdim olundu.


Dünya Bankının Borcun İdarə edilməsi Ofisinin (DMF) meneceri və baş təhlilçisi Li Hakim, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) nümayəndəsi Stefani Blankenburq, ADA Universitetinin müəllimi, beynəlxalq təlimçi Elçin Rəşidov mövzu ilə bağlı maraqlı təqdimatla çıxış etdilər (report).


ADA Universitetinin müəllimi, layihə maliyyəsi, layihə qiymətləndirilməsi və ekspertizası və biznesin statistik təhlili mövzularında beynəlxalq təlimçi Elçin Rəşidov mövzu ilə bağlı məruzəsində qeyd etdi ki, dövlət borcu dövlət maliyyəsinin tərkib hissəsidir və borcun idarəedilməsi rifahın yüksəldilməsi məqsədini daşımalıdır.


Toplantıda Dövlət Borcu üzrə İşçi Qrupun Katibliyinin hesabatlarının, 2020-2022-ci illər üçün Dövlət Borcu üzrə İşçi Qrupun İş Planının, 2018-ci ilin oktyabr ayında keçirilmiş sorğu nəticələrinin xülasəsinin, Dövlət Borcu Auditinin məlumat bazası üzrə ekspertlər şəbəkəsinin çıxışları, İş planındakı tədbirlər üzrə tapşırıq qruplarının tərkibinin müəyyən edilməsi, 2017-2019-cu illər üzrə İş Planı və veb-səhifəsinin müzakirəsinin dinlənilməsi nəzərdə tutulur.


Toplantı öz işini sabah da davam etdirəcək.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND