"Sərkisyana dedim 5 rayonu qaytar" - Lukaşenko

15.12.2018 22:00
501
"Sərkisyana dedim 5 rayonu qaytar" - Lukaşenko

Lukaşenko Sərkisyanla tarixi söhbətin detallarını açıqlayıb


Belarus Prezidenti Aleksandr Lukaşenko 15-də Rusiya media nümayəndələri ilə görüşdə Rusiya Prezidenti Vladimir Putinlə birgə daha əvvəl Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səsləndirilmiş təkliflər haqqında danışıb.


Ekspress.az Belarusun "Belta.by” portalına istinadən xəbər verir ki, A.Lukaşenko təklifin İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclaslarından birində səsləndirdiyini söyləyib.


Onun sözlərinə görə, həmin vaxt Ermənistanda Serj Sərkisyan hakimiyyətdə idi. 


A.Lukaşenko bildirib ki, o, Ermənistan və Azərbaycan liderlərini Qarabağ probleminin birlikdə güzəştli variantda həllinə razılıq verməyə çağırıb: "Belarus və Rusiya vahid mövqe tutdu, zəruri olduqda müəyyən zəmanətin təminatı üçün hərbi kontingentin yeridilməsinə söz verdi”.


Belarus prezidenti həmçinin S.Sərkisyanla aparılan söhbətin detallarını açıqlayıb: "Sonra açıq şəkildə dedim, "qulaq as, onların dediyi kimi 7 rayonu işğal etmişiniz, Serj, 5 rayonu geri qaytar. Onları qaytarmamaq üçün hansı səbəb ola bilər, onlar boş qalıb". O dedi ki, "əgər mən qaytaracağamsa, onlar orada yolu kəsəcəklər, Qarabağı tutacaqlar" və sair. Biz isə Putinlə açıq şəkildə söz verdik ki, bu, baş verərsə, biz öz qoşunlarımızı daxil edib, imkan vermərik. O söylədi ki, "biz buna getməyəcəyik, istəmirik”".


A.Lukaşenko deyib ki, bu cavabdan təəccüblənib. "Niyə istəmirlər? Axı, 5 rayon boşdur. Bu, ilk addım olardı. O zaman Azərbaycan da, Ermənistan da KTMT və Avrasiya İqtisadi Birliyində təmsil olunardı. Niyə siz imtina etdiniz? Yaxşı, Belarus və Rusiya təminat verdi ki, əgər bu rayonlar azad edilsə, heç vaxt orada müharibə olmayacaq. Siz özünüz də etiraf edirsiniz ki, o rayonlar Azərbaycanındır”, - deyə Belarus prezidenti bildirib.


Ekspress.az

Açar sözlər: