2018-ci ildə Neft Fondu 6,459 milyard dollar satıb

08.01.2019 10:04
121
2018-ci ildə Neft Fondu 6,459 milyard dollar satıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin dekabrı ərzində 677,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Ekspress.az bildirir ki, dekabrdakı göstərici də nəzərə alınmaqla ARDNF tərəfindən 2018-ci ildə satılan valyutanın dəyəri 6 milyard 459 milyon 100 min dollara çatıb.


Noyabrda ARDNF 654,1 milyon dollar məbləğində vəsait satmışdı.


Valyuta satışının əsas məqsədi Azərbaycanın dövlət büdcəsinə manatla transfertin həyata keçirilməsidir. Fondun büdcə sənədinə görə 2018-ci ildə dövlət büdcəsinə 6,45 milyard dollar köçürülməlidir. Dekabrdakı göstərici nəzərə alındığında Fond büdcədə nəzərdə tutulan vəsaiti tam şəkildə dövlət büdcəsinə köçürüb.


Xatırladaq ki, 2018-ci ilin oktyabrında ARDNF 489,6 milyon dollar məbləğində vəsait satıb.Oktyabla müqayisədə noyabrda valyuta satışı 164,5 milyon dollar artırılıb. Sentyabrda isə Fond tərəfindən 394,8 milyon dollar dəyərində valyuta satışı olub.


Sentyabrda valyuta satışının məbləği avqusta nisbətən təxminən 2 dəfə azalıb. Avqustda ARDNF 733,7 milyon dollar məbləğində valyuta satmışdı ki, bu da sentyabrda satılan valyuta ilə müqayisədə 1,85 dəfə çoxdur.


2018-ci ildə ay ərzində ən çox valyuta satışı apreldə olub. Apreldə Fond 802,6 milyon dollar dəyərində satış həyata keçirib. Avqustda qeydə alınan nəticə ikinci ən yüksək satış göstəricisidir.


2018-ci ilin birinci rübü ərzində keçirilən hərraclarda 1,31 milyard dollar dəyərində xarici valyuta satılıb. Mayda 422,7 milyon dollar, iyunda 439 milyon dollar, iyulda valyuta satışının məbləği isə 536,6 milyon dollar olub.


Avqustda valyuta satışını artırması Fondun büdcəsinə edilən dəyişik və dollara tələbin yüksəlməsi ilə əlaqəlidir. Fondun büdcəsinə edilən dəyişikliyə əsasən ARDNF-dən 2018-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi 9,216 milyard manatdan (5,421 milyard dollar) 10,966 milyard manata (6,45 milyard dollar) qədər artırılıb.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND