Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

27.06.2019 13:11
141
Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.


Iclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə yer alan məsələlər haqqında məlumat verib.


İclasda Rəyasət Heyətinin qərarı ilə AMEA-nın bölmələrinə, elmi müəssisə və təşkilatlarına, AMEA Rəyasət Heyəti aparatının idarə və şöbələrinə akademiyanın 75 illik yubileyi ilə bağlı təkliflər hazırlayıb müəyyən edilmiş müddətdə Rəyasət Heyətinə təqdim etmələri, bu təkliflər əsasında yubileyin Tədbirlər planının hazırlanması tapşırılıb.


Sonra iclasda Akademik Mirəsədulla Mirqasımov adına xatirə nişanı, Akademik Mustafa Topçubaşov adına xatirə nişanı, Akademik Zərifə Əliyeva adına xatirə nişanı, Akademik Yusif Məmmədəliyev adına xatirə nişanı, Akademik Murtuza Nağıyev adına xatirə nişanı, Akademik Üzeyir Hacıbəyli adına xatirə nişanı, Akademik Mikayıl Hüseynov adına xatirə nişanı, Akademik Səməd Vurğun adına xatirə nişanı, Akademik Musa Əliyev adına xatirə nişanı, Akademik Həsən Əliyev adına xatirə nişanı, Akademik Zahid Xəlilov adına xatirə nişanı, Akademik Azad Mirzəcanzadə adına xatirə nişanı, Akademik Həsən Abdullayev adına xatirə nişanı və Professor Lütfi Zadə adına xatirə nişanı haqqında əsasnamələr təsdiq edilib.


Eləcə də, AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Adil Ağayevin AMEA-nın Xatirə nişanı ilə təltif edilməsi qərara alınıb. Rəyasət Heyətinin digər qərarları ilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun strukturlarında qismən dəyişiklik edilib.

Tədbirdə bir sıra yubiley məsələlərinə də baxılıb.


"AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illik yubileyi ilə bağlı Tədbirlər planı" təsdiq edilib, sənədin iclası ilə bağlı müvafiq tapşırıqlar verilib.


Bundan başqa, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin 70 illik yubileyi ilə əlaqədar alimin həyat və yaradıcılığına həsr olunmuş elmi sessiyanın keçirilməsi, onun təltif edilməsi ilə bağlı müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılması və s. qərara alınıb.


Həmçinin, akademik Nizami Cəfərovun 60 illik yubileyi ilə bağlı onun həyat və yaradıcılığına həsr edilmiş elmi sessiyanın keçirilməsi və biblioqrafiyasının hazırlanması, AMEA-nın müxbir üzvü Əli Nuriyevin 80 illik yubileyi ilə əlaqədar isə AMEA-nın Fəxri fərmanı ilə təltif edilməsi, həyat və yaradıcılığına həsr olunmuş elmi sessiyanın keçirilməsi, onun əsərlərinin biblioqrafik göstəricisinin hazırlanması tapşırılıb. Növbəti qərarla geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Samir Məmmədov "AMEA Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin infrastruktur üzrə direktor müavini vəzifəsinə təsdiq edilib.


Ekspress.az