Dünya azərbaycanlılarının siyasi-ideoloji birliyi

21.09.2018 09:50
606
Dünya azərbaycanlılarının siyasi-ideoloji birliyi

Müstəqil Azərbaycanın tarixində Dünya azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayının 23-də ulu öndər Heydər Əliyevin sərəncamı əsas rol oynayıb. Prezident İlham Əliyev tərəfindən 2008-ci ilin noyabr ayında Diasporla iş üzrə Dövlət Komitəsinin yaradılması isə sübut edir ki, dövlətimiz bu istiqamətə xüsusi diqqət yetirir.


Ekspertlər bildirirlər ki, ulu öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi milli birliyi təmin etməklə yanaşı, Azərbaycan diasporunun və lobbisinin formalaşdırılması istiqamətində də ardıcıl, məqsədyönlü siyasət yürütdü. Dünyanın müxtəlif dövlətlərində yaşayan azərbaycanlıların diaspor halında formalaşması və güclənməsi, onların məskunlaşdığı ölkələrdə siyasi, iqtisadi fəaliyyətini genişləndirməsi bu siyasətin prioritet istiqamətlərini təşkil etdi. Heydər Əliyev deyirdi: “Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır... Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir” (serqqapisi.az).


Politoloq Zaur Məmmədov qeyd edir ki, dünyanın əksər ölkələrində Diaspor Komitəsinin dəstəyi ilə Azərbaycan təşkilatları yaradılmasını, ümumiyyətlə, olduqca çətin və məsuliyyətli bir məsələ ilə məşğul olan Komitənin xaricdə yaşayan azərbaycanlıların güclənməsindəki rolunu danmaq olmaz: “Həmin birliklərin əsas vəzifəsi xaricdə yaşayan soydaşlarımızın yaşadıqları ölkələrdə təşkilatlanmaları, həmin cəmiyyətlərə inteqrasiya olmalarıdır. Lakin, eyni zamanda qeyd etmək yerinə düşər ki, diaspor siyasəti təkcə yuxarıdan aşağıya, vertikal şəkildə istiqamətlənməməlidir. Bu diaspor sahəsini xarici siyasətimizdəki digər resurslarımızdan fərqləndirən əsas amildir. Hər bir azərbaycanlı getdiyi ölkədə fərdi şəkildə yaşamamalı, xalqımıza aid olan təşkilatlarla əlaqədə olmalıdır. Təəsüflər olsun kı, bəzən oxumaq, işləmək, yaşamaq dalınca xaricə üz tutan nümayəndələrimiz arasında vətənə və dövlətə biganəliyin şahidi oluruq. Demək olar ki, xaricdəki bəzi təşkilatlarımız pərakəndə şəklində fəaliyyət göstərirlər. Misal üçün, milyonlarla azərbaycanlıların yaşadığı Rusiyanın hər şəhərində bir neçə diaspor təşkilatları fəaliyyət göstərir. Bu isə təbii ki, diasporun fəaliyyətinə zərbə vurur. Bir şəhərdə bir neçə azərbaycanlı icma birlikləri arasında tez-tez kəskin münaqişələr ortaya çıxır. Bir çox diaspor təşkilatlarının adı mövcud olur, lakin real işlərlə məşğul olmurlar. Şəxsi maraqları naminə fəaliyyət göstərən bu icmalar vətənimiz üçün təəssüflər ki, heç bir iş görmürlər. Mən Rusiyanı misal olaraq çəkdim. Buraya Belorus, Ukrayna və s. kimi dövlətlərdəki bu sahədəki ümumi vəziyyət də daxildir. Fikrimcə, onlarla profilaktik təlimlər keçirilsə pis olmaz. Diaspor, vətənpərvərlik, dövlətçilik siyasi şüurla, siyasi mədəniyyət ilə bağlı olan məsələlərdir. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının 2016-cı ildə keçirilən IV qurultayındakı çıxışından sitat gətirmək istərdim: “Mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da bir nöqtəyə vursunlar, birləşsinlər. Belə olan halda onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq. Əgər xarici ölkələrin ictimaiyyəti görsə ki, Azərbaycan diaspor təşkilatları bir-biri ilə yola getmirlər, bir-birinin əleyhinə fəaliyyət göstərirlər, əlbəttə, bu, yaxşı hal olmayacaq. Birlik əsas məsələdir və nəzərə alaq ki, bütün azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin” (diaspora.az).


Milli Məclisin deputatı Nizami Cəfərov bildirir ki, indiki anlamda dünya azərbaycanlılarının birliyi və həmrəyliyi dövlət müstəqilliyimizin bərpasından sonra rəsmi siyasət səviyyəsində dəstəklənən aşkar prosesə çevrilib: “XX əsrdə qazandığımız dövlət müstəqilliyini heçə endirmiş sovet imperiyasının çöküşü ərəfəsində Ermənistanın Azərbaycana təcavüzünün yaratdığı ümummilli ağrı dünyada yaşayan soydaşlarımızı da ayıltmış və silkələmiş, suverenliyin bərpasına aparan yolda tarixi vətən ətrafında həmrəyliyi artıq dərəcədə aktuallaşdırmışdır. Erməni hücumlarının intensivləşdiyi 1989-cu ilin son günlərində xalqımızı iki yerə bölən sərhəd xəttinin hər iki tərəfdən sökülməsi cəhdi, 20 Yanvarda Bakıya əsassız silahlı müdaxilə təşkil etmiş, kütləvi qırğın törətmiş sovet rəhbərliyinin qaniçənliyinə qarşı dünyanın hər yerində soydaşlarımızın kütləvi etiraz dalğası birlik və həmrəylik zərurətinin dərk olunmasından qaynaqlanmışdı. Müşahidələr göstərir ki, dünya azərbaycanlılarının həmrəyliyinə təkan verən məhz Azərbaycan dövlətçiliyini gözləyən təhlükə oldu. Erməni qəsbkarlığına qarşı mübarizədə formalaşan həmin həmrəylik lazımi miqyas alıb tələb olunan effekti verməsə də, hər hansı milli təhlükə qarşısında birləşməyin ilk böyük təcrübəsini verdi. Etiraf etmək lazımdır ki, bu, stixiyalı, inersiyalı bir həmrəylik idi, hələ ideoloji məzmun kəsb etməmişdi. Bunun üçün böyük ideologiya və həmin məfkurə ilə silahlanmış, hamılıqla qəbul edilən siyasi rəhbərin xalqla birliyi lazım idi”.


Nizami Cəfərov qeyd edir ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə ölkə rəhbərliyinə qayıdıb Prezident seçiləndən sonra xarici ölkələrə səfərlərində azərbaycanlılarla görüşməyə xüsusi diqqət yetirir, onların nəzərinə çatdırırdı ki, formalaşmaqda olan Azərbaycan dövlətinin bütün azərbaycanlılara ehtiyacı var: “Azərbaycan xalqı Gündoğanla Günbatan arasında son 3 min ildə türkdilli etnosların uzun sürən, mürəkkəb diferensasiya və konsolidasiyası prosesində formalaşıb. Əsasən, dəyişməz qalan vahid ərazi, dil və etnik-mədəni ortaqlıq bu prosesin təyinedici amilləri olub. Azərbaycan xalqı, əslində, ulu babalarımızın tarixən məskunlaşdıqları Qafqazdakı Şimal səddi ilə Yaxın Şərqin qapısınadək, Xəzərlə Qara dəniz arasındakı bütöv və geniş ərazidə ayrı-ayrı tayfa birliklərinin etnik vahidliyinin təsdiqi olaraq formalaşıb. Xalqın etnik, sosial-siyasi mütəşəkkillik səviyyəsinə tarixən təsir göstərən birinci cəhət Azərbaycan xalqının təşəkkülü prosesinin uzun sürməsi, müxtəlif dövrlərdə, mərhələlərdə Azərbaycana gələn (deməli, biri digərindən həm etnik xarakteri, həm də sosial-siyasi inkişaf səviyyəsi etibarı ilə fərqlənən) türk etnoslarından təşkil olunub. Azərbaycan xalqının milli tarixi idealı əsrlər boyu məskunlaşdığı etnik coğrafiyada özünəməxsus müstəqil dövlət qurmaqdan, dünya birliyinin bərabərhüquqlu üzvü kimi öz mədəniyyətini qoruyub inkişaf etdirməkdən ibarətdir. Dünya azərbaycanlılarının siyasi-ideoloji birliyini aşağıdakı zərurət təkidlə tələb edir: Azərbaycan dövlətçiliyinin mənafeyi; dünya azərbaycanlılarının maraqları; dünya nizamında layiqli yer tutmaq və onunla ahəngdar inteqrasiyanın zəruriliyi”.


Deputat onu da qeyd edir ki, Azərbaycan xalqının birliyi onun milli tarixi ideallarının həyata keçirilməsinin əsas şərtidir və müstəqillik illərində biz bu birliyə nail olmaq üçün aşağıdakı səviyyələrdə mümkün olan təşəbbüsləri gerçəkləşdirməyə çalışmışıq: “İdeoloji baxımdan əsaslandırılmış mübarizə aparmaq məqsədəuyğun sayılmışdır. Bu baş xətt hər şeydən əvvəl, Azərbaycan Respublikası, müstəqil Azərbaycan dövləti, ikincisi, azərbaycanlıların müxtəlif dövlətlərin (Azərbaycan, İran, Türkiyə, Gürcüstan, Rusiya) ərazilərindəki tarixi vətənləri, üçüncüsü, ümumdünya səviyyəsində gerçəkləşdirilmişdir. Şübhəsiz, hər üç səviyyənin etnocoğrafi iyerarxiyası mövcuddur ki, onu azərbaycanlıların Yer üzündəki məskunlaşma tarixi müəyyənləşdirmişdir. Hər bir xalqın ən böyük əsəri onun müstəqil dövlətidir- bu və ya digər dərəcədə milli dövlətçilik təfəkkürüdür. Dövləti olmayan xalq özünün yaradıcılıq potensialını tam gücü ilə, bilavasitə ifadə etmək imkanlarından məhrumdur. Azərbaycanda dövlətçiliyin çoxmillilik tarixi tipləri arasında Azərbaycan türk dövlətçiliyi (I minilliyin ortalarından sonra) tarixən etnik birliyin parlaq örnəklərini nişan verir. Azərbaycan milli dövlətçilik təfəkkürünün əsas mənbəyi qədim türk dövlətçilik mədəniyyətidir. Və onu da qeyd etmək lazımdır ki, qədim türk dövlətinin özü də daha qədim dövrlərin dövlətçilik ənənələrinin varisidir. Qədim türk dövləti dedikdə, birinci növbədə, yeddi-səkkiz yüz illik bir dövrü əhatə edən hun-türk dövləti (imperiyası) nəzərdə tutulur. Avrasiyanın şərqindən qərbinə doğru uzanan həmin dövlət-imperiya, görünür, qədim dövrün sonlarında Azərbaycanın şimalını da ehtiva etmişdi”.


N.Cəfərovun fikrincə, XIX əsrin sonu, XX əsrin əvvəllərində milli özünüdərk və ifadə Azərbaycan xalqının daxili ehtiyacı idi: “Elə bir ehtiyac ki, dünyada gedən qarşısıalınmaz ictimai-siyasi proseslər tərəfindən ardıcıl müdafiə olunurdu. Məhz həmin ehtiyacın və həmin proseslərin təsiri ilə 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Sovet dövründə Azərbaycanda milli dövlətçilik təfəkkürünün bilavasitə təzahürünə imkan olmasa da, respublikanın dövlət orqanlarında çalışan, ümumən dövlət idarəçiliyi təcrübəsini yaxşı bilən kadrlar potensialı formalaşdı. Bu, həmin təcrübəni çoxdan itirmiş bir xalqın tarixində olduqca əhəmiyyətli hadisə idi”.


Yeri gəlmişkən, təxmini hesablamalara görə, müxtəlif ölkələrdə 50 milyondan çox azərbaycanlı yaşayır ki, bunların 10 milyondan çoxu azərbaycanlıların tarixi vətənindən kənarda, onlarla ölkədə məskunlaşıb. Həmin ölkələr sırasında əsas yeri Rusiya, Ukrayna, ABŞ, Almaniya, Fransa, Hindistan, Pakistan, İsveç, Norveç, Kanada tutur (preslib.az). Ümumiyyətlə, azərbaycanlıların milli həmrəyliyinin həm miqyasca, həm də keyfiyyətcə əsasını Azərbaycanın şimal və cənubu arasındakı əlaqə təşkil edir. Bu, olduqca mürəkkəb etnososial, etnosiyasi hadisədir. Bu baxımdan da dünya azərbaycanlılarının əsas sosial-siyasi və milli-mənəvi vəzifələrindən biri müstəqil Azərbaycan dövlətini müdafiə edib qorumaqdan və ölkə başçısının ətrafında sıx birləşməkdən ibarətdir.


Rəşid RƏŞAD

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND