Başıbəlalı “Leyla” şadlıq sarayında nə baş verir? – Hadisə yerindən/Foto

08.08.2019 15:29
165
Başıbəlalı “Leyla” şadlıq sarayında nə baş verir? – Hadisə yerindən/Foto

Bir neçə gündür “Leyla” şadlıq sarayının administratorunun 100 nəfəri aldadaraq pulunu alıb qaçması barədə xəbərlər ətrafında müzakirələr aparılır. İddialara görə, övladına toy etməyə hazırlaşan şəxs on gün öncə vədələşdiyi şadlıq sarayına dəvətnamə götürmək üçün üz tutanda buranın mərasim evi kimi fəaliyyət göstərdiyini görüb şoka düşüb, huşunu itirərək yerə yıxılıb.


Məlum olub ki, 100-ə yaxın şəxsdən beh alan sarayın Akif adlı administratoru pulları götürüb aradan çıxıb.


İnformasiyanın nə dərəcədə həqiqətə uyğun olub-olmadığı dəqiqləşdirmək üçün əvvəlcə şadlıq sarayının telefon nömrələrinə zəng vurduq, bir neçə gün aramsız zənglərə cavab verilməməsi deyilənlərin doğru olması ehtimalını artırmağa başladı.


Bu səbəbdən şadlıq sarayının yerləşdiyi ünvana baş çəkdik.


“Şadlıq sarayı” sözlərinin “Mərasim evi” ifadəsi ilə əvəzlənməsi diqqətimizdən yayınmadı, qapını açıb içəri girmək istəyirdik ki, ortayaşlı bir şəxs yaxınlaşıb nə istədiyimizi soruşdu.

Özümüzü təqdim edən kimi dərhal dedi ki, bu xəbərlər yayılandan bura gələn 92-ci media işçisisiniz. Rəşad Əliyev adlı şəxs şadlıq sarayının müdiri olduğunu bildirərək “Leyla”nın mərasim evi kimi işlədildiyini, qapıların hüzr düşəndən-düşənə açıldığını söylədi.

“Sizin Akif adlı administratorunuzun 100 nəfərdən beh götürərək qaçmasından məlumatınız varmı?” sualına restoran sahibinin cavabı belə oldu: “Mən onu tanımıram. Bizim onunla heç bir əlaqəmiz yoxdur”.



Müdirin illərlə işlətdiyi restoran administratorunu tanımaması hər nə qədər təəccüblü görünsə də, bizə yaxınlaşan dostu fərqli fikir dedi. “Akifin başqa nömrəsini də ver, yığsınlar” sözündən duruxan müdir: “Siz mənə problem yaradacaqsınız” deyərək işçiləri işarə ilə içəri göndərdi.


İşçilər isə bir ağızdan Akifi tanımadıqlarını söylədilər.


Rəşad Əliyev administratoru tanımadığı desə də, söhbət əsnasında uzun müddətdir tanış olduqları, Akif adlı şəxslə birgə fəaliyyət göstərdiyi bəlli oldu. Restoranın çöl hissəsini müştərilərə xidmət yeri kimi işlətdiyini deyən müdir nə fikirləşdisə qayıtdı ki, buranın restorana heç bir aidiyyəti yoxdur. Bizi inandırmaq üçün bu fikrini bir neçə dəfə təkrarladı.



Bir az sonra əsəbi, əl-qolla danışan müdirin başı ona gələn ardı-arası kəsilmək bilməyən zənglərə qarışmışdı ki, özünü Rauf kimi təqdim edən bizə şəxs yaxınlaşdı: “İnsanların pulunu götürüb qaçmaq olmaz. Əgər Akif belə bir addım atıbsa, onunla əlaqə saxlayıb, insanların pulunu geri qaytarmağı tələb edərik. Buranın da mərasim evinə çevrilməsinə səbəb toy biznesinin uğurlu getməməsi oldu. Düşündük ki, bəlkə mərasim evi kimi fəaliyyət göstərib nəyəsə nail olarıq”.


Elə qısa müddətdə söhbətləşdikdən sonra bu şəxslərin həqiqətdə hər şeydən məlumatlı olduğu üzə çıxdı.


Müdirin verdiyi administratora məxsus nömrə isə günlərdir “Başqa bir nömrəyə yönləndirilib” cavabını verir.


Ümid edirik ki, toy sahiblərinə qarşı edilən bu dələduzluğa hüquqi qiymət veriləcək.


(teleqraf)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND