Eldəniz Əzizli Avropa güləş çempionatında bürünc medal qazanıb 

13.04.2019 20:07
40
Eldəniz Əzizli Avropa güləş çempionatında bürünc medal qazanıb 

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.


Beşinci yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər mübarizəyə start verib.


Dünya və Avropa çempionu Eldəniz Əzizli ilk görüşündə serb güləşçini cəmi 1 dəqiqə 54 saniyəyə məğlub edib.


Eldəniz 1/4 finalda əsas rəqiblərindən sayılan gürcü idmançıya da heç bir şans verməyib və vaxtından əvvəl qələbə qazanaraq yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Rusiya güləşçisinə uduzan Əzizli aprelin 13-də bürünc medal uğrunda türk idmançıyla güləşib və çətinlik çəkmədən qələbə qazanıb.


Taleh Məmmədov təsnifat mərhələsində Moldova təmsilçisindən güclü olub. Daha sonra yerli idmançıyla görüş gərgin mübarizə şəraitində keçib və yenə sevinən tərəf təmsilçimiz olub. Beləliklə, Taleh də yarımfinala adlayıb. Ancaq bu mərhələdə Norveç idmançısına yenilib. Məmmədov da aprelin 13-də 3-cü yer uğrunda mübarizə aparacaq.


Elvin Mürsəliyev ilk mərhələdə alman həmkarına müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyindən Elvin aprelin 13-də təsəlliverici görüşə çıxıb. Mürsəliyev dünya və Avropa çempionu olmuş erməni Arsen Culfalakyana minimal fərqlə uduzub.


İslam Abbasov startda çətinliklə də olsa, alman rəqibinə qalib gəlib. Yığma üzvü 1/8 finalda olimpiya çempionu ilə üz-üzə gəlib. Ancaq rəqibindən çəkinməyən Abbasov Rusiya təmsilçisini də məyus edərək 1/4 finala vəsiqə qazanıb. İslam növbəti mərhələdə Ermənistanın dünya və Avropa çempionu ilə üz-üzə gəlib.


Qarşılaşmanın əvvəlindən sonuna kimi rəqibindən üstün olan Abbasov parlaq qələbə qazanaraq yarımfinala çıxan 3-cü yunan-Roma güləşçimiz olub. İslam yarımfinalda da əla güləş sərgiləyərək belaruslu rəqibinə sevinmək imkanı verməyib (report). Beləliklə, Abbasov ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb. İslam aprelin 13-də həlledici qarşılaşmada son Olimpiadanın gümüş medalçısı, dünya və Avropa çempionu Jan Belenyukla üz-üzə gələcək.


Sabah Şəriəti debütdə Çexiya pəhləvanı üzərində inamlı qələbə qazanıb. Ancaq daha sonra türkiyəli dünya çempionuna uduzub. Rza Kayaalpın finala yüksəlməsi Şəriətiyə mübarizəni aprelin 13-də təsəlliverici görüşlə davam etdirmək imkanı verib. Sabah ilk təsəlliverici görüşdə çətinlik çəkmədən xorvat güləşçini mübarizədən kənarlaşdırıb. İkinci təsəlliverici görüşdə yerli idmançıyla qarşılaşan yığma üzvü hakimlərin qərəzli idarəçiliyi fonunda xalçadan məğlub ayrılıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND