Qaz limiti artırıldı: sıfırlanma nə vaxt olacaq?

01.05.2019 17:50
312
Qaz limiti artırıldı: sıfırlanma nə vaxt olacaq?

Şuranın qərarından sonra güzəştli limitdən istifadə edən vətəndaşların sayı ümumi istehlakçıların 85 faizinə çatacaq.


Ekspress.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov Prezidentin tapşırığı ilə Tarif Şurasının qaz limitini 1700 kub metrdən 2200 kub metrədək artırmasını şərh edərkən deyib.


Limitin artırılmasının əhaliyə necə təsir edəcəyindən danışan ekspert bildirib ki, SOCAR-ın məlumatına görə, 2018-ci ildə əhali 2,96 milyard kubmetr təbii qaz istehlak edib. 2 milyon 155 min əhali istehlakçısının ötən il 1 milyon 763 minin illik istehlakı 1700 kub metrdən az olub:


“Şirkətin hesablamalarına əsasən, ötən il 392 min vətəndaşımız limitdən artıq mavi qaz istehlak edib. Bu isə o deməkdir ki, 2018-ci ildə əhalinin 70,24 faizi ildə 1700 m3-ə qədər, 29,76 faizi isə 1700 m3-dən çox qaz istehlak edib. SOCAR-in hesablamarına görə, təxminən 2 milyon abonentin illik istehlakı 2200 kub metrdən azdır. Rəsmi rəqəmlərə istinad etsək, Şuranın qərarından sonra güzəştli limitdən istifadə edən vətəndaşların sayı ümumi istehlakçıların 85 faizinə çatacaq.


Qərar bu gündən qüvvəyə mindiyi üçün güzəşt vətəndaşların limitinə əlavə olunacaq. Hətta limiti artıq istifadə edənlər də əlavə 500 kub metr güzəşt əldə edə biləcəklər. Limitlərin sıfırlanması ilin son günündə baş verəcək”.


V.Bayramov bildirib ki, birmənalı şəkildə mavi qazın qiymətinə tətbiq edilın güzəştin artırılması müsbət haldır:


“İqtisadi və Sosial İnkişaf Mərkəzinin hazırladığı hesabat da təsdiq edirdi ki, bunun üçün iqtisadi əsaslar var. Gələcəkdə qaz hasilatımızın və eləcə də daxilolmaların həcminin artmasına uyğun olaraq bu limitə yenidən baxılması və güzəştin daha da artırılmasını məqsədəuyğun hesab edirik (axar.az)”.


Xatırlıadaq ki, dünən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Tarif Şurası qaz limitini 1700 kub metrdən 2200 kub metrədək artırılması barədə qərar qəbul edib. Bu o deməkdir ki, vətəndaşlarımız il ərzində 2200 kub metrədək qazın hər kubmetr üçün 10 qəpik ödəyəcəklər.


Ekspress.az