Yaponiyada Azərbaycan diasporu

inkişaf mərhələsindədir

23.09.2018 10:02
491
Yaponiyada Azərbaycan diasporuinkişaf mərhələsindədir



Yaponiya Azərbaycan Respublikasının müstəqilliyini 28 dekabr 1991-ci ildə tanıyıb. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulması isə 1992-ci ilə təsadüf edir.


1 oktyabr 2002-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycanın Yaponiyadakı səfirliyinin təsis olunmasına dair qanun qəbul edib. 12 oktyabr 2005-ci ildə Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyi açılıb.

21 yanvar 2000-ci ildə isə Azərbaycanda Yaponiya səfirliyi təsis edilib.


Ekspertlər bildirirlər ki, ölkələrimizin inkişaf dinamikası ilə seçilən münasibətləri hazırda özünün yüksəliş dövrünü yaşayır. 1998-ci ilin fevralında böyük siyasi xadim Heydər Əliyevin Yaponiyaya səfəri zamanı iki ölkə arasında əlaqələrin inkişafına güclü təkan verilib.


2006-cı ilin martında Prezident İlham Əliyevin Yaponiyaya rəsmi səfəri isə ölkələrimiz arasında əməkdaşlıq münasibətlərində yeni səhifə açdı. Artıq Azərbaycan-Yaponiya siyasi əlaqələri ən yüksək səviyyədədir və hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir (AZƏRTAC).

Yaponiya ulu öndər Heydər Əliyevin irəli sürdüyü Böyük İpək Yolunun bərpası təşəbbüsünə fəal dəstək verib, bu məsələdə rəsmi Bakı ilə Tokionun maraqları tamamilə üst-üstə düşüb. Yeni “İpək yolu” Yaponiyadan başlayaraq, Çin və Orta Asiyadan, daha sonra isə Xəzər dənizindən və Azərbaycandan keçir. Heydər Əliyevin dediyi kimi, “Yaponiya bu yolun ən şərq nöqtəsində, Azərbaycan isə ortasındadır”.


Yaponiya Nazirlər Kabinetinin 1998-ci ilin yanvarında qəbul etdiyi Böyük İpək Yolunun Diplomatiyası fəaliyyət Proqramı da “Avrasiya diplomatiyası” strategiyasını ifadə edir. Yaponiya Azərbaycan Respublikasına İpək Yolunun üstündə yerləşən əsas ölkə kimi baxır, Azərbaycanın güclənməsi Avropa və Asiyanın bir çox ölkələrinin ümumi maraq dairəsindədir. Bununla əlaqədar Azərbaycanla iqtisadi və siyasi əlaqələrin inkişafı Yaponiyanın “Avrasiya diplomatiyasında” xüsusi yer tutur.


Ekspertlər qeyd edirlər ki, ölkə başçısı İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu xətt daha da inkişaf etdirilib, Yaponiya-Azərbaycan münasibətlərində yeni bir dönəm başlayıb. Belə ki, 2003-cü il noyabrın 24-də İlham Əliyev Yaponiyanın xarici işlər nazirinin müavini İçiro Fuçisakeni qəbul edərək Yaponiya-Azərbaycan münasibətlərinin sarsılmaz olduğunu bir daha bəyan edib (“1news.az”).


Yaponiyada Azərbaycan diasporunun fəaliyyəti 2000-ci illərə təsadüf edir və Azərbaycan türklərinin sayı azlıq təşkil edir ki, onlarda əsasən tələbələrdən ibarətdir.


Xatırladaq ki, Yaponiya Təhsil Nazirliyinin həyata keçirdiyi proqrama uyğun olaraq hər il Azərbaycana iki yer ayrılır. Eyni zamanda Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini yapon dili üzrə bitirmiş mütəxəssislər də Yaponiya şirkətlərində çalışırlar. Yaponiyadakı soydaşlarımızın sayının nisbətən məhdud olmasına baxmayaraq Azərbaycanın təbliği istiqamətində hər zaman fəallıq göstərməyə çalışır və təşkil etdiyi müxtəlif səpkili tədbirlər vasitəsilə yerli əhalinin ölkəmizi daha yaxından tanıması üçün səylər göstərirlər.


Tokioda fəaliyyət göstərən Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının rəhbəri Əlibəy Məmmədov bildirir ki, son illər Yaponiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı səfərlər, kadr mübadiləsinin artması, mədəni əlaqələrin sürətli inkişafı, eyni zamanda biznes sahəsində gözəçarpan işlərin görülməsi, Azərbaycana Yaponiyanın kiçik və orta sahibkarlarının böyük maraq göstərməsi Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının yaradılmasına təkan verən əsas amillərdəndir: “Yapon iş adamları, elm xadimləri ilə görüşlərdə də iki ölkə əlaqələrinin inkişafına dəstək məqsədilə Azərbaycan diaspor təşkilatının yaradılmasının vacibliyi dəfələrlə vurğulanıb. Yeni diaspor təşkilatını yaratmaqda əsas məqsəd Yaponiyada Azərbaycanı tanıtmaq, Azərbaycan həqiqətlərini yaymaq, tariximizi, mədəniyyətimizi təbliğ etməkdir. Yeni təşkilatın yaradılmasında dəfələrlə Azərbaycanda səfərdə olmuş yapon iş adamları - İşida Kazuyasu, Yoşinobu Kanayama, Hirokazu Taniguçi, Yoşimitsu İnamoto, Şiniçi İvaki, Rie Fucivara, Marie Kanayama, Hirotsugu Morişima və digəriləri yaxından iştirak ediblər.

Son üç ildə 400-ə yaxın yapon iş adamının Azərbaycana səfərini təşkil etmiş sahibkar, eyni zamanda “World Investors TV” internet televiziya kanalının prodüseri İşida Kazuyasu, Yaponiyada Azərbaycan diaspor təşkilatının yaradılmasını yüksək qiymətləndirərək, bu təşkilatın Yaponiyada Azərbaycanın tanıdılması istiqamətində əvəzsiz xidmətlər göstərəcəyinə inamını ifadə edib. Hər iki xalqın mədəniyyətində, adət-ənənəsində oxşar cəhətlər olduğunu qeyd edən İ.Kazuyasu məhz bu amillərin Azərbaycana yaponlar arasında sevgi və hörmət qazandırdığını deyib. Təşkilatın əhəmiyyətindən bəhs edən digər iş adamı Y.Kanayama isə bildirib ki, bir çox ölkələrdə biznes və investisiya mühitini araşdırarkən yalnız Azərbaycanda özlərini rahat hiss edibllər.

Azərbaycanlıların qonaqpərvərliyi, xaricilərə isti münasibəti onları cəlb edib və ölkəmizlə biznes, eləcə də mədəni əlaqələr qurmağa qərar veriblər. Günəş və külək enercisinə yatırımları ilə tanınan mütəxəssis H.Taniguçi yeni diaspor təşkilatının xalqlarımızı daha da yaxınlaşdıracağına, mədəni əlaqələrin inkişafı vasitəsilə, siyasi və iqtisadi əməkdaşlığın güclənməsinə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib. Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının yaponiyalı üzvlərinin sayını iki il ərzində 1000 nəfərə çatdırmağı və müntəzəm olaraq Azərbaycana dair elmi, maarifləndirici tədbirlərin keçirilməsinı planlaşdırırıq”.


Məmmədov qeyd edir ki, Yaponiyada təxminən 50 nəfərə yaxın həmyerlimiz yaşayır: “Əsas etibarilə, tələbələr, səfirlik işçiləri, yerli şirkətlərdə çalışanlar və onların ailə üzvləridir. Sözün düzü, mənim üçün azərbaycanlı anlayışı sadəcə Azərbaycan pasportuna sahib olanlarla məhdudlaşmır. İran azərbaycanlılarını mən xüsusilə qeyd etmək istərdim. Onlar bizimlə Aərbaycan dilində ünsiyyət qurur və qürur hissi ilə özlərini azərbaycanlı hesab edirlər. Hesab edirəm ki, Azərbaycan dilində danışan və özünü azərbaycanlı sayan hər kəs bizim həmvətənimizdir. Azərbaycanlıların tarixi sırf Azərbaycan Respublikası sərhədləri ilə məhdudlaşmır. Həmyerlilərimiz tarixi əsrlər boyu bütün dünyaya yayılmışdır. Bu çox vacib məqamdır və bunu unutmaq olmaz. Burada yaşayan həmvətənlərimizin münasibətlərinin qarşılıqlı anlaşma və dostluq əsasında qurulduğunu düşünürəm. Yaponiyada təhsil almaq asan deyil. Bu, sırf dil çətinliyinə görə deyil. Həm də adət-ənənə, yerli qaydaların fərqliliyi, xaricilərə olan münasibət, düşdüyün mühit, ətrafında olan insanlarla əlaqədar olaraq dəyişir. Universitetdə əsas etibarilə siyasi mövzulu kitabları ingilis və yapon dillərində oxuyuruq. İlk zamanlar çox çətin idi. Amma zaman keçdikcə, insan uyğunlaşır. Bu da yeni bir səviyyədir. Yeni bir modeldir. Amma əgər bir dəfə uğur qazana bilsən, yaponların qəlbini fəth edə bilsən, ondan sonra hər bir işdə özləri insana kömək göstərirlər. Dəstək olurlar”.


Yaponiyada 2000-ci illərdə Azərbaycan diasporunun fəaliyyət göstərdiyini, kifayət qədər uğurlar da qazandığını xatırladan Ə.Məmmədovun sözlərinə görə, amma 2010-cu ildən bu yana Yaponiyada Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı hər hansısa bir məlumata rast gəlinməyib. “Böyük bir boşluq var idi. Bu boşluğu aradan qaldırmaq məqsədilə 2012-ci ilin oktyabr ayında etibarən, Yaponiyada diaspor fəaliyyətinə start verdik. Assosasiyaya prezident seçilməyim mənim bir çox həlledici hüquqlara yiyələnməyimə gətirib çıxartdı. Bu hüquqlarımdan istifadə etməklə, Yaponiyada olan Azərbaycan diasporu fəaliyyətim keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu. Bunun nəticəsində, təşkil etdiyimiz Beynəlxalq Mədəniyyət gecələrində, Beynəlxalq Yemək festivallarında Azərbaycan adı tez-tez işlənməyə başladı. Azərbaycanla bağlı elmi konfranslar da təşkil etdik. Hər zaman məqsədim belə tədbirlərə daha çox elm adamlarının, biznesmenlərin cəlb edilməsi olmuşdur. Çünki sırf bu adamlar ölkə siyasətinin istiqamətlərinin müəyyənləşdirilməsində aparıcı rol oynayırlar”.


Ə.Məmmədov onu da qeyd edir ki, bu təklifi festivalın təşkilatçılarından olan, özündə yaponiyalı biznesmenləri cəmləşdirən “Sapporo Ohdori Lions Club” tərəfindən dəstəklənib: “2015-ci ildə Qız Qalası və qarşısında milli geyimdə olan həmvətənlərimizin qardan hazırlanmış fiqurları nümayiş etdirilib. 2016-cı ildə isə Heydər Əliyev Mərkəzi və qarşısında milli geyimli azərbaycanlıların qardan fiqurları hazırlanmışdı. 2 il ərzində yerli və xarici təxminən 5 milyon insan bu möhtəşəm festivalı izləyib. Əsas iş yerli professional şirkət tərəfindən hazırlandıqdan sonra, Sapporo ziyalıları, biznesmenlər, xarici tələbələr və məktəblilər tərəfindən son tamamlama işləri aparılıb. Burada yaponiyalı və xarici qonaqlara Azərbaycanla, onun insanları, mədəniyyəti, tarixi ilə bağlı məlumatlar verilib”.


Fəaliyyət dairəsinin daha çox paytaxt Tokioda genişləndiyini deyən Məmmədov bildirir ki, yerli internet telekanallarında canlı efirlərdə dəfələrlə iştirak edib, Konstitusiya günü, Bayraq Günü, Dirçəliş Günü, Həmrəylik Günü, 20 Yanvar hadisəsi, Xocalı soyqırımı, Dağlıq Qarabağla bağlı eyni zamanda Azərbaycan biznes mühiti mövzularında çıxışlar edib. “Azərbaycanın haqq səsi bir çox çevrələrə çatdırmışıq, erməni terrorizmini pisləmişik” (“Trend”).


Hüquq üzrə fəlsəfə doktoru Rəşad Kərimov bildirir ki, hazırda Azərbaycanda 19 Yaponiya şirkəti fəaliyyət göstərir və indiyədək ölkələrimiz arasında dövlət səviyyəsində 17 mühüm sənəd imzalanıb: “Azərbaycan Respublikasının İsmayıllı rayonu ilə Yaponiyanın İto şəhərinin qardaşlaşması haqqında 2013-cü ildə protokolun imzalanması və əməkdaşlıq əlaqələrinin regionlar üzrə də genişləndirilməsi ölkələrarası münasibətlərdəki inkişafın real göstəricilərdəndir. Bakının Xəzər rayonu ilə Yaponiyanın Kitakunşu şəhəri arasında dostluq və tərəfdaşlıq sazişinin bağlanmasına dair razılaşmanın əldə edilməsi əlaqələrin davamlı prosesə çevrildiyini təsdiq edir. Yaponiyanın təcrübəsi və dəstəyi respublikamızın humanitar problemlərinin həllində ən müasir yanaşmaların tətbiqinə, yeni texnologiyaların və ideyaların təcrübədə özünə yer almasına münbit şərait yaradır” (“1news.az”).


R.Kərimov qeyd edir ki, dil, milli mentalitet, bir sıra mədəniyyət elementləri baxımından oxşarlıqlara malik olan Azərbaycan və yapon xalqlarını ortaq maraqlarda birləşdirən amillərdən biri də hər iki xalqın Rusiyanın imperiya siyasətinin acı nəticələri ilə üz-üzə qalması, ölkə ərazisinin müəyyən hissəsini itirməsi, müxtəlif sıxışdırma üsulları ilə yerli əhalinin öz tarixi torpaqlardan çıxarılmasıdır: “Azərbaycan Rusiyanın dəstəyi ilə torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanın təcavüzkar siyasətinin yaratdığı Dağlıq Qarabağ problemindən əziyyət çəkdiyi kimi, rəsmi Tokio da Yaponiya ilə Rusiya arasındakı Yaponiyanın tarixi əraziləri olan Kuril adaları uzun illərdir ki, aradan qaldıra bilmir. Qeyd edim ki, hazırda Cənubi Qafqaz regionunda Yaponiyanın ən böyük maraq dairəsində olan dövlət məhz Azərbaycandır. Bu maraq münasibətlərin hər iki ölkə üçün qarşılıqlı faydalılığı baxımından böyük perspektivlər doğurur. Azərbaycan Yaponiyanin regiondakı etibarlı tərəfdaşıdır. Siyasi-diplomatik və iqtisadi sahələrdə getdikcə genişlənən nailiyyətlər, ölkələrimiz arasında ticarət dövriyyəsinin ildən-ilə artması bu münasibətlərin yaxın gələcəkdə daha da inkişaf etdiriləcəyindən xəbər verir”.


Rəşid RƏŞAD

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur



  • SON XƏBƏR
  • TREND