Maykl Ouen: "Bakıdakı final oyununa çoxlu ingilis fanat səfər edəcək"


25.05.2019 15:12
121
Maykl Ouen: "Bakıdakı final oyununa çoxlu ingilis fanat səfər edəcək"

"Mən daha əvvəl də Bakıda olmuşam, Azərbaycan milli komandasına qarşı çıxış etmişəm və qol vurmuşam. Bakı həmin vaxtdan bəri çox inkişaf edib, gözəlləşib və müasirləşib".


Ekspress.az xəbər verir ki, bunu Bakıda keçiriləcək Avropa Liqasının final matçı ilə əlaqədar Dənizkənarı Bulvarda Azarkeş Festivalına qatılan İngiltərə milli komandasının sabiq futbolçusu Maykl Ouen "Report"a müsahibəsində deyib.


Ötənlərin məşhur hücumçusu "Arsenal" və "Çelsi" arasında təşkil olunacaq qarşılaşmadan gözləntilərini açıqlayıb: "Hər ikisi ingilis komandasıdır. Çoxlu ingilis fanatlar bu gözəl ölkəyə səfər edəcək və xoş təəssüratlar yaşayacaqlar. Komandaların gücləri bir-birinə yaxındır, ona görə də nə isə demək çətindir. Fikrimcə, "Çelsi" bir az daha yaxşı vəziyyətdədir. Yaxşı oyun alınacaq".


Ouen Avropa Liqasının yox, vaxtilə çıxış etdiyi "Liverpul" komandasının Çempionlar Liqasında "Tottenhem"lə keçirəcəyi final matçını canlı izləyəcəyini bildirib: "Əlbəttə, sevimli komandam "Liverpul"dur. Onlar bu il də Çempionlar Liqasının finalında iştirak edəcəklər. Mən orada uzun illər çıxış etmişəm. İstəyirəm ki, finalda qalib gəlsinlər. İşlərimlə bağlı Madridə gedəcəyəm və növbəti həftə orada olacağam. Avropa Liqasının finalını isə televizordan izləyəcəyəm".


Qeyd edək ki, Maykl Ouen 2004-cü il oktyabrın 13-də Bakıda Azərbaycan və İngiltərə milliləri arasında keçirilmiş dünya çempionatının seçmə matçında yeganə qolun müəllifi olub. Avropa Liqasının final qarşılaşması mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil ediləcək.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND