"Barselona" və "Liverpul" Çempionlar Liqasında mərhələ adladı - FOTO

14.03.2019 02:20
443
"Barselona" və "Liverpul" Çempionlar Liqasında mərhələ adladı - FOTO

UEFA Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin növbəti iştirakçıları məlum olub.


Ekspress.az xəbər verir ki, 1/8 final mərhələsinin cavab qarşılaşmasında "Bavariya" evdə "Liverpul"a 1-3 hesabı ilə məğlub olaraq ÇL ilə vidalaşıb.


Qeyd edək ki, oyunda vurulan qolların hamısı "Liverpul"un oyunçularının ayağına yazılıb. Belə ki, Sadio Mane (26, 84), J.Matip (öz qapısına) (39) və Virgil van Dijk (69) fərqləniblər.


"Bavariya" - "Liverpul" - 1:3


Xatırladaq ki, bu klublar arasında ilk görüş 0-0 hesabı ilə yekunlaşmışdı.


1/8 final mərhələsinin növbəti cavab oyunu isə İspaniyada keçirilib.


Kataloniya klubu "Barselona" öz meydanında Fransa təmsilçisi "Lion"u darmadağın edib.


Darmadağının əsasını matçın 17-ci dəqiqəsində "Barsa"nın kapitanı Lionel Messi qoyub. Oyunun 31-ci dəqiqəsində Filip Koutinyo komandasının 2-ci qolunu rəqib qapısından keçirib.


Matçın ikinci hissəsində Lukas Tusart "Lion"u ümidləndirib - 2-1. Lakin buraxılan bu qoldan sonra irəli atılan "Barselona" daha üç qol vuraraq adını ÇL-nin 1/4 mərhələsinə yazdırıb. Qeyd edək ki, vurulan bu üç qolun hər birində komandanın argentinalı ulduz futbolçusu Lionel Messinin rolu olub. Belə ki, 78-ci dəqiqədə komandasının 3-cü, özünün isə 2-ci qolunu vuran Messi, 81 və 86-cı dəqiqələrdə Pike və Dembelenin vurduğu qollara asistlik edib.


"Barselona" - "Lion" - 5:1


Xatırladaq ki, "Barselona" və "Lion" arasında da keçirilən ilk görüş 0-0 hesabı ilə bitmişdi.


Beləliklə, sonuncu keçirilən bu iki oyunla UEFA ÇL-nin 1/8 final mərhələsi başa çatdı.


ÇL-nın 1/4 final mərhələsinin püşkatması martın 15-də keçiriləcək.


AQİL

  • SON XƏBƏR
  • TREND